“Gətirib Azərbaycan bayrağını bizə təqdim edə bilirlər, onda vərəsə, ailə sayılırıq…”
“İkinci Qarabağ Müharibəsində şəhid olan qardaşımın nəşi bu qəzalı evdən çıxdı. İcra başçısının birinci müavini də gəlib gördü vəziyyətimizi… Özü də etiraf etdi ki, bu şəhidin ailəsi kənddə ən kasıb ailədir. Ancaq evimizin təmir-bərpası üçün bu günəcən də qapımızı döyən olmayıb. Döydüyümüz qapılarısa üzümüzə açan yoxdur”.
Bunu Meydan TV-yə Qəbələnin Yeni Dizaxlı kənd sakini Əmrah Cəlilov deyir.
Onun qardaşı 24 yaşlı Tural Cəlilov İkinci Qarabağ Müharibəsinə könüllü gedib. Müharibənin ilk həftəsində – 2020-i il oktyabrın 6-də Suqovuşan uğrunda döyüşlərdə həlak olub. Ölümündən sonra “İgidliyə görə”, “Suqovuşanın azad edilməsi”, “Vətən uğrunda” medallarıyla təltif edilib. Qardaşı Əmrah Cəlilov deyir, Tural müharibəyə bu qəzalı, hər an başlarına uçmaq təhlükəsi olan evdən yollanıb.
“Deyirlər, vərəsə sayılmırsız, kömək edə bilmərik”
Hələ müharibəyə yollanmamışdan əvvəl Tural evin təmiri üçün müxtəlif qurumlara müraciət etsə də, evin təmir-bərpasına nail ola bilməyib:
“İşsizlik, pulsuzluq üzündən evimizi təmir etdirə bilməmişik. Tural mənim böyük qardaşım idi, ən çox da buna görə o narahat idi. Qismət elə gətirdi ki, şəhidlik zirvəsinə yüksəldi, ancaq nəşi heç vaxt rahatlıq tapmadığı, şəraitsiz evdən çıxdı. Mənim atam, anam da yoxdur. Hara müraciət ediriksə, deyirlər, şəhidin atası, anası sağ olsaydı, onlara görə hər cür köməklik göstərərdik. Deyirlər, valideynləri həyatda olmadığına görə şəhidin vərəsəsi yoxdur. Gətirib Azərbaycan bayrağını bizə təqdim edə bilirlər, onda vərəsə, ailə sayılırıq, ancaq belə anlarda deyirlər, siz heç kimsiniz”.
“Digər qardaşım da burada canıyla çəkişib öldü”
Cəlilovların dərdi böyükdür. Ailə başçıları dünyanı erkən tərk edib, üstəlik, Əmrahın daha bir qardaşı 17 yaşında xəstəlikdən vəfat edib.
“Yeniyetmə qardaşım bu nəmişlikdə canıyla çəkişə-çəkişə köçdü dünyadan. Atam, anam hərəsi bir xəstəlikdən getdi. İndi bu evdə bir körpə var, gələcəyin əsgəridir. Soyuğun, rütubətin içində böyüyür. Külək əsəndə dam örtüyü başımıza uçar deyə, evdən qaçırıq. Divarlar çatdır. İcra hakimiyyəti başçısının müavini gəldi, vəziyyətimizi gördü, təəssüfləndi, dedi, bu ailə bu kəndin ən kasıb ailəsidir, özü də anladı ki, qəzalı evi düzəltmək bizim imkanımıza görə deyil”.
Qəbələ Rayon İcra Hakimiyyətindən bildirilib ki, qarşıdan gələn qeyri-iş günləri şəhid Tural Cəlilovun ailəsinə baş çəkib problemləriylə maraqlanacaqlar.