Qalmaqalda adı hallanan şirkətin Vəli Nağıyevə məxsus olduğu bildirilir
Qəbələ rayonunda gübrə satışıyla məşğul olan Vüsal Aslanov deyir ki, işlədiyi anbardan 216 tona yaxın məhsulu hədə-qorxu ilə götürüb aparıblar. Onun sözlərinə görə, hədə-qorxu gələn üç nəfər özlərini “Sara Group”un işçiləri kimi təqdim ediblər.
4317 kisə gübrə zorla aparılıb
Vüsal Aslanov 2020-ci ilin fevralından “Buta Trading” şirkətində satış mütəxəssisi kimi işə başlayıb. Bu şirkətin Qəbələ rayonunun Soltannuxa kəndində də satış məntəqəsi var. Orada gübrə, bitki mühafizə preparatları, toxum və başqa kənd təsərrüfatı məhsulları satılır. Gübrə satışı həm nağd, həm də əhalinin vəziyyətini nəzərə alaraq, nisyə həyata keçirilib.
35 yaşlı Vüsal Aslanovun sözlərinə görə, hədə yoluyla aparılan gübrə 215 ton 850 kiloqram olub. Bu qədər “ammonium nitrat” gübrəsi 4 min 317 kisədə qablaşdırılıb.
Hadisə 2022-ci il martın 24-də “Buta Trading” MMC-nin Soltannuxa kəndindəki satış anbarında baş verib.
“Həmin şəxslər anbardar İsgəndər İsgəndərova deyiblər ki, oradakı mallar “Sara Qrup” şirkətinə məxsusdur. Mən ora çatanda da o adamlar orada idi. Mənə də dedilər ki, gübrələr “Sara Group”undur, aparacaqlar. Mən isə bildirdim ki, bu məhsullar “Buta Trading” şirkətinə aiddir. Xeyri olmadı. Bizə hədə-qorxu gəlib, satış məntəqəsində olan 4 min 317 kisə gübrəni zorla götürüb apardılar”, – şikayətçi bildirib.
“Mənim günahım yoxdur axı…”
Vüsal Aslanova başqa bir problem də yaranıb. Deyir ki, “Buta Trading” də ondan məhsullarını tələb edir:
“Hadisənin ertəsi – martın 25-də rəhbərim Eltun Allahverdiyev məndən mallarının qaytarılmasını tələb etdi. Mən “Buta Trading”in ofisinə gedib, baş verənləri ətraflı danışdım. Sonradan araşdırma zamanı məlum oldu ki, satış məntəqəsindən malları qanunsuz aparanlar “Sara Group”un əməkdaşları Sakit Sadıqov, Orxan Nağıyev və Vasif adlı şəxs olub. Yəni bu adamlar məhsulu aparıb ki, “bizim şirkətindir”. Digər tərəfdən də öz iş yerim məndən onların apardığı məhsulları tələb edir. Həqiqətən də məhsul “Buta Trading”ə aiddir. Amma onun aparılmasında mənim günahım yoxdur axı. Bir şirkətin işçiləri başqa şirkətin anbarından hədə-qorxu ilə 216 ton gübrəni götürüb aparıb”.
Vüsal Aslanov 216 tona yaxın gübrənin zorla satış məntəqəsindən aparılmasıyla əlaqədar Qəbələ rayon Polis Şöbəsinə müraciət edib.
“Onun şikayəti cinayət işinə əlavə olunub”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Vüsal Aslanovun hədə-qorxu ilə gübrələrin aparılması haqda polis şöbəsinə rəsmi qaydada şikayət etdiyini təsdiqləyiblər. Amma onun şikayəti prokurorluğa göndərilib. Səbəbi isə belə izah olunub:
“Qeyd olunan faktla bağlı prokurorluqda əvvəlcədən araşdırma aparıldığına görə şəxsin müraciəti də aidiyyəti üzrə Qəbələ Rayon Prokurorluğuna göndərildi”.
Prokurorluqdan isə bildirilib ki, “Sara Group” MMC-dən mənimsəmə halı olub. Şirkətin şikayəti əsasında araşdırmalar aparılıb və mənimsəmə faktı üzrə avqustun 16-da cinayət işi başlanıb. Bu iş üzrə araşdırmalar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılır.
“Sara Group” QSC-nin anbardarı və bir sıra başqa şəxslərin şirkətin külli miqdarda malını taladığı iddia olunur.
“Vüsal Aslanov və digər vətəndaşların sözügedən vəzifəli şəxslərin qanunsuz hərəkətləri barədə oxşar məzmunlu müraciətləri istintaqın gedişində hüquqi qiymət verilməsi üçün cinayət işinə əlavə edilib”, – prokurorluqdan bildirilib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, ölkədə gübrə satışına Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyev nəzarət edir, “Sara Group” QSC də ona məxsusdur. O, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin qardaşıdır.
Meydan TV Dövlət Miqrasiya Xidmətindən məsələyə münasibət öyrənə bilməyib. Qurumdan sualı cavablandırmaq istəməyiblər.