Qazyanlılar: Elə bil məktəb deyil, tövlədir

“Azərbaycan Respublikasında o vəziyyətdə məktəb qalmayıb”

Source:
Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb


“Azərbaycan Respublikasında o vəziyyətdə məktəb qalmayıb”

Divarları çat, döşəməsi çürük, pəncərələri cilik-cilik – bura Ucar rayonunun Qazyan kəndindəki 2 saylı tam orta məktəbdir. 200-dən artıq şagirdin təhsil aldığı məktəbə son 50 ildə bircə mismar da vurulmadığını söyləyir, valideynlər.

Hələ üstəlik, məktəb 2 növbəlidir, axşamacan içində adam olur deyirlər:

“1958-ci ildə istifadəyə verilən binadır. Hamımız orada təhsil almışıq. Hazırkı durumu çox bərbaddır. İnanın, bəlkə də Azərbaycan Respublikasında o vəziyyətdə məktəb qalmayıb, bu, sonuncudur. Kəndimizdə üç məktəb var, digərlərinin şəraiti normaldır. Ən bərbadı bizim 2 saylı məktəbimizdir. Aidiyyatı qurumlara müraciət etməkdən yorulmuşuq. Faydası yoxdur, heç gəlib baxan da olmayıb” – deyir, Nemət Mehdiyev.

Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb

Məktəbin çökəcəyindən, dağılacağından qorxuruq

N.Mehdiyevin hər iki övladı 2 saylı məktəbin şagirdləridir. Deyir, uşaqları məktəbə yola salandan sonra narahat olur:

“Məktəbin çökəcəyindən, dağılacağından qorxuruq. Baxın, elə vəziyyətdədir. Bizim uşaqlarımız qəzalı vəziyyətdə olan binada təhsil alırlar”.

Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb

Valideynlərdən Elşən Əliyev məktəbin qışda istiliyinin də olmadığını söyləyir:

“Oduna, neftə pul verməkdən birtəhər olmuşuq. Uşaqlarımızın xatirinə məcburuq, boğazımızdan kəsib, veririk. Yenə də xəstələnirlər. Qışda bütün pulumuz dava-dərmana gedir. Təhsildən yayındırmaq da olmur. Hamı istəyir ki, övladı yaxşı oxusun, yaxşı gələcəyi olsun”.

Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb

Elə bil tövlədir, tövləyə girirsən

Qəhrəman Rəhimovun da iki övladı Qazyan kəndinin 2 saylı orta məktəbində təhsil alır. Deyir, özü də pis oxumurlar, dərsləri yaxşıdır:

“Di gəl ki, bir əmması var. Məktəb bərbad durumdadır. Qışda başlarına yağış yağır. Biz də məcbur olub evdə oturduruq. O zaman da dərslərdən geri qalırlar. İçərisinə girirsən, heç cürə təhsil ocağı təəssüratı yaratmır insanda. Elə bil tövlədir, tövləyə girirsən. Hələ bizim tövlələr ondan qat-qat yaxşı vəziyyətdədir. Məktəb tökülüb, itir. Orada oxumaq təhlükəlidir. Binanın altının bütün dirəkləri şoranlaşıb, çürüyüb, tökülür. Sabah o bina uçsa, bizim övladlarımız altında qalsa, nə cavab verəcəklər?”

Yenə məktəb açılır, yenə dərdimiz başlayır

Q. Rəhimov deyir ki, qışda uşaqları məktəbə göndərə bilmir. Deyirlər, soyuqdur, donuruq:

“Pəncərəsi, qapısı qırıq-qırıq, döşəməsi çürüyüb, zirzəmisinə su yığılır, elə də pis iy gəlir ki… Bizim uşaqlarımızın aldığı təhsil deyil, göz görə-görə xəstəliyin içində nəfəs alırlar. İndiyə qədər çox məktub yazmışıq, hər yerə müraciət etmişik, baxan yoxdur. Xahiş edirik, bizim dərdimizə bir çarə tapsınlar, gəlsinlər, baxsınlar, görsünlər bizim övladlarımızın harada təhsil aldığını. De, yenə məktəb açılır, yenə dərdimiz başlayır”.

Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb

Əgər həmin şəxslər müraciət ediblərsə, biz mütləq araşdıracağıq

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən bildiriblər ki, məktəblərin təmiri bir günün içində həll edilən bir məsələ deyil:

“Deyirsiniz, müraciət ediblər. Əgər ediblərsə, əvvəlcə biz həmin müraciəti araşdıracağıq, məktəbin vəziyyəti dəyərləndiriləndən sonra Bakıya, Təhsil Nazirliyinə göndəririk. Təhsil Nazirliyi təsdiqləyir və onun müraciəti əsasında məktəbin təmiri ilə bağlı büdcədən vəsait ayrılır. Yəni əslində, proses heç də asan deyil. Əgər həmin şəxslər müraciət ediblərsə, biz mütləq araşdıracağıq”.

Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb
Qazyan kəndindəki 2 saylı tam orta məktəb

Ana səhifəBölgəQazyanlılar: Elə bil məktəb deyil, tövlədir