Qazi: “Evdə xəstə anamı qoyub getmişəm döyüşlərə, buna baxmayaraq veteranlığımı vermirlər”

İkinci Qarabağ müharibəsi iştirakçılarının bəziləri zaman-zaman Müdafiə Nazirliyinin, Nazirlər Kabinetinin qarşısında aksiyalar keçirir.  

Onlar müharibə bitməsindən 2 il keçməsinə baxmayaraq, hələ də veteranlıq və medallarını ala bilmədiklərini bildirirlər. 

Şikayətçilərin sözlərinə görə, dəfələrlə Müdafiə Nazirliyinə müraciət ediblər, lakin onlara deyiblər ki, hərbi əməliyyatlarda iştirak etməmisiniz. 

Vüsal Mikayıllı Meydan TV-yə Sumqayıt Şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi tərəfindən müharibəyə çağırıldığını deyir.  

Onun sözlərinə görə, manqa komandiri kimi müharibədə iştirak edərək döyüş tapşırıqlarını icra edib:  

“Amma bizim veteranlıq statusu hələ də həll olunmayıb. Müdafiə Nazirliyi ilə Nazirlər Kabineti bu vəzifəni bir-birinin üstünə atır. Bizim üçün isə fərqi yoxdur bu hansı qurumun səhvidir. Biz canla-başla müharibəyə getmişik, indi eyni qaydada bizim haqqımız olan veteranlıq statusunun verilməsini xahiş və tələb edirik”.  

Şahmar Allahverdiyev isə bildirir ki, 2020-ci ilin oktyabrın 5-dən könüllü olaraq döyüşlərə qatılıb:  

“Evdə xəstə anamı qoyub getmişəm döyüşlərə. Döyüşlərdə olarkən anamın ölüm xəbəri gəlib. Özüm də yaralanmışam, sənəd var əlimdə. Buna baxmayaraq, veteranlığımı vermirlər”.  

Ehtiyatda olan zabit Cahangir Kərimovun sözlərinə görə, o da dəfələrlə müraciət etməsinə baxmayaraq “müharibə veteranı” statusunu ala bilmir: 

 “Müharibədə iştirakımızla bağlı bütün sənədləri təqdim etdiyimizə baxmayaraq, bizə veteranlıq statusu verilmir. Müdafiə Nazirliyinin təklifi ilə Nazirlər Kabinetinin 261 saylı qərarında dəyişiklik edildi. Orada aktiv döyüşlər və konkret rayonları göstərildi. Müharibədə töhfəsini vermiş arxa təminat hərbi hissələrin hərbçiləri müharibə veteranı statusu ala bilmədi”.  

Müdafiə Nazirliyindən və Nazirlər Kabinetindən şərh almaq mümkün olmayıb. 

Müdafiə Nazirliyi 2022-ci ilin mayında müharibə veteranı almaq istəyən döyüşçülərdən birinin sorğusuna cavab olaraq bildirib ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib, daha 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir. Zəruri sənədlər tam hazır olduqdan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilir.  

“Müharibə veteranı” adı verilmiş şəxslər 80 manat aylıq təqaüd alır. Bundan başqa, Prezidentin bugünlərdə imzaladığı sərəncamla yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək.

Ana səhifəVideoQazi: “Evdə xəstə anamı qoyub getmişəm döyüşlərə, buna baxmayaraq veteranlığımı vermirlər”