Qazaxıstanda referendum: Nazarbayevin imtiyazları ləğv edilir

Mənbə: “vlast.kz”

O, “elbaşı” və ya “millət lideri” statusundan məhrum ediləcək

Qazaxıstanda iyunun 5-də keçirilən referendumda seçicilərin 77,18 faizi Konstitusiyaya dəyişiklikləri dəstəkləyib.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov iyunun 6-da keçirdiyi brifinqdə açıqlama yayıb.

Onun sözlərinə görə, referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı ölkənin bütün regionları üzrə səsvermədə iştirak edənlərin 77,18 faizini təşkil edib ki, bu, 6 163 863 nəfərdir. MSK sədri vətəndaşların 18,66 faizinin dəyişikliklərin əleyhinə səs verdiyini bildirib:

“Yəni 1 milyon 490 min 475 nəfər səs verib”.

Nurlan Abdirov ən çox seçici fəallığının Akmola, Aktobe, Almatı, Atırau, Qərbi Qazaxıstan, Cambıl vilayətlərində olduğunu deyib.

“Hər iki cavabın seçildiyi, yəni etibarlı sayılan, lakin səslərin hesablanması zamanı qanunla nəzərə alınmayan bülletenlərin sayı 1,58% və ya 125 859 bülleten təşkil edib. Qeyri-müəyyən formalı və ya seçicilərin iradəsini müəyyən etmək mümkün olmayan bülletenlər qanunla etibarsız sayılıb. Belə bülletenlərin sayı 2,58% və ya 206 096 bülleten təşkil edib”, – deyə Abdirov əlavə edib.

O qeyd edib ki, referendumda iştirak etmək hüququ olan vətəndaşların ümumi sayı 11 milyon 734 min 642 nəfərdir. Səsvermədə 7 milyon 986 min 293 nəfər və ya referendumda iştirak etmək hüququ olan vətəndaşların 68,06 faizi iştirak edib. Bu ilin aprelində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Konstitusiyaya dəyişikliklərlə bağlı referendumun keçirilməsi gündəmə gətirilib.

Mənbə: “vlast.kz”

Qazaxıstan əhalisi Konstitusiyanın 33 maddəsinə 56 düzəlişin lehinə səs verməyə dəvət olunub.

Dəyişikliklər Qazaxıstanın prezident respublikasından güclü parlamentli prezident respublikasına keçidini nəzərdə tutur. Həmçinin dəyişikliklər ölkənin birinci prezidenti Nursultan Nazarbayevi əksər imtiyazlardan, o cümlədən “elbaşı” və ya “millət lideri” statusundan məhrum edir.

Eyni zamanda, prezidentin qohumlarına dövlət strukturlarında rəhbər vəzifələr tutmağı qadağan edir.

Təkliflər sırasında Konstitusiya Məhkəməsinin yaradılması, insan hüquqları üzrə ombudsman statusunun möhkəmləndirilməsi və ölüm hökmünün tam qadağan edilməsi də yer alıb.

2022-ci ilin yanvarında Qazaxıstanda qazın bahalaşmasına etirazlar başlamışdı.

Hadisələr zamanı 200-dən çox insan həlak oldu. Etirazları yatırtmaq üçün Prezident Kasım-Jomart Tokayev KTMT ölkələrinin silahlı qüvvələrini dəvət etdi.

Nəticədə N.Nazarbayev Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən uzaqlaşdırdı və birinci prezidentin bir çox qohumu rəhbər vəzifələrdən məhrum edildi.

Ana səhifəDünyaQazaxıstanda referendum: Nazarbayevin imtiyazları ləğv edilir