***
1743. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nursultan Nazarbayevi vəzifəsindən uzaqlaşdıraraq, onun yerinə ölkənin Təhlükəsizlik Şurasına nəzarəti ələ aldığını bəyan edib.
Bu barədə Prezident yanvarın 5-də xalqa müraciətində bildirib.
Kasım-Jomart Tokayev etirazlar şəraitində “sərt hərəkət etmək” niyyətində olduğunu da deyib:
“Bu, öz həyatlarını və ailələrinin həyatını qorumaq üçün mənə çoxsaylı müraciətlər edən vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir”.
O, həmçinin tezliklə Qazaxıstanın siyasi transformasiyası ilə bağlı yeni təkliflərlə çıxış edəcəyinə söz verib.
***
Aksiyalarda 200-dən çox etirazçı saxlanıb, 95 polis xəsarət alıb
Qazaxıstanda etirazlar davam edir. Ölkədə etirazlar yanvarın 2-də başlayıb. Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. Səbəb təbii qazın qiymətinin qaldırılmasıdır.
Məlumata görə, etirazlar ümumilikdə ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımınadır.
Yanvarın 4-də hökumət etirazçıları yatırmaq üçün polisi səfərbər edib.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllə, səs qumbaralarından istifadə edib.
Nəticədə etirazlar daha da genişlənib və polis maşınları yandırılıb.
Paytaxt Almatı şəhər administrasiyasının rəhbəri Bakijan Saqintayev yanvarın 5-i gecə yarısı şəhərdə vəziyyəti nəzarətə aldıqlarını bildirib.
Yerli medianın yazdığına görə, 200-dən çox etirazçı saxlanıb, 95 polis əməkdaşı xəsarət alıb.
Bu gün Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev Konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefasını qəbul edib.
Baş nazirin vəzifəsi onun birinci müavini Alixan Smailova həvalə edilib.
Nazirlər Kabinetinin hazırki üzvləri yeni hökumət formalaşanadək vəzifələrini icra edəcəklər.
Prezidentin fərmanına əsasən, yanvarın 19-dək Almatı, Manqistau regionları və Janaozendə fövqəladə vəziyyət elan edilib.
Hökumət istefaya getməzdən öncə Mangistauda maye qazın bir litri üçün 50 tenge (0.11 sent) tarifini bərpa edib. Deyilənə görə, bu, bazar qiymətinin yarısından da aşağıdır.