Qazaxıstanın Prezidenti Rusiyanın “Aleksandr Nevski” ordenindən imtina edib

Foto: RBC-dən screenshot

Tokayev yerli və xarici mükafatları qəbul etməyəcəyini bildirib

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev prezident səlahiyyətlərinin sonuna qədər nə yerli, nə də xarici mükafatları qəbul etməmək qərarına gəlib.

Bu barədə “Telegram” kanallarında yayılan məlumatları “Tengrinews.kz” müxbirinə prezidentin mətbuat xidmətindən təsdiqləyiblər.

Mətbuat xidmətinin rəhbəri Yerbola Edilovun sözlərinə görə, Rusiya tərəfi Kasım-Jomart Tokayevi “Aleksandr Nevski” ordeni ilə təltif etməyi təklif edib.

“Ancaq dövlət başçısı göstərilən şərəfə görə təşəkkür edib. Çünki Tokayev səlahiyyətlərinin sonuna kimi nə yerli, nə də xarici mükafatları qəbul etməmək qərarına gəlib. Eyni səbəbdən, bu yaxınlarda Bişkekə səfəri zamanı prezident Qırğızıstanın ən yüksək ordenindən imtina etdi. Söhbət “Birinci dərəcəli Manas” ordenindən gedir”.

İyulun 17-də Prezident Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Qazaxıstanın qondarma LPR və DXR-i tanımağı planlaşdırmadığını qeyd edib və bir sıra rusiyalı deputatların yanlış bəyanatlarından şikayətlənib.

Kasım-Jomart Tokayev 2013-2019-cu illərdə Qazaxıstan Parlamenti Senatının sədri olub. O, 2019-cu ildə keçirilən növbədənkənar prezident seçkilərində 70,96 faiz səslə qalib gəlib.

Ana səhifəDünyaQazaxıstanın Prezidenti Rusiyanın “Aleksandr Nevski” ordenindən imtina edib