Qazaxıstan hadisələri: “Avtoritarizmdən əziyyət çəkən xalqlar üçün dərs olmalıdır ki…”

Qazaxıstan, Mənbə: RT

“Türkiyə biganə qalmadı, sadəcə, əlçatmaz regiondur”

“Mərkəzi Asiya ölkələrinin hər biri ayıq-sayıq olmalıdır. Heç biri də oxşar hadisələrin onlarda baş verməyəcəyini söyləyə bilməz. Ən azı Qazaxıstan presidenti var. Ona görə hökumətlər sosialyönümlü addımlar atmalı, sosial paketlər qəbul etməlidirlər. Bu kimi qorxulu ssenarilərin Özbəkistanda və digər Mərkəzi Asiya ölkələrində baş verməməsi üçün hakimiyyət orqanları adekvat davranış ortaya qoymalı, önləyici addımlar atmalıdırlar”.

Bu fikirləri deputat Elman Nəsirov Meydan TV-yə Qazaxıstan hadisələrini şərh edərkən deyib.

Elman Nəsirovun sözlərinə görə, indiki dünyada hadisələrin sürətli dinamikası o qədər yüksəkdir ki, birmənalı fikir söyləmək çətindir:

“Əgər Qazaxıstanda hadisələr MDB dövlət başçılarının Sank-Peterburq görüşündən əvvəl başlasaydı, ya prezident Tokayev, ya da sabiq dövlət başçısı ölkədən kənara çıxmazdı. Görünən odur ki, hadisələr gözlənilmədən və sürətlə baş verir. Ona görə də baş verənlərə indidən münasibət sərgiləmək, yaxud bu hadisələri təhlil etmək hələ ki tezdir. Amma rəsmi məlumatlar əsasında ilkin təhlil belə qənaət yaradır ki, sosial zəmində başlayan hadisələr sonradan mahiyyətini dəyişdi və siyasi tələblərlə müşahidə olundu. Beləliklə, bunların ardınca dövlət binalarının ələ keçirilməsi və yandırılması baş verdi”.

“Qazaxıstan dövlət başçısı Tokayev isə olayları xaricdən təhdid kimi qiymətləndirdi və xaricdə xüsusi təlim görən insanlardan istifadə edildiyini dedi. O cümlədən, onların terrorçu olduğunu açıqladı. Təbii ki, hadisələr ölkənin daxili işidirsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz, bunun üçün hüquqi əsas olmur. Lakin xarici təhdid və beynəlxalq terror əməlindən söhbət getdikdə, bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinin 4-cü bəndinin işə salması mümkün olur və bu, hərbi yardımı özündə ehtiva edir”, deyə o bildirib.

Türkiyənin hadisələrə biganə yanaşması fikrini qəbul etməyən deputat vurğulayıb ki, rəsmi Ankara Türkdilli Dövlətlər Təşkilatı səviyyəsində mövqeyini ifadə edib:

Elman Nəsirov
Elman Nəsirov, Foto: Azərtac

“Bilirsiniz, bu məsələlərdə zamana ehtiyac var, indidən birmənalı qiymət vermək çox çətindir. Belə yanaşmalar var ki, Tokayev düzgün addım atıb, əks halda Qazaxıstanın konstitusion quruluşu və dövlət sual altına düşərdi”.

“Başqa bir ekspertlər qrupu isə düşünür ki, indiki qərarlar Tokayevə gələcəkdə “başağırısı” olacaq. Eyni zamanda, qazax xalqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin əhalisi arasında gərginlik və hətta düşmənçilik yaranacağını deyənlər də var. Mənim qənaətim odur ki, tələsik qiymətləndirmə aparmaq doğru deyil, zaman hər şeyi yerinə qoyacaq”, – Nəsirov belə deyib.

İnsan haqlarının müdafiəçisi Anar Məmmədli isə hesab edir ki, Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv ölkələrinin Qazaxıstana sülhməramlı missiya adı ilə müdaxiləsi beynəlxalq münasibətlər sistemi üçün xarakterik olmayan yeni president yaradıb.

O bildirib ki, SSRİ dağılandan sonra beynəlxalq münasibətlərdə suveren hüquqların bu cür pozulması yaşanmamışdı:

“Əlbəttə, Qazaxıstan hadisələrində suverenliyin pozulması halları danılmazdır. Çünki heç bir xarici təcavüz olmadığı halda bir ölkə ərazisinə sülhməramlı kontingent adı altında xarici hərbi qüvvələrin daxil olması var. Bu hərbi qüvvələr hökumət qüvvələriylə birgə etirazların yatırılmasında iştirak edirlər”.

Onun sözlərinə görə, Suriyada yaranmış vəziyyət Qazaxıstanda müəyyən oxşarlıqla təkrarlanır:

“Suriyada müxalifət və başqa qüvvələr silahlanmışdılar və ölkə vətəndaş müharibəsinin içindəydi. O zaman Bəşər Əsəd Rusiyanın köməyindən istifadə etməyə başladı. Sadəcə, iki ölkə arasında fərq ondadır ki, Qazaxıstanda etirazlar dinc məcrada gedirdi, yalnız bir neçə şəhərdə iğtişaşlar başlamışdı, qarətlər vardı. Amma bütün bunların qarşısı dinc yolla alına bilərdi, yəni bütün imkanların məhdudlaşdırıldığını düşünmürəm. Əgər hökumət ritorikasına əl gəzdirsəydi, insanları terrorçu, quldur adlandırmaqdan çəkinsəydi, problemin daha çox dinc şəkildə həll olunması, insanların dinlənməsi üçün müxtəlif platformalardan istifadə etsəydi, aksiyalar sakit şəkildə davam edərdi. Nəticədə böhran aradan qalxardı. Amma bunların əvəzinə zor xətti əsas götürüldü və getdikcə, şiddətli şəkil aldı. Artıq 164 nəfərin öldüyü barədə rəsmi məlumat var”, – Məmmədli belə deyib.

Anar Məmmədli bütün bu proseslərin fonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanın daxili işinə müdaxiləsini təcavüz kimi qiymətləndirir:

Anar Məmmədli
Anar Məmmədli, Foto: Meydan TV

“Amma bu təcavüzdə ölkənin siyasi rəhbərliyi də iştirak edib. Belə olanda istər-istəməz müəyyən suallar yaranır ki, dövlət rəhbərliyi bu təcavüzə icazə verib?! Məsələ ondadır ki, suverenlik anlayışı ənənəvi baxış bucağından kənarlaşmalıdır və bizim bu anlayışa ənənəvi baxışımız dəyişməlidir. Aydın olmalıdır ki, xalqından mandat almayanlar, onun siyasi iştirakını pozanlar, yəni seçkili yolla hakimiyyətə gəlməyən siyasi qüvvələr suverenlik üçün ciddi təhlükədir. Bax, bu, yeni suverenlik ortaya çıxartdı”.

“Avtoritarizmdən əziyyət çəkən xalqlar üçün dərs olmalıdır ki, onların ölkələrini idarə edən siyasi liderlər konstitusiyaya riayət etmirlərsə, hakimiyyəti qəsb edirlərsə, istənilən xarici təcavüzkarla dil tapıb ölkənin maraqlarını bu cür şəkildə poza bilərlər. Bu baxımdan baş verənlər təcavüzdür və bir sıra hüquq və azadlıqların pozulmasıyla müşahidə olunan bir prosesdir. Tarix üçün belə olaylar çox olub, amma müasir dövrdə, xüsusən də son 30 ildə yeni bir olay idi. Çox təəssüf ki, bu faciədə ən çox əziyyət çəkən qazax xalqı oldu”, – Anar Məmmədli belə deyir.

O da Türkiyənin hadisələrə biganə yanaşması ilə bağlı deyilən fikirlərlə razılaşmır: “Türkiyənin Orta Asiyada təsir imkanları zəifdir və Ankaranın Moskvayla bir müttəfiqliyi də var:

“Bir çox məsələdə Türkiyə ilə Rusiya hesablaşır. Ümumən nə qədər Türkiyəni avtoritar lider idarə etsə də, bu ölkə fərqli siyasi sistemə malikdir. Türkiyə ilə türkdilli postsovet ölkələrini müqayisə etmək çətindir. Birinci, çox ciddi sistem fərqi var, Türkiyədə hakimiyyətə seçkilər yoluyla gəlməyə məhkumsan, medianı nə qədər boğsalar da, mediayla hesablaşmağa məcbursan, ictimai rəyi nəzərə almalısan, nəhayət, çoxpartiyalı sistemi qorumalısan”.

“Postsovet məkanındakı türkdilli respublikalarda isə bu sistemlərin heç biri yoxdur. Ona görə Türkiyə bu ölkələrin elitaları üçün yad olaraq qalır. Yəni bu ölkələrin Türkiyə ilə əməkdaşlığı bir xəttə qədərdir. Bu ölkələrə siyasi idarəçilik və hakimiyyətlərini qorumaq məsələsində Putin Rusiyası daha yaxındır, nəinki Türkiyə. Çünki siyasi idarəetmələri çox fərqlidir. Bu baxımdan Türkiyə biganə qalmadı, sadəcə, əlçatmaz regiondur və müdaxilə imkanları məhduddur. Ən yaxşı halda Ankara dialoq təşəbbüsündə iştirak edə bilərdi. Amma hökumətin özü dialoqda maraqlı deyildi və aqressiv mövqe sərgiləyirdi. Əgər hökumət sülhlə məsələləri çözmək xəttini götürsəydi, o zaman Türkiyə səfirliyi, yaxud hansısa nümayəndəsi prosesdə vasitəçilik rolunu oynaya bilərdi. Ancaq Tokayev rejimi bu mühiti yaratmadı”, – Anar Məmmədli bildirib.

Qazaxıstanda yanvarın 2-də sosial tələblərlə başlanan etirazlarda bugünə olan məlumata görə 164 nəfər ölüb.

Prezident Kasım-Jomart Tokayev düşünür ki, ölkəsindəki kütləvi etirazları xarici qüvvələr alovlandırıb.

O, çıxışında bu hadisələri törədən “20 min quldur”u məhv edəcəyini söyləyib. Prezident onları xaricdə təlim keçmiş “terrorçu” dəstələr adlandırıb.

Bu səbəbdən yanvarın 6-da prezident Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. Bundan sonra təxminən 2500-ə yaxın, əksəriyyəti Rusiya hərbçilərindən ibarət qüvvə Qazaxıstana göndərilib.

Ana səhifəSiyasətQazaxıstan hadisələri: “Avtoritarizmdən əziyyət çəkən xalqlar üçün dərs olmalıdır ki…”