Qərar Rusiyaya uçuşların davam edən risk qiymətləndirilməsi aparılandan sonra verilib
Qazaxıstanın “Qazaq Air” aviaşirkəti Astanadan Yekaterinburqa uçuşları 2025-ci il yanvarın 27-dək dayandırıb.
Bildirilir ki, qərar Rusiyaya uçuşların davam edən risk qiymətləndirilməsi aparılandan sonra verilib.
Uçuşların bərpası risklərin yenidən qiymətləndirilməsindən sonra mümkündür.
“Qazaq Air” Omsk və Novosibirskə uçuşları davam etdirəcək.
Bildirilir ki, bu şəhərlərdə mümkün təhlükə yoxdur.
Dekabrın 26-da İsrailin milli aviadaşıyıcı şirkəti “El Al” da Rusiyaya uçuşları dayandırıb.
Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkətlər Rusiyaya uçuşları dayandırmağa başlayıb.
Göyərtəsində 67 nəfərin olduğu təyyarə Bakıdan Qroznıya uçurdu.
Qazaxıstanda qəzaya uğrayan təyyarədə 38 nəfər həlak olub.
“Euronews” və “Reuters” Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verib ki, qəzaya Rusiya raketi səbəb olub.
Nəşrlər yazırlar ki, raket Qroznı üzərində “dron hava fəaliyyəti” zamanı Bakıdan Qroznıya uçan təyyarəyə atılıb. Raket təyyarənin yaxınlığında partlayaraq onu zədələyib.
“Euronews”un mənbələrinin məlumatına görə, zədələnmiş təyyarənin ekipajı təcili eniş tələb edib, lakin Rusiyanın heç bir hava limanında enişinə icazə verilməyib, bundan sonra onlara Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq əmri verilib.
Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, Rusiya qəzaya görə üzr istəməlidir.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Kreml Bakının “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasına görə Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatlarından xəbərdardır, lakin hadisənin səbəbləri araşdırılana qədər qiymətləndirmək hüququ yoxdur.