Hadisə nəticəsində 40 yaşlı Elnur Paşayev bədənin müxtəlif nahiyələrində xəsarət alıb
Aprelin 28-də Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina hadisəsinin baș verdiyi bildirilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, agentliyin əməkdaşı Elnur Oruc oğlu Paşayev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində 40 yaşlı Elnur Paşayev bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
O, rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətinin qənaətbəxş olduğu, həyati təhlükəsinin olmadığı bildirilir.
Qazaxın 30 il Ermənitanın nəzarətində olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri 2024-cü il mayın 24-də Azərbaycana qaytarılıb.
Bu razılaşma Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında həyata keçirilib.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun 4 kəndinin – Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib.
Həmin kəndlərin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.