Mingəçevirdə qaz sayğacına darışan qarışqalara görə sakinlərə 699 manat cərimə yazılıb
Noyabrın 27-də Mingəçevir şəhəri, Naxçıvan küçəsindəki 42, Y.Mənsurov küçəsindəki 9, 11, 13 və 15 saylı binaların sakinlərinin istifadəsində olan mağara mavi yanacağın verilişi dayandırılıb. Bu da sakinlərin narazılığına səbəb olub. Sakinlər deyir, bu mağarda illərdir ki, insanlar xeyir-şər məclislərini yola verirlər. Ancaq ikinci dəfədir ki, yerli qaz idarəsinin işçiləri qaz verilişini dayandırır, qaz sayğacını çıxarıb aparırlar.
Namaz Ruşanov 42 saylı binada yaşayır. Mağara rəsmən cavabdehlik daşıyan şəxs olaraq “Azəriqaz” tərəfindən məktublar da onun adına göndərilir:
“İllər əvvəl sakinlərin öz gücünə tikilmiş mağardır. Bu məhəllədə 235 ailə yaşayır. Elə gün yoxdur ki, binaların arasındakı bu mağardan istifadə olunmasın. Ötən il qaz idarəsinin işçiləri əsəblərimizlə oynadılar. Dedilər, sayğacdakı hesablama mexanizminə qarışqa dolub, açıb sayğacı apardılar. Dedilər, dövlət hesabına yenisi quraşdırılacaq. Sonra da gəlib dedilər, təzə sayğac qoyulmalıdır. Onun da pulunu sakinlərdən tələb etdilər”.
Yeni sayğacın pulunu bizdən aldılar, üstəlik, cəriməylə də yüklədilər
Sakinlər təxminən 95 manata yaxın pul toplayıb verəndən sonra mağarda yeni sayğac quraşdırılıb. Ancaq az sonra onlara məktub gəlib ki, köhnə sayğac laboratoriyada araşdırılıb və hesablama mexanizminə şirə töküldüyü aşkar edilib. Sakin Gözəl Kazımova (şəhid anası) danışır:
“Buna görə də sakinlərə 699 manat cərimə yükləyiblər. SOCAR-a dəfələrlə məktub yazıb göndərdik, cavab gəlmədi, prezidentə yazdıq, sonra məlum oldu ki, Prezident Administrasiyası da məktubumuzu “Azəriqaz”a göndərib. Bir sözlə, ərizə yenə dolanıb Mingəçevirə gəlib çıxdı. Buradakı qaz idarəsi daş atıb, başını tutdu ki, cərimə ödənməlidir”.
Cərimə ödənilməyib və…
Sakinlər tələb olunan cəriməni ödəməkdən imtina ediblər. Onlar hesab ediblər ki, qaz idarəsinin nəzarətçiləri sayğacları nəzarətdə saxlamalı, sayğacların hər hansı hissəsində, hər hansı səbəbdən problem yarandıqda dərhal aradan qaldırmalıdılar ki, problem böyüməsin. Qaz idarəsi isə hesab edib ki, yazılan cərimə sakinlər tərəfindən mütləq ödənilməlidir. Bu səbəbdən də mağara qazın verilişi noyabrın 27-də növbəti dəfə dayandırılıb. Bu da məhəllədəki binaların sakinlərini qəzəbləndirib. Mağarın ətrafına toplaşan sakinlər qaz xəttinin birləşdirilməsini və maye qazın verilişinin bərpasını tələb ediblər. Sakin Nüsrət Cəfərov deyir, ötən il çıxarılan sayğacın yerinə quraşdırılmış yenisinin də hesablama mexanizminə hazırda qarışqa dolub:
“İş orasındadır ki, yeni sayğaca da qarışqa darışıb. Yəqin ki, yaxın aylarda qaz idarəsinin işçiləri yenə eyni bəhanəylə sayğacı çıxarıb aparacaqlar, sonra növbəti dəfə bizdən sayğacın yenisi ilə əvəzlənməsi üçün pul alacaqlar, ardınca da “Azəriqaz” üstümüzə yekə bir məktub göndərəcək ki, bu sayğacın da hesablama mexanizmində şirə aşkar edilib və bu da növbəti cəriməniz… Bir sözlə, qaz idarələri xalqı soymağın yeni üsulunu tapıb”.
Təzə sayğac da qarışqayla doludur
Sakin Elxan Rəşidov deyir, gözü qorxan sakinlər bu dəfəki sayğacın hesablama mexanizmində qarışqa görən kimi “Azəriqaz”ın qəza xidmətinə zəng vuraraq məlumat veriblər:
“Hələ ilin əvvəlində cərimə ilə bağlı qaz idarəsinə gedəndə, orda işləyən vəzifəlilərdən biri deyirdi ki, şəhərdə 6 belə sayğac aşkarlanıb. Hələ də aşkarlanmaqdadır. Dedi, biz də bilirik ki, səbəb insanların müdaxiləsi deyil. Əsas səbəb, sayğacın fırlanma mexanizminə zavod tərəfindən sürtülmüş keyfiyyətsiz yağdır. Ancaq qərarı biz yox, laboratoriya verdiyindən heç bir kömək edə bilmirik. Əlavə nə isə dedikdə isə işdən çıxarmaqla hədələyirlər. Özü etiraf edirdi ki, mənə deyirlər, sənə ayda 1500 manat maaş veririk ki, çıxarılmış qərarları icra edəsən. İndi bu təzə sayğaca darışan qarışqalara görə zəng vururuq qəza xidmətinə, deyirlər, biz neyləyə bilərik? Gəlib sayğacdan qarışqa qovası deyilik ki… Dedik, axı, sabah yenə cəriməsini bizə yükləyəcəksiz. Bu başdan xəbərdarlıq edirik ki, tədbir görəsiz. Gəlmədilər… Ancaq cəriməyə görə gəlib qazı kəsib getməyi yaxşı bilirlər”.
İdarədən: “Sayğaca şirə tökülüb”
Tərtər Regional Qaz-İstismar İdarəsinin Mingəçevir Xidmət Sahəsindən bildirilib ki, Təbriz küçəsi, 42 saylı binaya məxsus mağara quraşdırılmış qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənib və dövlət yoxlamasına göndərilib. Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsində yoxlamadan keçirilib. Sayğacın hesablama mexanizminə qarışqa dolması səbəbindən sayğacın istifadəyə yararsız vəziyyətə düşməsi müəyyən edilib. Quraşdırılmış yeni sayğacın dəyəri sakinlər tərəfindən ödənilib. Ancaq dəfələrlə xəbərdarlıqlara baxmayaraq, sakinlər 669 manat civarında cəriməni ödəmək istəmir. İdarə iddia edir ki, sayğacın daxili qapağına kənardan şirə tökülüb, hesablama mexanizminə də qarışqa bu səbəbdən darışıb və sayğac xarab olub.
Hüquqşünas Vaqif Alıyev deyir, əgər sayğaca istifadəçi tərədindən müdaxilə aşkar olunmayıbsa, cərimələnməsi qanunsuzdur: “Sayğacı quraşdıran idarənin texniki nəzarətçiləri var, hansı ki, sayğacları daim nəzarətdə saxlamalı olduqlarına görə maaş alırlar. Məsuliyyət də onların üzərindədir. Sakinlər məhkəməyə müraciət etməlidilər. Əgər sayğaca müdaxilə olubsa, bu müdaxilə hansı şəraitdə aşkar edilib, necə sübuta yetirilib, necə aktlaşdırılıb? Sakinlər bunu tələb etməlidilər”.