Xərçəng xəstəliyindən əziyyət çəkən qadın Azərbaycandakı həkimlərə inanmadığını deyir
Lənkəran sakini Mehriban Ağayeva xəstəlikdən də yorulub, müalicəyə pul xərcləməkdən də. Onun ölkədə dərdinə dərman tapacağına ümidi qalmayıb. Deyir, xərcləməyə pulu da yoxdur…
“Həkimlər həqiqəti demirdi”
Mehriban Ağayeva 2017-ci ilin yayında uşaqlıq boynu xərçənginə tutulub. Qadını narazı salan odur ki, keçən ilin əvvəlinə qədər həkimlər həqiqəti deməyib. Qanaxmalar başlayan kimi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gedib. Qaşıma ilə təmizlənmə məsləhət görülüb. Mehriban xanım onda 1000 manata qədər xərc çəkdiyini deyir.
“Məni orada elə vəziyyətə qoydular ki… Ölüb-dirildim. 48 yaşına qədər adicə təzyiqim də olmayıb. Birdən-birə pis günə düşdüm. Amma Milli Onkologiya Mərkəzindən gələn cavabda xərçəng yazılmamışdı. Qanaxma isə dayanmırdı. Bakıya gəlib 6-7 ay müalicə olundum. Keçən ilin fevralında Milli Onkologiya Mərkəzində iki həftə yatandan sonra xərçəng diaqnozu qoydular. İnanmadıq. Çünki əvvəlki cavab da burdan gəlmişdi. Bu müddətdə heç nə dəyişməmişdi”, – Mehriban Ağayeva danışır.
Qadın düşünür ki, xəstəlik haqda dərhal bilsəydilər, hər hansı şəkildə müdaxilə olunardı, əməliyyat həyata keçirilərdi. İnamsızlıq yarandığından İrana üz tutublar. Qadın 25-26 gün Tehranda qalmalı olub. Özəl xəstəxanada 1500 manata qədər xərcləyiblər. Orada hətta xalq təbabətinə də müraciət ediblər.
“O həkimin öz proqramı vardı. Sonradan bizə dərmanlar göndərirdi. Bitki, bal, duz – müxtəlif şeylərdən istifadə eləyirdi. İki ayyarım müalicə eləməyə çalışdıq. Sonra gördük ki, xeyri yoxdu. Yenidən Milli Onkologiya Mərkəzinə qayıtdıq. Dedilər, niyə şüa eləməmisiniz? Dörd dəfə kimyaterapiya elədik. Üçüncü dəfədə dedilər ki, 30 faiz yaxşılaşma var. Amma sonra yenə xəstəlik gücləndi”, – Mehriban xanım bunları təəssüflə xatırlayır.
“Qan almağa 50-60 manatımız olmurdu”
Mehriban Ağayevanın iki oğlu Bakıda kirayədə qalır, ananın müalicəsinə zaman və güc sərf edir. Yeganə qızı Ramilə Əsgərova həm Lənkəranda uşaqlarının, həm də anasının qayğısına qalmalı olur. Ramilə deyir ki, üç övladın birlikdə qazandığı 1000-1200 manat müalicəyə yetmir. Mehriban xanıma ikinci qrup əlil kimi cəmi 130 manat verilir. Deyir, qohumların köməyi olmasaydı, heç bir addım ata bilməzdilər.
“Bizim hətta qan almağa 50-60 manatımız olmurdu. Qardaşlarım həmişə qanvermə aksiyalarında iştirak eləyiblər. Amma sonradan həmin yerlərə müraciət eləyəndə bizə bir qram pulsuz qan vermədilər”, – Ramilə Əskərova deyir.
Ramilə iki ildən çoxdur çəkdikləri əziyyətdən danışır. Həm maddi, həm də fiziki baxımdan tükəniblər: “Anam ağrıyırsa, yata bilmirsə, deməli, biz də rahat ola bilmərik. Daxili orqanları tamamilə sıradan çıxıb. Mən xərclərdən heç danışmıram. 850 manata dərman aldığımız vaxt olub”.
“Mübariz Mənsimovu axtarıram”
Mehriban Ağayeva hesab edir ki, onlara boşuna pul xərclətdirirlər. Çünki müalicə kursları effekt vermir, əksinə, gündən-günə geriləyir.
“Hissə-hissə xərcləyirsən, sonra məlum olur ki, çox böyük pullar gedib. Bunun müalicəsi varsa, xəstə əvvəldən bilməlidir, maliyyə gücünü hesablamalıdır. Bu xəstəliyin müalicəsi yoxdusa, onda yuxarıda oturanlar niyə dərhal xaricə qaçırlar? Deməli, müalicəsi var. Milli Onkologiya Mərkəzində neçə dəfə mübahisə zamanı soruşmuşam ki, burada sağalan bir nəfəri göstərə bilərsizmi?”, – Lənkəran sakini yada salır.
Mehriban xanım kimyaterapiya prosesini ürək yanğısı ilə xatırlayır. Çünki ona çox əziyyət verir. “İnsanlıqdan çıxırsan”, – deyir. Axırıncı dəfə həkimdən eşidib ki, bədəni götürəcəyi qədər kimyaterapiya olmalıdır: “Yəni demək istəyir ki, həyat bitənə qədər. Bu sözdən sonra daha getmədim ora…”
Mehriban Ağayeva müalicəni tamamilə dayandırıb. İndi yalnız ağrıkəsicilərlə keçinir: “Mərkəzi Klinik Xəstəxanadan bir dərman məsləhət görüblər. Bir seans 4400 manata başa gəlməlidir. Üç dəfə qəbul eləməliyəm. Amma heç bir zəmanət vermirlər”.
Qadının müraciət etmədiyi yer qalmayıb. Səhiyyə Nazirliyinə məktubda Türkiyəyə göndərilməsini istəyib. Məktubu Milli Onkologiya Mərkəzinə yönəldiblər. Orada isə yalnız pulsuz müayinə söz veriblər.
“Qohumlar qınayır ki, gərək ilk mərhələdə şüa verdirərdiniz. Amma onda kimə inanacağımızı bilmirdik. Ümumiyyətlə, Azərbaycanda sağalmağa inamım qalmayıb. Məni Türkiyəyə göndərsinlər”, – qadın danışır.
Mehriban xanım sağalmağa inamını itirmir, kömək üçün iş adamı Mübariz Mənsimovu axtarır.