“Qardaşımı öldürənlər polislə birləşib məni şərləyirlər”

Fotolar: Meydan TV

Babək Ələkbərov deyir ki, ondan şikayətini geri götürməyi tələb edirlər

“Qardaşımı Türkiyədə qətlə yetirənlər, məni Azərbaycanda polisin əli ilə onlara qarşı olan şikayətimi geri götürməyə məcbur ediblər. Şikayətimi geri götürmədiyimə görə məni narkotik ittihamı ilə şərləyiblər”.

Bunu Meydan TV-yə Beyləqanın Şitilçilik qəsəbə sakini Babək Akif oğlu Ələkbərov deyir.

“Qardaşım Ceyhun Ələkbərov – Ceyhun Beyləqanski kimi tanınırdı. 2022-ci ilin sentyabrında İstanbulda idman zalında məşq edərkən iki nəfər tərəfindən güllələnərək öldürülüb. Onu öldürənlərdən biri Rusiya vətəndaşı, digəri isə “Zyoma Masallinski” kimi tanınan Zeynal adlı kriminal avtoritetdir. Onlar hər ikisi hadisədən sonra həbs olunublar. Türkiyədə haqlarında cinayət işi açılıb”, – o belə deyib.

Ceyhun Ələkbərov

Babək Ələkbərov deyir ki, 2023-cü il martın 28-də Suraxanda yerləşən idman zalında məşq etdiyi vaxt Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları gəlib onu şöbəyə aparıblar:

“Kriminal aləmin üzvləri polisin əli ilə mənə hədə-qorxu gələrək şikayətimizi geri götürməyimizi istəyirlər. Polis şöbəsində mənə dedilər ki, şikayəti geri çək, yoxsa səni narkotika istifadəçisi kimi həbsə atacağıq. Mən də bütün təzyiqlərə baxmayaraq, razılaşmadım. Mənə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işi açdılar. 2023-cü il martın 30-da Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəmdə 4 ay müddətində “ev dustaqlığı” qərarı verilib”.

“Məni şərləyiblər. Cinayət işi prosedurunda məni gecə saat 1-də Ramanı ərazisində tutduqlarını qeyd ediblər. Halbuki hal şahidlərim var. Zalın kamera görüntülərində də polislərin məni zala gələrək apardıqlarını təsdiq edən görüntülər var. Bu, mənim qardaşımın sifarişli qətlinin davamıdır”, – şikayətçi bildirib.

İddaçının sözlərinə görə, qardaşının qətli ilə əlaqədar istintaq işi yekunlaşmaq üzrədir:

“Hadisəni törədənlər ifadələrində bildiriblər ki, guya qardaşım onları təhqir edib, söyüş söyüb. Onların cinayət işi yekunlaşmaq üzrədir. Məhkəmələri olmalıdır. Ona görə də mənə artıq burada təzyiqlər olunur. Azərbaycanda dərc olunan xəbərlərdə yazıblar ki, qardaşım kriminal avtoritet olub. Xeyr, bu, həqiqət deyil. Qardaşım idmançı olduğu üçün hər kateqoriyadan insanlarla tanışlıq, yaxınlıq, dostluq münasibətləri vardı.
Şikayət geri çəkilsə, qatillərin həbs müddəti azaldılacaq. Orada da həbcxanadan çıxma ehtimalları asanlaşır”.

“Mən öldürülən qardaşımın bir azyaşlı övladına baxıram. Uşaq autizm xəstəsidir. Özümün də üç azyaşlı övladım var.  Özüm sərbəst güləş üzrə idman ustasıyam. Yığma komandanın üzvü olmuşam. Xahiş edirəm ki, mənim üzərimdə olan bu qara ləkə götürülsün”, – deyə o qeyd edib.

Şikayətçi bildirir ki, heç vaxt narkotik istifadəçisi olmayıb:

“Mənə qarşı narkotik istifadəçisi ittihamı irəli sürüləndə könüllü gedib, müayinədən keçdim. Sonra onlar rəsmi göndərdi. Qanım tərtəmiz çıxdı. Polisin içərisindəki bu cinayətkar qruplaşma üzə çıxmasını istəyirəm. Mənə maraqlıdır, polislə cinayət aləminin əlaqəsi hardandır? Mənim barəmdə də qaldırılan cinayət işinə xitam versinlər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məsələ ilə əlaqədar Meydan TV-nin sorğusunu cavablandırıb:

“İddialar əsassızdır, həqiqəti əks etdirmir. Babək Ələkbərov barəsində Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə cinayət işi açılıb. Babək Ələkbərov qətimkan şərtlərini pozduğuna görə onun barəsində hazırda axtarış elan olunub. Sabunçu RPİ-də istintaq araşdırmaları davam etdirilir”, – deyə qurumun sözçüsü bildirib.

Ana səhifəUncategorized @az“Qardaşımı öldürənlər polislə birləşib məni şərləyirlər”