“Qardaşıma bir şey olsa, birbaşa İlham Əliyev günahkar olacaq”

Vəkil Bəhruz Bayramov 6 gündür aclıq aksiyası keçirən müvəkkili Saleh Rüstəmovu bu fikrindən daşındırmağa gedir. Amma ümidi yoxdur ki, o aclığı dayandıracaq.
Rusiya vətəndaşı olan Saleh Rüstəmov 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 3 ay azadlıqdan məhrum edilib. O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda ittiham edilib. Saleh Rüstəmov Rusiyada leqal işlədiyini, AXCP-nin həbsdə olan üzvlərinə ərzaq almaq və hüquqi yardım göstərmək üçün 3 il ərzində partiyaya cəmi 6-7 min manat pul göndərdiyini bildirib. İttiham aktında bu məbləğin 700 min manat olduğu qeyd edilib. Ali Məhkəmə Saleh Rüstəmovun həbs müddətini cəmi 2 ay azaldıb.
Saleh Rüstəmov 6 noyabrda azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb. Növbəti gün o Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Saleh Rüstəmov bildirib ki, müddətsiz aclıq aksiyası keçirir və aksiyanın 10-cu günündən quru aclığa başlayacaq. 8 noyabrda onu Müalicə Müəssisəsinin cəza kamerasına salıblar.
Saleh Rüstəmovun bacısı Yeganə Rüstəmova deyir ki, qardaşının mədəlatı vəzində problem var və aclıq zamanı onun vəziyyətinin daha da pisləşəcəyindən narahatdır. O deyir ki, qardaşı ilə sonuncu görüşündə o halsız olduğunu, baş gicəllənməsindən əziyyət çəkdiyini deyib. Bacısı onu aclığı dayandırması üçün dilə tutmağa çalışsa da, o buna razı olmayıb.  
Yeganə Rüstəmova bildirir ki, qardaşı ilə bağlı baş verə biləcək bütün pis hallara görə məsuliyyəti ölkə başçısı İlham Əliyev daşıyacaq.
Saleh Rüstəmovla görüşdən çıxan Bəhruz Bayramov deyir ki, o aclığını davam etdirməkdə israrlı olduğunu deyib. 
Saleh Rüstəmov Xalq Cəbhəsinin hakimiyyəti dövründə, 1992-1993-cü illərdə Gədəbəy rayonunun icra başçısı olub. 1-ci Qarabağ müharibəsi dövründə regionda Müdafiə Komitəsinə, “Başkənd” əməliyyatına rəhbərlik edib. O, oğlunun müalicəsi ilə bağlı 1996-cı ildə Rusiyaya köçməyə məcbur qalıb.

Ana səhifəVideo“Qardaşıma bir şey olsa, birbaşa İlham Əliyev günahkar olacaq”