Qardaşı: Fəxrəddin Abbasov ailəsi ilə əlaqə saxlaya bilmir

“Vəkil bildirir ki, karantin rejiminə görə gedə bilmir”.

Source: Meydan Tv


“Bizimlə danışmaq imkanı yaradılsın, rahat olaq”

2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilən və dövlətə xəyanət ittihamıyla həbs olunan

Fəxrəddin Abbasov

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılırdı. Qardaşı Araz Abbasovun Meydan TV-yə bildirdiyinə görə, martın əvvəlində o, Bakı İstintaq Təcridxanasına köçürülüb. Amma ailəsinə bu haqda məlumat verilməyib.

“Axırıncı dəfə martın birinci ongünlüyündə danışmışıq. Köçürülməsindən Beynəlxalq Qırmızı Xaş Komitəsi vasitəsilə xəbər tutduq. Bizim özümüzə heç nə deməmişdilər. Ondan sonra Kürdəxanıya (Bakı İstintaq Təcridxanasını nəzərdə tutur) getdim. Dedilər ki, karantin rejiminə görə dustaqlarla görüş yoxdur. Amma siqaret və hesaba pul qoymaq olurdu. Dəqiqləşdirmək istəyirdim ki, doğrudan da oradadırmı. Kim idisə bilmədim, amma dedilər ki, vəzifəli şəxsdir, qapıdan onunla telefonla danışmağa imkan yaratdılar. O şəxs əmin elədi ki, oradadır. Üstəlik, onu da dedi ki, gedin evə, sabah mütləq zəng edəcək. Amma indiyə qədər zəng etməyib”.

Qardaşının durumundan narahat olduqlarını söyləyən A.Abbasovun sözlərinə görə, F.Abbasovun səhhətində də ciddi problemlər var:

“Təzyiq problemi var. Həm də qripə çox həssas adamdır. Tez-tez qripə yoluxurdu. Səhhətinə görə də narahatıq”.

A.Abbasov deyib ki, vəkili də gedib, amma onunla görüşə bilməyib: “Vəkil bildirir ki, karantin rejiminə görə gedə bilmir”.

Qardaşı onu da əlavə edib ki, F.Abbasovun haqqındakı hökmdən apelyasiya şikayəti verilib. Amma COVİD-19 pandemiyasıyla əlaqədar məhkəmələr təxirə salındığına görə şikayətə baxılmayıb.

“Düzü, onun nə iş görüb-görmədiyini mən bilmirəm, heç maraqlanmamışam da. Amma bir qardaş kimi, dardadırsa, arxasınca getməliyəm. Onun sağlamlığına, salamatlığına görə çox narahatıq. Bizimlə danışmaq imkanı yaradılsın, rahat olaq. Yoxsa iki aya yaxındır ki, səsini eşitmirik, xəbərimiz yoxdur”, – deyə A.Abbasov bildirib.

Rəsmi məlumatlara görə, 1956-cı il təvəllüdlü, Fəxrəddin Abbasov 1993-cü ildə separatçı “Talış Muğan Respublikası”nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.

2014-cü ildə Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.

Amma Rusiyada onun hüquqlarını müdafiə etmiş vəkil bildirib ki, deportasiya məsələsilə əlaqədar məhkəmədə onu gözləsə də, gəlib çıxmayıb. O, saxlandığı təcridxanadan yoxa çıxıb. Az sonra isə onun Bakıda – DTX-nın təcridxanasında olduğu məlum olub.

Müxtəlif vaxtlarda Rusiya və Ermənistan televiziyalarında Azərbaycana qarşı çıxışları ilə yadda qalan F.Abbasov erməni xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda ittiham olunsa da, o, özünü təqsirli bilmir. O, Ermənistana səfərini, orada konfransda iştirakını etiraf edir. Lakin erməni xüsusi xidmət orqanlarıyla əməkdaşlığı olmadığını vurğulayır.

Ana səhifəSiyasətQardaşı: Fəxrəddin Abbasov ailəsi ilə əlaqə saxlaya bilmir