Qardabanidə məktəbli qızların qaçırılmasına etiraz edən müəllim cəzalandırılıb

Gürcüstanın Daxili İşlər Nazirliyi Qardabani bələdiyyəsinin Təzəkənd kəndində baş verən hadisəni araşdırır

Source: Социальная сеть

Məqalə

JAMnews

saytında dərc olunub



Qardabaninin azərbaycanlı sakini olan coğrafiya müəllimini Facebook-da azyaşlı qızların qaçırılmasını qınayan status yazdığı üçün üzr istəməyə məcbur edib və bunu videoya çəkiblər

Gürcüstanın Daxili İşlər Nazirliyi Qardabani bələdiyyəsinin Təzəkənd kəndində baş verən hadisəni araşdırır.

Cinayət işinin açılmasına internetdə yayılan video olub. Kadrlardan görünür ki, gənc adam onu əhatə edən insanların təzyiq obyektinə çevrilib. Ətrafdakılar onu təhqir edir və Azərbaycan dilində üzr istəməyi tələb edirlər.


“Sən bütün bizim millətimizi təhqir etmisən”, – belə bir ifadə eşidilir.

Videoda əks olunan gəncin adı Həmid Sadıxdır. O, Qardabani bələdiyyəsinin Təzəkənd məktəbində coğrafiya müəllimi olaraq çalışır. Onun ətrafında toplaşıb, onu təhqir edən insanlar isə yerli sakinlərdir.

Təzəkənd kəndinin sakinlərini qəzəbləndirən Həmid Sadıxın Facebook-da yazdığı status olub. O, bu statusda azərbaycanlıların icmasında evlənmək məqsədilə qaçırılmasını pisləyib və keçmiş şagirdinin başına gələn hadisəni misal gətirib.


“Şagirdlərimdən birini qaçırıblar. Bu gün o, ilk dəfə universitetə leksiyalara getməli idi. Onu avtobus dayanacağından oğurlayıblar…”, – Sadıx yazır.

Ardınca o, ağsaqqalları xatırlayır və bildirir ki, məhz onlar bu ənənələri norma saydıqları üçün mühafizə edirlər.


“Qaçırılmadan sonra ağsaqqallar deyəcəklər ki, barışın və birlikdə yaşayın”, – artıq silinmiş statusda belə yazılmışdı.

Təzyiq altında Sadıx üzr istəməli olub və Facebook-da yeni izahat yazıb.

Videonu müəllimi “ictimai mühakiməyə” məruz qoyanlar çəkib və yerli sakinlər bunu internetdə yayaraq ənənələri təhqir etdiyinə görə müəllimin cəzalandırıldığını nümayiş etdirib, göz dağı veriblər. Mövcud informasiyaya görə, bu insanların arasında Sadıxın öz qohumları da olub.

Baş verən hadisə KİV-in, ombudsmenin bə qeyri-hökumət təşkilatlarının diqqət mərkəzinə gəlib. Bundan sonra DİN Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə – Həmid Sadıxa qarşı zorakılıq əməllərində şübhə ilə bağlı cinayət işi qaldırıb.

Sadıx artıq polisdə ifadə verib.


Həmid Sadıx kimdir?

Həmid Sadıx Qardabani bələdiyyəsinin sakinidir, milliyyətcə azərbaycanlıdır, doğma rayonunda coğrafiya müəllimi işləyir.

Sadıx ictimai fəal hesab edilir. Bir neçə il əvvəl o, “Sapari” qeyri-hökumət təşkilatının erkən nikahlar problemini əhatə edən lahihəsində iştirak edib. Onun Facebook-da öz səhifəsi var, orada o, azərbaycanlıların icmasında tabu olan müxtəlif aktual problemlərlə bağlı fikrini ifadə edir.

Məsələn, statuslarının birində o, uşaq vaxtı təhsil almaq arzusu olan, amma atası – çoxuşaqlı ailənin başçısı tərəfindən 15 yaşında qapısına ilk elçi düşən adama ərə verilən yaşlı qadının hekayəsini yazıb. Azyaşlı olduğu üçün “ZAQS”a əmisiqızının pasportu ilə gedib. Statusun sonunda bu güclə tərpənən qarımış qadının nəvəsinin diplomunu bağrına basdığı təsvir olunub.

Sadıx yazır ki, bu, yalnız bir konkret qadının hekayəsi deyil, bir çox azərbaycanlı qadın eyni taleyi bölüşür.

Yerli icma daxilində hamı Sadıxın əleyhinə deyil. Qardabani bələdiyyəsinin daxil olduğu Kvemo Kartli regionunun gəncləri Facebook-da “Müəllimə toxunmayın!” adı altında dəstək aksiyası təşkil ediblər. Sadıxa dəstək üçün onlar “Sapari” qeyri-hökumət təşkilatənın yaratdığı “Pəncərə” səhifəsində statuslar paylaşırlar.


Naşir Orduxanov: “Müəllim yalnız hər gün dərs keçmir. Müəllim ictimai xadimdir. O, ədalətsizliyə qarşı səsini ucaldır. O, erkən nikahlara qarşı, qızların qaçırılmasına qarşı səsini çıxarmalıdır. Təəssüf ki, belə müəllimlər azdır, amma olanlarla biz qürur duyuruq. Biz Həmidlə qürur duyuruq!”

“Sapari” qeyri-hökumət təşkilatının direktoru, hüquq müdafiəçisi Baia Patariya deyir ki, Həmidin müdafiəsi üçün İnsan Haqları Təşkilatına müraciət edib və orada artıq bu məsələ ilə məşğul olurlar.


“Ümumilikdə qızların qaçırılması, zorakı evlilik Gürcüstanda ciddi problemdir. Həmid ənənəyə çevrilmiş bu cinayətə qarşı səsini çıxarmağa cəsarət edən cəsur pedaqoqdur. Həmid insan haqlarının müdafiəsinə qalxıb və biz onun yanında duracağıq. Məhz Həmid kimi ziyalı və ağıllı gənclər ənənə adlanan bu məsələləri dəyişə biləcəklər”, – Baia Patariya deyib.

Vəziyyət ombudsmen ofisi tərəfindən də nəzarət altına alınıb. Bu institutun nümayəndələri işin detalları ilə tanış olmaq üçün artıq Qardabanidə olublar. Tbilisi İnsan Haqları Mərkəzinin nümayəndəsi Natiya Tavberidze bildirib ki, təmsil etdiyi təşkilat Həmidə hüquqi və psixoloji də daxil olmaqla, istənilən formada yardım göstərməyə hazırdır.

_____________

Erkən nigahlar hələ də Gürcüstanda ciddi problem olaraq qalır.

Etnik azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartlidə erkən nigahlar adi haldır və yerli sakinlərin özlərinin söylədiyinə görə, bu, azərbaycanlıların adət-ənənələrinin bir hissəsidir. Çox vaxt hüquq-mühafizə orqanlarının nümayəndələri də bu cür izahatların girovuna çüvrilir və bu cür faktlara göz yumurlar.

Ombudsmen ofisinin təqdim etdiyi informasiyaya əsasən, Gürcüstanda 2011-2014-cü illərdə 4599 nəfər doqquzuncu sinif şagirdi təhsildən yayınıb. 2015-ci ildə yetkinlik yaşına çatmayanların iştirakı ilə 611 nikah qeydə alınıb, 2014-cü ildə isə belə nikahların sayı 665 olub.

Ombudsmenin 2016-cı il hesabatında deyilir ki, Maarif Nazirliyi tərəfindən təqdim olunan statistikaya əsəsən, 2015-ci ildə 13-17 yaş arası 408 və 18 yaşı tamam olmuş 168 qız şagird ailə qurduğu üçün təhsilini yarımçıq qoyub.

Bununla belə, statistik məlumatlar vəziyyəti tam əks etdirməyə də bilər və böyük ehtimalla reallıqda durum daha dramatikdir, çünki erkən nikahların ən çox yayıldığı Kvemo Kartli məktəblərində ailə qurduqları üçün təhsili yarımçıq qoyan qızların dəqiq statistikası aparılmır.

Ana səhifəSosialQardabanidə məktəbli qızların qaçırılmasına etiraz edən müəllim cəzalandırılıb