Onlar hökumətə qərarını dəyişməsi üçün iki həftə vaxt veriblər
II Qarabağ müharibəsindən sonra Ermənistana köçmüş Qarabağ erməniləri martın 29-da Yerevanın Azadlıq Meydanında mitinq keçiriblər.
Onların etirazına səbəb əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın Ermənistan hakimiyyətinin məcburi köçkünlərə aylıq müavinət verməkdən imtina etmək niyyətində olması barədə açıqlaması olub. 2023-cü ilin sentyabrından onlar adambaşına ayda 50 min dram (təxminən 120 avro) alırdı. Aprel ayından etibarən müavinətlərin yalnız 18 yaşına çatmamış uşaqlara, 63 yaşdan yuxarı təqaüdçülərə, I və II qrup əlillərə, habelə ailə başçısını itirmiş ailələrə verilməsi nəzərdə tutulur. Müavinətin məbləği azaldılır: 40 min dram (100 avrodan az), iyuldan isə 30 minə qədər.
Aksiyanın təşkilatçılarından biri, “Dağlıq Qarabağ üzrə ombudsman” Qeqam Stepanyan “Novaya qazeta. Yevropa”ya müsahibəsində bildirib ki, son aylarda mühacirət tendensiyası yaranıb. Onun hesablamalarına görə, “DQR”-in 150 min sakinindən təxminən 25 mini artıq Ermənistanı tərk edib. Ermənistan hökumətinin rəsmi məlumatına görə, ölkədə 115 mindən çox Qarabağ ermənisi qeydiyyatdadır, onlardan neçəsinin Ermənistanı tərk etməsi ilə bağlı hakimiyyətdə dəqiq məlumat yoxdur.
Mitinq iştirakçıları həm də Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin Dağlıq Qarabağ ermənilərinin problemlərini əks etdirməməsindən narazıdır. “DQR”in keçmiş “dövlət naziri” Artak Beqlaryan hesab edir ki, “qan və tapdalanan hüquqlar bahasına əldə edilən” sülh davamlı olmayacaq.
“Əliyev çətin ki, bu müqaviləni imzalasın. Onlar ancaq yeni tələblər irəli sürürlər. Sülh sazişində “Artsax” xalqının hüquqları nəzərə alınmalıdır. Bizim qanımız və kollektiv hüquqların pozulması hesabına sabit sülh ola bilməz”, – deyə Beqlaryan bildirib.
Martın ortalarında Ermənistan və Azərbaycan hakimiyyəti 17 bənddən ibarət sülh müqaviləsi üzərində işi başa çatdırdıqlarını bəyan ediblər. Onlardan ikisi ilə bağlı tərəflər uzun müddət razılığa gələ bilməyiblər. Bakı Ermənistandan beynəlxalq iddiaları geri götürməsini və üçüncü qüvvələrin Ermənistan-Azərbaycan sərhədindən çıxarılmasını tələb edirdi. Sonda Yerevan faktiki olaraq bu məsələlərdə güzəştə getdi.
Mitinq başa çatdıqdan sonra iştirakçılar meydanda çadır qurublar, burada qaçqınlar qərargahı yerləşəcək. Təşəbbüs qrupunun nümayəndəsi Njde İskandaryan bildirib ki, onlar tələbləri yerinə yetirilənə qədər burada qalacaqlar.
“Hökumətin qərarlarını dəyişmək üçün iki həftə vaxtı var, aksiyalarımız davam edəcək. “Sizi qorxmamağa və öz hüquqlarınızı müdafiə etməyə çağırıram”, – o, səhnədən bildirib.
Hökumət etirazçıların tələblərini rəsmi şəkildə şərh etməyib, yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvü, deputat Arsen Torosyan sosial şəbəkələrdə mitinqi “Ermənistan Respublikasının mövcudluğuna qarşı mübarizə” adlandırıb.