Nazirlik daha 5 hərbçinin adını açıqladı
Müdafiə Nazirliyi 19-20 sentyabr tarixlərində Qarabağdakı hərbi əməliyyatlarda həyatını itirən daha 5 hərbçinin kimliyini açıqlayıb.
Nazirlik onların adlarını təqdim etdiyi siyahıya əlavə edib.
Bununla da əməliyyatlarda həlak olanların rəsmi sayı ümumilikdə 204 nəfərə çatıb.
İlkin yayılan siyahıda Müdafiə Nazirliyinin 180 hərbçisinin, Daxili İşlər Nazirliyinin 12 əməkdaşının və bir mülki şəxsin (ümumilikdə 193 nəfər) həlak olduğu bildirilirdi.
Lokal əməliyyatlar nəticəsində Azərbaycanın 511 hərbi qulluqçusunun və 1 mülki şəxsin yaralandığı da açıqlanmışdı.
Meydan TV-nin yaydığı siyahıda isə həlak olanların sayı 200 nəfər idi.
Qarabağda son əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.