Hərbi ekspert: “Rusiya Ermənistanın məğlubiyyətini öz məğlubiyyəti kimi qəbul edir”
“Azərbaycan Müdafiə Nazirliyinin son sərt açıqlamaları Rusiya ilə razılaşdırılıb”.
Siyasi şərhçi Zərdüşt Əlizadə Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə cavabını belə şərh edib.
Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinin 27 mart tarixli açıqlamasından təəssüfləndiyini bildirib.
Nazirlik qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin Azərbaycan hərbçilərinin Fərrux kəndini tərk etdiyi barədə məlumatı həqiqətəuyğun deyil.
“Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib. Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir”, – deyə Müdafiə Nazirliyi bildirib.
Müdafiə Nazirliyi atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatları da təkzib edib.
“Ermənistanın BMT-də Ukraynayla bağlı səsvemədə bitərəf qalması ona baha başa gəldi”
Zərdüşt Əlizadə deyir ki, Qarabağ münaqişəsi Rusiyanın nəzarətində olan məsələdir. O, 1987-ci ildən başlanan prosesə diqqət yetirməyi tövsiyə edir: “36 ildir ki, Qarabağ münaqişəsi Rusiyanın həssas rəhbərliyi altında davam edir. Bütün etnik təmizləmələr, qətllər, cinayətlər, bombardmanlar – hamısı Rusiyanın nəzarətilə geçəkləşib. Eyni zamanda, hər iki tərəfdə olan siyasi və hərbi kadrlar da bilərəkdən, yaxud bilməyərəkdən Rusiyanın planıyla hərəkət edirlər. Rusiya əbədi “parçala, hökm sür” siyasətini davam etdirir. Baxın, 44 günlük savaşı dayandırıb və sülhmərmalılarını bölgədə yerləşdirdi”.
Siyasi şərhçi son baş verən hadisələri də təsadüf saymır. Deyir ki, Ermənistanın BMT-də Ukraynayla bağlı son səsvemədə bitərəf qalması ona baha başa gəlib:
“İndi Yerevana başa salmaq istəyirlər ki, sənin bitərəf qalmağa hüququn yoxdur. Paşinyan da müstəqil olmağa çalışır. Belə olanda, ona dərs vermək zamanı çatır. Qarabağdakı separatçıları da belə alçaq işlər üçün saxlayırlar, Əmr verirlər ki, özünüzü həyasız aparıb Azərbaycana meydan sulayın. Onlar da istehkam, səngər düzəldirlər. Azərbaycan da bunları görür və sülhməramlılara məlumat verirlər ki, separatçılara deyin ağıllı olsunlar. Müsbət cavab almayanda Fərruxu və başqa kəndləri təmizləyirlər. Adınca Ermənistan mediası hay-küy salır və Rusiya da əks bəyanatı verir. Bu, “dovşana qaç, tazıya tut” siyasətidir. Son nəticədə hər iki dövlətin başçısını Moskvaya çağırıb növbəti bəyanatı imzalatdıracaqlar.
“Hələ ötən əsrin əvvəlində Cəfər Cabbarlı “atan kazaklardır” yazanda diaqnoz qoymuşdu. 5 erməni qalana qədər, ruslar ordan çıxmayacaq. Bəlkə, Rusiya özü dağılsa, məsələ öz-özünə həll oluna bilər. Həm də Ermənistan və Azərbaycan rəhbərlyinin bir-birinə etimadının olmaması onları vasitəsiz şəkildə danışıqlara başlamağa mane olur. Ona görə Rusiyanın sxemi işləyir”, – deyə siyasi şərhçi qeyd edib.
Z.Əlizadə hesab edir ki, indiki situasiyada Qarabağda vəziyyətin gərginləşməsi Azərbaycanın maraqlarına ziddir: “Çünki zaman bizim xeyrimizə işləyir. Hazırda Qarabağda maksimum 30-35 min erməni var: iş yox, təhlükəsizlikləri bərbad. Azərbaycanın isə əhali sayı və iqtisadi imkanları artırsa, gərginlik bizə lazım deyil. Amma Rusiya Azərbaycan vasitəsilə Ermənistanı cəzalandırır. Ola bilər ki. mən yanılıram. Bəlkə, hakimiyyətin vətənpərvərlik damarı tutub. Məsələ ondadır ki, Azərbaycan xalqını korrupsiya bataqlığına salan hakimiyyət vətənpərvər ola bilməz”.
“Siyasi rəhbərliyin başı açılandan sonra Müdafiə Nazirliyində bir neçə papaq boş qalacaq”
Hərbi ekspert Ədalət Verdiyev isə fərqli düşünür. O deyir ki, Rusiya Ermənistanı cəzalandırmaq istəyirsə, şimal dövlətin Müdafiə Nazirliyi Azərbaycanın tərəfində dursun:
“Rusiya Müdafiə Nazirliyi Bakı və Yerevanın qarşısında götürdüyü öhdəliyi, sülhməramlı fəaliyyəti 10 noyabr bəyanatına uyğun yerinə yetirsin. Amma biz ərazidə tam əksini görürük. Mən bu cür iddiaları qəbul etmirəm, çünki tam əks proses gedir”
Onun fikrincə, Rusiya sülhməramlı kontingentinin 16 ayda Qarabağda göstərdiyi fəaliyyət Azərbaycanı qane edə bilməz:
“Ona görə də Azərbaycan öz qoşunlarını sərhədləri çərçivəsində başqa mövqelərdə yerləşdirməyə başlayıb, o cümlədən, Fərrux kəndi və ona yaxın yüksəkliklərdə. Bu da Rusiya Müdafiə Nazirliyinin yumşaq desək, bir qədər xətrinə dəydi. Ümumiyyətlə, biz sülhməramlıların əvvəlki fəaliyyətlərinə də ciddi reaksiyalar vermişdik, amma görünür, Rusiya Müdafiə Nazirliyi tərəf tutmaqda davam edir və fəaliyyətsizliyini bu tip feyk informasiya bülletenləri yaymaqla həyata keçirməyə çalışır”.
“Artıq son iki günün hadisələri Rusiyanın yaydığı məlumatların heç bir əsası olmadığını üzə çıxartdı. Azərbaycan ordusu 1994-cü ildən sonra, hətta Horadiz əməliyyatlarından sonra yerləşdiyi heç bir mövqedən bayrağını qaldırdığı yerdən geriyə bir addım da atmayıb. Bu, Rusiya kimi qlobal bir gücün Müdafiə Nazirliyinin yarıtmaz və məsulyətsiz fəaliyyətindən başqa bir şey deyil”, – Ədalət Verdiyev belə deyir.
Ekspert həmçinin qeyd edib ki, Ermənistan dövlətinin və ordusunun yaradılmasında Rusiya Müdafiə Nazirliyinin əhəmiyyətli rolu olub:
“Eyni zamanda, Rusiya Ermənistanın silahlı qüvvələrini yetişdirib. Azərbaycanın təkbaşına bu silahlı qüvvələri 44 günlük savaşda darmadağın etməsini Rusiya Müdafiə Nazirliyi həzm edə bilmir. Çünki Ermənistanın məğlubiyyətini öz məğlubiyyətləri kimi qəbul edirlər. Halbuki Rusiya silahlı qüvvələrinin fəaliyyəti Moskvayla Bakı arasında müttəfiqlik, qonşuluq, əməkdaşlıq və sülhməramlı fəaliyyət planlarına tamamilə ziddir”.
“Belə görünür ki, Rusiya Müdafiə Nazirliyi Rusiya Ali Baş Komandana qarşı təxribatlarla məşğuldur. Putin Qarabağın Azərbaycan olduğunu deyir, Rusiya Müdafiə Nazirliyi bunun əksinin təsdiqləyən feyk məlumatlar yayır. Məncə, siyasi rəhbərliyin başı açılandan sonra Rusiya Müdafiə Nazirliyində bir neçə papaq boş qalacaq”, – deyə ekspert vurğulayıb.
Martın 26-da Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribat törətməyə cəhd göstərdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, bu gün səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib:
“Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.
Xatırlatma
Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.
Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.
90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.
2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.
Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı suçlayır.