Qarabağda gərginlik: Azərbaycan ordunun təxribata çəkildiyini deyir

Source: Meydan.TV

“Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur”

Martın 26-da Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribat törətməyə cəhd göstərdiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, bu gün səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib:
“Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib. Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Müdafiə Nazirliyi insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verildiyini vurğulayıb.

fadsf
Rusiya-Türkiyə Monitorinq Mərkəzi. Foto: Azərbaycan Müdafiə Nazirliyi

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə şərq sərhədinə doğru irəlilədiyini bildirib:

“Azərbaycan hərbçiləri Rusiya sülhməramlı kontingentinin cavabdehlik zonasında yenidən təcavüzkar hərəkətlərə keçib” .

Martın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porterin KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı səsləndirdiyi fikirə reaksiya verib.

C.Porter dünən keçirdiyi brifinqdə ABŞ-ın Azərbaycan qoşunlarının yerdəyişməsindən “dərin narahatlıq hissi keçirdiyini” bildirərək, baş verənləri “lazımsız eskalasiya tədbirləri” adlandırıb.

Azərbaycan XİN-in Mətbuat Xidməti təəssüflə qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzünə son verilməsi üçün bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədri qismində ABŞ tərəfindən heç bir effektiv addım atılmayıb:

“Azərbaycan özü beynəlxalq hüquq əsasında ərazi bütövlüyünü bərpa edib və BMT TŞ qətnamələrinin icrasını təmin edib”.

“Hazırda “Dağlıq Qarabağ” anlayışı mövcud deyil, Azərbaycanın tərkib hissəsi olan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları mövcuddur. Saxta erməni təbliğatı əsasında ABŞ Dövlət Departamenti rəsmisi tərəfindən belə bir açıqlamanın verilməsi özü məsuliyyətsiz bir davranışdır”,- deyə nazirliyin Mətbuat Xidmətinin şərhində qeyd edilir.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ermənistan isə hazırda eyni ittihamla Azərbaycanı suçlayır.

Ana səhifəSiyasətQarabağda gərginlik: Azərbaycan ordunun təxribata çəkildiyini deyir