Ayrılan vəsaitin 99.4 faizinin xərcləndiyi bildirilir
İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı 2021-ci ilin dövlət büdcəsindən ayrılmış 2.2 milyard manat vəsait tam istifadə olunub.
Daha dəqiq, vəsaitin 99.4 faizi xərclənib.
Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatında belə deyilir.
Bildirilir ki, bu ilin dövlət büdcəsindən də bu məqsədlər üçün eyni həcmdə, yəni 2,2 milyard manat vəsait nəzərdə tutulub.
Hesabatda deyilir ki, ötən il Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu istifadəyə verilib.
Zəngilan və Laçın beynəlxalq hava limanları və digər mühüm avtomobil, dəmir yol və sosial infrastruktur layihələrinin inşası isə davam edir.
“İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları nəticəsində 2021-ci ildə 20 min hektardan çox ərazi təmizlənib. Bu il minalardan təmizlənən ərazilər 2 dəfədən artıq sahəni əhatə edəcək”, – hesabatda vurğulanır.
Hesabatda bildirilir ki, Prezidentin fərmanları ilə Ağdam Sənaye Parkı və Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.
2021-ci ildə sənaye zonalarında (parklar və məhəllələr) 2,4 milyard manat həcmində məhsul istehsalı həyata keçirilib. Bunun da 959 milyon manatlıq hissəsi ixrac olunub.
İqtisadçı Qubad İbadoğlu deyir ki, işğaldan azad olunan rayon və kəndlərdə 2021-ci ildə həyata keçirilən tikinti-quraşdırma işlərinə ayrılan vəsaitin məbləği 1 milyard 954 milyon 551 min manat olub.
Bu vəsaitin yarıya qədəri Füzulidə və Şuşa şəhərində, yerdə qalan yarısı isə digər 6 rayonda ərazilərin bərpası və yenidən qurulması üzrə tikinti-quraşdırma işlərinə xərclənib:
“Füzuli rayonunda xərclənmiş vəsaitin çoxluğu Füzuli Beynəlxalq Hava Limanı, Zəfər yolu ilə əlaqələndirilsə də, indiyə qədər bu iki meqa-layihəyə nə qədər vəsait xərcləndiyi ictimaiyyətə bəlli deyil. Bu hesabla Zəngilan və Laçında da tikiləcək hava limanlarına görə bu ilin büdcəsindən xeyli vəsait silinəcək”.
Şuşa şəhərinə gəlincə, iqtisadçı deyir ki, burada aparılan bərpa, abadlıq və yenidənqurma istiqamətində icra edilən layihələrin heç birinin smeta dəyəri indiyədək açıqlanmayıb:
“Bu qədər pul xərclənməsinə baxmayaraq, hələ 1 nəfər məcburi köçkün doğma yurduna qayıtmayıb. Əslində bu gedişlə yaxın zamanlar üçün qayıdışı gözləməyə dəymir. Çünki bu məqsədlə hər il büdcədən xeyli vəsait ayrılacaq və həmin pullar qeyri-şəffaf və hesabatsız xərcləmələrlə korrupsiya yeminə çevriləcək”.
28 ildən sonra Qarabağda Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.
26 oktyabrda baş tutan açılışda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. İlham Əliyev çıxışında hava limanının inşasının cəmi 8 ay çəkdiyini söyləyib: “İnşa işlərini Azərbaycan və Türkiyə şirkətləri görüb. Bu, bizim birgə uğurumuzdur”, – prezident deyib.
Araşdırmalara görə, hava limanının tikintisinə başlanılan 2021-ci ilin yanvarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Fuzuli Airport” MMC-ni dövlət qeydiyyatına alıb.
Füzuli Hava Limanının idarəçiliyi bu şirkətə həvalə olunub.
35 milyon manatlıq nizamnamə kapitalı olan “Fuzuli Airport” MMC-nin qanuni təmsilçisi açıqlanmır.
Şirkətin qeydiyyatdan keçdiyi ünvan (Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan prospekti, ev 21) “Silk Way Holding” MMC-yə daxil olan bir neçə şirkətin qeydiyyat ünvanı ilə eynidir.
Füzuli Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı Dövlət Satınalmalarının saytında hər hansı tenderə rast gəlinmir. Bəllidir ki, tikintisi türk və Azərbaycan şirkətləri tərəfindən həyata keçirilib. Şirkətlərin əksəriyyəti işi qapalı tenderdə udduğunu söyləsə də, bu, qanunvericilikdə əksini tapmayıb.
Şuşa ilə Füzulini birləşdirən “Zəfər Yolu”nun da tikintisində türk və Azərbaycan şirkətləri iştirak edib. Bu yolun tikintisi ilə bağlı da hər hansı tender elan olunduğu bəlli deyil.