Qarabağ veteranının ailəsi dələduzluqla üzləşdiyini deyir

Qurbanovlar ailəsi 10 ildən çoxdur kirayədə yaşayır. Müqabil Qurbanovun oğlu ikinci Qarabağ müharibəsinin veteranıdır. İllərdir ev arzusunda olan ailəyə oğlu veteran olduğu üçün ev veriləcəyi xəbəri gəlir. Amma sən demə, dələduzlara rast gəliblərmiş. Müqabil Qurbanov danışır ki, qonşuluqda yaşayan Üzeyir adlı şəxs onlara ev üçün aidiyyatı qurumlara müraciət etməli olduqlarını deyib:

“5-6 ay keçdi, mənə zəng gəldi ki, Müdafiə Nazirliyindən polkovnik Samir Məmmədovdur. Dedi, oğlunuz Qarabağ veteranıdır, məktub yazmısınız evlə əlaqədar. Dedim, yazmışdıq. Dedi, hərbçi olduğuna görə, veteran olduğuna görə məktubunuz gəlib çıxıb bizə. Sizə kömək edə bilərik. Dedi, özünlə bir ağsaqqal götür gəl. Üzeyir dedi ki, müəllim, şirinlik nə verəcəyik? Samir də dedi ki, – polkovnik dediyim oğlan, – baxıram kasıb adamsınız, sizdən 10 000 pul alacağam. O qiymətə oğluna üçotaqlı ev düşəcək. Pul da yox idi. Rayona da getdik, bir-iki adama ağız açdıq yoldaşımla. Sonra əlacsız qalıb, banka girdik”.

Sahilə Qurbanovanın qardaşı oğlu da veterandır. Elə həmin ailə də bu şəxslərə ev üçün müraciət edərək 11 500 manat pul veriblər. Evdən bir xəbər gəlməyəndən sonra hər iki ailə dələduzluğun qurbanı olduqlarının fərqinə varıblar. Müqabil Qurbanov deyir ki, dələduzluğu törədən şəxslər hələ də həbs edilməyib.

“Hərbi Prokurorluğa müraciət etdim. 3-4 gün sonra zəng gəldi ki, tapdıq həmin adamı. Beyləqan rayonunun Tatarlar kəndindəndir, adı da Əliyev Mirzə Qoşqar oğludur, Samir dediyimiz adam. Mülki adamdır. Yəni buna polis baxa bilər. Getdim, izahatımı verdim. 2 dəfə getdim, sonra mənə yenə zəng gəldi, Sabunçu rayonundan müstəntiq Orxan Knyazov dedi ki, sizin işiniz gəlib çıxıb mənə. Mən də dedim axı Nərimanovda olub bu iş. Nərimanova zəng etdim, polisə dedi ola bilməz ki, bu iş gedib çıxa Sabunçuya. Sən demə, bunu Üzeyir özü edib. Deyirdi, güclü dostum var Sabunçuda. O, elə həmin Orxan Knyazov imiş. İş getdi çıxdı Orxana, oğlumla yenə izahat verdik. Bizi get-gələ saldı. Sonra oğlum dedi ki, əgər belədirsə, işi başqa yerə verək, dəyişdirmək istəyirik. Oğluma dedi ki, veteran olmasan, səninlə başqa cür danışaram. Biz də baxdıq, veteran olmasa niyə, oğlum düz deyir də. Dedi: “Mənim əlimdən heç kəs bu işi ala bilməz”.

Meydan TV Orxan Knyazov adlı şəxslə əlaqə saxlayıb. O, hazırda Sabunçu Rayon Polis İdarəsində işləmədiyini bildirib. Onun dediyinə görə, iş artıq məhkəmədədir. Həmçinin əlavə etdi ki, dələduzluqla ittiham olunan şəxslərdən təkcə Qurbanovlar ailəsi yox, 10-larla insan şikayətçidir. Bayram günləri olduğundan DİN-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb. Üzeyir adlı şəxs isə telefonunu söndürüb.

Qurbanovlar ailəsinin dolanışığı çətindir. Həm kirayədə qalırlar, həm də banka 10 000 manat borcları var. Sahilə Qurbanova deyir ki, bu hadisələrdən sonra həyat yoldaşının başında onkoloji şiş əmələ gəlib.

“Yoldaşım xəstədir, başında şiş çıxdı. Onun əməliyyatına çox pul istəyirlər. 13 min manat pul istəyirlər. Özümüz də kirayədəyik, çatdıra bilmirik. Bir uşaqdır, o da gedir, daş, qum qaldırır. Onunla da kirayənin pulunu çatdırıb verə bilir. Kömək yoxdur, çox çətin dolanırıq. Özüm də gedirəm dəri sexinə. Suyun içində. Gecələr yatmır, ağrıları çox olur, çox çətinlik çəkir ağrıdan. Yatanda boğulur, haradasa 10 dəqiqə çəkir, güclə gəlir özünə. Onu da həkim deyir ki, əməliyyat olmasa, problem yaşaya bilərsiz, qəfil gedə bilər həyatdan“.

Ana səhifəSosialQarabağ veteranının ailəsi dələduzluqla üzləşdiyini deyir