Sosial şəbəkələrdə Qarabağ Universitetinin tələbəsinin adından şikayət yayılıb. Tələbə universitetin yataqxanasını “həbsxana” adlandırıb.
Özünü anonim saxlayan tələbə bildirib ki, tədris və yaşayış üçün yataqxanada normal şərait yoxdur:
“Tələbəyik, amma dərs oxumaq üçün normal şəraitimiz yoxdur. İnterneti gecə saat 3-dən səhərə kimi kəsirlər. Burada onlarla tələbə bu saatda dərs oxumaq istəyir, ancaq internet olmur. Yataqxanada deyirlər ki, bizi internetlə universitet təmin edəcək. Amma universitet də deyir ki, sizi internetlə yataqxana təmin edəcək”.
Tələbə həmçinin yataqxana otaqlarında şəraitin yaxşılaşdırılmadığını və təbii qazın verilmədiyini qeyd edib:
“Buna təhlükəsizlik donu geyindirirlər. Hər bir tələbənin 5–6 manatlıq keyfiyyətsiz menyuya pul verməyə nə maddi imkanı, nə də istəyi var. Belə olan halda, bir ev üçün orta hesabla xərclənən məbləğ 1000–1200 manat olur. Tələbə də qətiyyən bir ay ərzində bu qədər xərc etmir. Bizim üçün ayrılan 200 manatın təqaüdün yataqxana xərcləri üçün nəzərdə tutulduğu deyilirdi. Tətil vaxtı bizi evə göndərmək üçün istiliyi kəsirlər və bunun səbəbini gah kommunal xərclərlə, gah da təmir işləri ilə əlaqələndirirlər. Həmin aylarda da 200 manatı bizə vermirlər. Bəzən isə yataqxanada qalmayan tələbələrə həmin vəsaitin verildiyi yalanı da dolaşır. Ən pisi isə yoxlamaların xəbərsiz gəlib, otağın videosunu çəkməsi və istədiyi kimi yoxlama aparmasıdır. Bizi müqavilədə göstərilməyən nüanslara görə cərimələyə bilirlər”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi, eləcə də universitetdən rəsmi münasibət öyrənmək mümkün olmayıb.
Bir neçə ay əvvəl də sosial şəbəkələrdə universitetlə bağlı oxşar şikayət yayılmışdı. Tələbələr əlavə təqaüdlərin verilməməsindən, yataqxanada yemək bişirmək üçün qaz, paltaryuyan və digər məişət avadanlıqlarının olmamasından şikayət edirdilər. Yataqxananın yeməkxanasında qiymətlərin yüksək olduğu da qeyd olunurdu. Tələbələrinin sözlərinə görə, aylıq abunə 210 manat, su 1 manat, dönər və balaca meyvə şirəsi isə 4 manatdır. Universitet isə rəsmi açıqlamada təqaüdlərin verilməyə başlandığını və qiymətlərin artırılmadığını bildirib, amma yataqxana şəraiti ilə bağlı konkret münasibət açıqlama verməmişdi.
Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Qarabağda universitet yaradılması barədə sərəncam imzalayıb.
Dövlət büdcəsindən universitetə 2024-cü ildə 10 milyon, 2025-ci ildə 17 milyon, 2026-cı ildə isə 39 milyon manat ayrılıb.