İkinci Qarabağ müharibəsində yaralanan əsgər Vüsal Musayevin Bakıda hərbi hospitalda intihar etdiyi bildirilir. Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumatı təsdiqləyib. Qazinin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onlara Vüsal Musayevin hospitalın hamamında özünü asdığı deyilib.
Vüsal Musayev ötən il, dekabrın 7-də psixoz diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsinə yerləşdirilib.
“Hospitaldan məzuniyyətə buraxıldığı zaman evdə dərman qəbul edərək intihara cəhd də etmişdi. Bu barədə həkimi məlumatlandırmışdıq. Bizə dedilər ki, narahat olmayın, bura psixatriya şöbəsidir, özünə qəsd etməsi üçün burada imkan yoxdur”, – yaxını Meydan TV-yə deyib.
Onun sözlərinə görə, əvvəllər əsgərin psixoloji vəziyyəti ilə bağlı heç bir problemi olmayıb. Milli Qəhrəman Polad Həşimovun həlak olması xəbərindən sonra həkim komissiyasından keçərək müddətdən artıq xidmət (MAXE) kimi hərbiyə yollanıb.
“Döyüşlər zamanı 12 saat mühasirədə qalıb. Hərdən ürəyinə qorxular düşürdü, özünü öldürməyə çalışırdı. Heç kimi, heç nəyi xatırlamırdı“, – qazinin yaxını deyir.
Hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Diaqnoza görə, II Qarabağ Müharibəsinin iştirakçısı, qazi Vüsal Musayev döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. 35 yaşlı hərbçinin 2 azyaşlı övladı var.
Ölümündən əvvəl “Cəsur döyüşçü” medalı ilə təltif olunub.