Qarabağ qazisi qamışdan düzəldilmiş tövlədə yaşayır

“Yağışda-qarda su basır, yayda istidən nəfəs kəsir”

Source:


“Yağışda-qarda su basır, yayda istidən nəfəs kəsir”

“İki körpə ilə təzəkdən tikilən evdə yaşayırıq. Külək evin içinə əsir, yağış evin içinə yağır. Qış gəlir deyə, təqaüdümdən ayırıb sellofan aldım. Çəkdik evin üstünə. Sellofandan da dam olarmı? Maksimum bir ay dözər. Bunlar hamısı müvəqqəti şeylərdir. Mənə, ailəmə normal bir ev lazımdır”.

9 ildir sıra mənə çatmır

Əmək qabiliyyəti olmayan Ucar rayonunun Qaracallı kəndinin sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili , 41 yaşlı Şöhrət Qasımov belə deyir. O, 2009-cu ildən bu yana ev növbəsində olduğunu söyləyir:

“Az qala 10 il olur, ancaq evdən xəbər yoxdur. 2009-cu ildə müraciət etmişdim. 2011-ci ildə məlum oldu ki, sənədlərimi itiriblər. Həmin il yenidən növbəyə yazıldım. Dedilər, 2-ci adamsan. O gün bu gündür sıra mənə çatmır. Bir tanışdan xahiş etdik, maraqlandı. Ona isə dedilər ki, 2-ci deyil, 9-cu sıradayam. 7 ildir 9-cuya çatmayıb növbə. Bilmirik, dərdimizi kimə, hara deyək”.

24 ildir bu gün-sabah köçəcəyik deyirik

Ş.Qasımov deyir ki, yarıuçuq evində 2 uşağı və yoldaşı ilə yaşayır. Belə vəziyyətdə yaşamaq onun üçün çətindir:

“Bir ayağım yoxdur. İndi mənə normal şərait, normal ev lazımdır. Onu isə verən yoxdur. Məndən öncə növbədə duranların hamısı ev alıb, bircə bizdən başqa. 24 ildir burada yaşayıram, bu gün- sabah köçəcəyik deyə-deyə bir cavanın ömrü gedib”.

Hansı ölkənin müharibə iştirakçısı belə şəraitdə yaşayır?

Qarabağ qazisi deyir ki, illərdir aldadılır. O da ailəsini bu gün- sabah köçəcəklərinə ümidləndirir:

“Bunun nə demək olduğunu anlayırsız? Mən ailəmi illərdir ümidlə saxlayıram. Nə vaxt gələcək o gün? Heç kim belə bir evdə yaşamaz. İti bağlasan, durmaz. Amma mən ailəmlə birgə illərdir burada yaşayıram. Hansı ölkənin müharibə iştirakçısı belə şəraitdə yaşayır? Bəlkə də mənə ev veriləcək. Amma bir az tez etsinlər də, nolar. Mənim ömrüm gedir axı”.

Ölkədə ikinci belə yarasız, şəraitsiz və təklükəli ev yoxdur

Ş. Qasımov Qarabağ döyüşündə ağır yaralanıb, sağ ayağını itirib, 2-ci qrup əlil olub. Deyir, Qarabağ veteranlarının və şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması üçün illərdir dövlət büdcəsindən vəsaitlər ayrılır, xərclənir. Həmin ailələr mənzillərlə, avtomobillə, sosial müavinətlə təmin edilirlər:

“Bütün bunlara baxmayaraq, bizim ailə acınacaqlı şəraitdə yaşayır. Bu mənzərəni gözləri ilə görən hər bir azərbaycanlı dəhşətə gələr. Bəlkə də Azərbaycan Respublikasında ikinci belə yarasız, şəraitsiz və təklükəli vəziyyətdə olan ev yoxdur. Bizim yaşadığımız ev deyil, qamışdan düzəldilmiş tövlədir. Yağışda-qarda su basır, küləkdə işığımız kəsilir. Yayda isə istidən nəfəs kəsilir”.


“İstəyirəm uşaqlarım rahat yaşasın”

Ş.Qasımov deyir ki, bu gün işləyib ailəsini dolandıra bilmir. Heç olmasa evləri olsa, onların qarşısında azca da olsa vicdanı rahatlayar:

“İstəyirəm uşaqlarım rahat yaşasın. Rahat, şəraitli mənzildə dərslərini oxuyub, cəmiyyətimizə layiqli vətəndaş kimi yetişsinlər. Yoxsa Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa, dəhşətə gələcək. İt zülmündə yaşayırıq”.

Dövlət Sosial Müdafiə Fondunun Ucar Rayon Şöbəsindən Meydan TV-yə Şöhrət Qasımovun sənədlərinin hazırlandığını, yaxın zamanda ona kənddə torpaq sahəsi ayrılıb, ev tikiləcəyini söyləyiblər:

“Bu yaxınlarda öz kəndində ona torpaq sahəsi ayrılacaq və ev tikiləcək. Onu biz növbəyə yazmamışıq. Biz sadəcə icraçıyıq. Təkcə onu deyə bilərəm ki, tez bir zamanda evi hazır olacaq. Hazırda o işlə məşğuluq”.

Ana səhifəBölgəQarabağ qazisi qamışdan düzəldilmiş tövlədə yaşayır