“Orada Nazim var idi, qaziləri söydü, bütün qazilərə qarşı ağır təhqir sözləri deyirdi”
İkinci Qarabağ müharibəsinin iştirakçısı Nizaməddin İbadovun iyulun 22-də Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evin həyətində özünü yandıraraq intihar etdiyi bildirilir.
Yaxınlarının sözlərinə görə, 33 yaşlı Nizaməddin İbadov bir müddətdir ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alırdı və 2 gün əvvəl evə buraxılmışdı.
Onun dəqiq hansı səbəbə görə intihar etdiyi hələ məlum olmasa da, bir gün əvvəl jurnalist Nurlan Libre ilə söhbətində müalicə aldığı xəstəxanada işgəncəyə məruz qaldığını söyləyib.
“Mənə işgəncə veriblər. Atamı ümumiyyətlə içəri buraxmırdılar. Atamla görüşdürəndə əlimi açırdılar, 2-3 dəqiqəlik, danışırdım, görüşürdüm, sonra təzədən yuxarı qalxan kimi əlimi bağlayırdılar. Yəni atam da görməyib”, – qazi jurnalistlə söhbətində deyib.
Onun jurnalistlə danışığının səs yazısı da var:
“Tək mənimlə birlikdə 4-5 nəfərin əli-ayağını bağlamışdılar… Ondan əlavə, 15 il, 8 il yatanlar var orada. Yalan yerdən yatızdırırlar.
Orada Nazim var idi, qaziləri söydü, bütün qazilərə qarşı ağır təhqir sözləri deyirdi. Ona görə onu söydüm, sonra da vurdum. Bundan sonra təzədən məni bağladılar. Nazim qaziləri təhqir edirdi. Qaziləri təhqir edəndə də elə bil ki, şahidləri təhqir edirsən də”.
Nurlan Librenin ehtimalına görə, İbadovun intihar etməsinə səbəb 1 saylı Respublika Psixiatriya Xəstəxanasıda onu müalicə etmək əvəzinə pis rəftara məruz qoyan tibb işçiləridir.
“İntihar etməzdən bir gün əvvəl mənə zəng elədi. Özünü pis hiss edirdi. Mənə dedi ki, başıma gələnlərlə bağlı müsahibə vermək istəyirəm. Orada onunla çox davranmışdılar. Hönkür-hönkür ağlayırdı. Məndən kömək istədi. Təəsüf ki, ona yardım edə bilmədim”.
Nizaməddin İbadovun atası Hidayət İbadov isə onun sözlərini təkzib edib. Ata deyib ki, oğlu xəstə idi və 15 gün əvvəl 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi:
“Özüm apardım onu xəstəxanaya, vəziyyəti çox çətin idi. İki gün əvvəl isə məndən xahiş etdi ki, onu oradan çıxarım. Heç bir incitmə olmayıb. Oğlum müharibə vaxtı kəllə-beyin travmasını almışdı”.
Nizaməddin İbadov bundan əvvəl dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında keçirilən etiraz aksiyalarında iştirak etmişdi və dövlət tərəfindən işlə təmin olunmasını tələb etmişdi.
2021-ci ilin dekabrında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Nizaməddin İbadovun məşğulluq üçün müraciətini qeydə alsa da, sonradan onunla əlaqə saxlamağın mümkün olmadığını bildirmişdi.
Məsələ ilə bağlı saylı 1 saylı Respublika Psixiatriya Xəstəxanasından və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Müharibə iştirakçısı İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. O, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub. Hücum zamanı yaxınlığında mərmi partlaması nəticəsində başından zədə alıb.
Müharibədən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan Nizaməddin İbadov ailəli və 2 övlad atası idi.
İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə Azərbaycanda onlarla müharibə iştirakçısı intihar edib.
Mütəxəssislər bunu onların keçirdikləri sarsıntıları, yetərli psixoloji dəstək ala bilməməsi, sosial çətinliklərlə üzləşməsi ilə izah edir.