“Qarabağ klanı” əhalini Paşinyana qarşı aksiyalara çağırdı

Foto: sputnik

Siyasi şərhçi düşünür ki, proseslər Rusiyadan idarə olunur

Mayın 22-də Dağlıq Qarabağ “parlamenti”nin fövqəladə iclası keçirilib.

Toplantıda Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması ilə bağlı bəyanatı müzakirəyə çıxarılıb.

Dağlıq Qarabağ “parlamenti” müzakirədən sonra yaydığı bəyanatda Paşinyanın Ermənistanın Konstitusiyasını kobud şəkildə pozduğunu qeyd edib:

“Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini və Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığı hər hansı sənədin qəbulunu qadağan edən Konstitusiyasını kobud şəkildə pozur. Bizim üçün Nikol Paşinyanın “Artsax”ın (ermənilər Qarabağı belə adlandırır) suverenliyinə, xalqımızın öz müqəddəratını təyinetmə hüquqlarına məhəl qoymayan hər hansı bəyanat qəbuledilməz və faydasızdır. Artsax heç vaxt seçdiyi yoldan əl çəkməyəcək”.

Ermənistanın keçmiş prezideni Serj Sarkisyan, həmçinin Dağlıq Qarabağın keçmiş liderləri Arkadi Qukasyan və Bako Saakyan da Baş nazirin bəyanatını qəbuledilməz sayıblar.

Ancaq onlardan fərqli olaraq sabiq prezident Robert Köçəryan “Dağlıq Qarabağ parlamenti”nə “Nə baş verdiyini indi başa düşdünüzmü” deyə sual edib.

R.Köçəryan daha sonra qeyd edib: “Mən öz növbəmdə prezidentlərə ünvanlanan ultimatum tələblərini yersiz və təhqiramiz hesab edirəm. Bu qədər sadəlövhsünüz? Son iki ildə Qarabağın açıq təslim olduğunu görməmək mümkün deyildi. Biz bu haqda ictimaiyyətə danışmışıq. Qarabağ Milli Məclisi (dörd deputat istisna olmaqla) çoxluğu ilə və onların rəhbərləri bizim xəbərdarlıqlarımıza heç bir reaksiya vermədilər”.

Erməni müxalifəti yaxın günlərdə aksiyalar keçirməklə bağlı çağırışlar da edib.

Konstantin Zatulin. Foto: “ru.armeniasputnik.am”

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Говорит Москва” radiostansiyasında Baş nazir N.Paşinyanın açıqlamasına reaksiya verib.

O deyib ki, Azərbaycan ermənilərin hüquq və təhlükəsizliyinə zəmanətlə bağlı bəyanatlara fikir verməyəcək:

“Ən yaxşı halda Azərbaycan guya erməni əhalisi ilə hansısa ədəb-ərkan normalarını qoruyub saxlamağa hazırlaşacaq və deyəcək ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Əgər qəbul etmirlərsə, o ərazini tərk etməlidirlər. Heç kim heç bir dövlətə öz vətəndaşlığını təbliğ etməyi qadağan edə bilməz, amma vətəndaşlıqdan çıxdığı halda əcdadlarınızın yaşadığı ərazini tərk etmək təklifi edilirsə, bu, deportasiyadan başqa bir şey deyil”.

Mövcud vəziyyəti Meydan TV-yə şərh edən politoloq Rauf Mirqədirov deyir ki, əvvəlcə Dağlıq Qarabağda kimlərin etiraz etdiyinə baxmaq lazımdır:

Yəni ermənilər, yoxsa ruslar etiraz edir? Əvvəla, Dağlıq Qarabağa ezam olunan Vardanyan və digərləri tamamilə Rusiyadan asılıdır. İkincisi, Rusiya sülhməramıları da bölgədə işğal administrasiyası yaradıb və elə bütün məsələləri də həmin administrasiya həll edir. Mən bölgədəki ermənilərin hamısının, yaxud əksəriyyətinin Azərbaycana inteqrasiya tərəfdarları olduğu qənaətində də deyiləm. Amma hazırda bölgədəki oyuncaq qurumlar-parlament,  prezident, hansısa nazirliklər və digərləri Kremlin birbaşa nəzarətindədir. Rusiya istəməsə, onlar da susacaq. Nikol Paşinyanın 22 may açıqlamasına etiraz edənlər də onlardır”.

Siyasi şərhçi xatıqlayıb ki, Rusiya lideri Putin və xarici işlər naziri Lavrov Ermənistan və Azərbaycanın dövlət başçılarının Praqada Alma-Ata bəyanatına istinad etmələrini etirazla qarşılamışdılar:

Əslində, Rusiya vasitəçi kimi sevinməliydi ki, bir-biri ilə münaqişədə olan tərəflər razılaşırlar. Onlar isə açıq şəkildə ermənilərə xitabən dedilər ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Rusiya isə başqa təklif irəli sürür, Qarabağın statusunu sonraya saxlamaq istəyir”.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Mirqədirov Ermənistanın sabiq prezidentləri Köçəryanın və Sarkisyanın da Rusiyaya bağlı siyasi fiqurlar olduğu qənaətindədir:

Onların siyasi-maliyyə dəstəyini təmin edən qüvvələr də Rusiyaya bağlıdır. Hazırda Paşinyana etiraz edənlər də bunlardır, hər ikisi də “Qarabağ klanı”nın nümayəndələridir. Düzdür, Sarkisyan Qarabağa sonradan gəlsə də, özünü həmin klana bağlayır. Amma bir məqamı nəzərə almalıyıq ki, onlar ciddi güc olsalar da, hadisələrə təsir imkanları müəyyən qədər daralıb. Məsələ ondadır ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində beynəlxalq aləmdə təklənməsi onlara da təsirsiz ötüşməyib. Bu, həmin qüvvələrin son ilərdəki aksiyalarının geniş vüsət almamalarında özünü göstərir”.

Rusiya meylli qüvvələrin yaxın gələcəkdə nələrə əl atacaqlarını proqnozlaşdırmaq çətindir. Ancaq hazırda Ermənistanda çox təhlükəli durum yaranıb. Bu qüvvələr bütün vaistələrdən istifadə edə bilərlər”, – deyə Mirqədirov fikrini yekunlaşdırıb.

Nikol Paşinyan. Foto: Meydan TV

Mayın 22-də Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı haqda açıqlama verib.

N.Paşinyan bildirib ki,  Ermənistan erməni əhalisinin təhlükəsizliyini təmin etmək şərti ilə Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazırdır.

“86 min 600 kvadrat kilometrə Dağlıq Qarabağ ərazisi də daxildir. Əgər biz bir-birimizi düzgün başa düşsək, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə 29 min 800 kvadratkilometrdə Ermənistanın ərazi bütövlüyünü tanıyır”, – deyə Paşinyan vurğulayıb.

Mayın 25-də Ermənistanın və Azərbaycanın dövlət başçıları Vladimir Putinin vasitəçiliyi ilə Moskvada görüşəcəklər.

Brüssel və Vaşinqton görüşü

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.

ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəDünya“Qarabağ klanı” əhalini Paşinyana qarşı aksiyalara çağırdı