Qarabağ əlili ilə ”Azərişıq” rəhbərliyindən evini istəyir

“İlham Hüseynov məni məhkəmə zalında, hakimin gözləri qarşısında ölümlə hədələyib”

Source:


“İlham Hüseynov məni məhkəmə zalında, hakimin gözləri qarşısında ölümlə hədələyib”

Qaxda əksəriyyət Qarabağ müharibəsi əlili İlqar Cəlilovla “Azərişıq” rəsmilərinin məhkəmə çəkişməsinin nə ilə nəticələnəcəyini maraqla izləyir. İlqar Cəlilov 3 ildir ki, haqqının bərpa olunması üçün çalışdığını deyir:

“Evim 2015-ci ilin martında alışıb yandı, kül oldu. Həyətimdən evimin külünü 16 “Kamaz”a doldurub apardılar. Müraciətim əsasında Fövqəladə Hallar Nazirliyindən yoxlama gəldi. Rəy verdi ki, yanğın elektrik xətlərində gərginliyin dəfələrlə artması səbəbindən yaranıb. O gündən bugünə qədər başıma gətirilməyən müsibət qalmayıb. “Azərişıq” ASC Şimal-Qərb Enerji Təchizatı Regional İdarəsinin rəisi İlham Hüseynov evimi tikib qaytarmaq əvəzinə məni məhkəmə zalında, hakimin gözləri qarşısında ölümlə hədələyib”.

Qaxın Qaxmuğal küçəsi, ev 5 ünvanında yaşayan Qarabağ əlili, 3 övlad atası İlqar İbrahimxəlil oğlu Cəlilovun sözlərinə görə, qonşularının da evlərindəki elektrik naqillərində yanğın başlayıb. Ancaq onlar evdə olduğundan yanğın tez söndürülüb.

Qarabağ əlili deyir ki, FHN-in belə bir rəy verməsi “Azərişıq” ASC Şimal Qərb Enerji Təhcizatı Regional İdarəsinin rəisi İlham Hüseynovun xoşuna gəlməyib.

Ona qəpik-quruş verməklə şikayətlərdən əl çəkməyə çalışıb:

“10 min manat təklif elədi, dedi ki, götür, yoxsa bunu da verməyəcəm. Ona dedim ki, əliləm, həmin pulla özümə ev tikə bilməyəcəm. Puldan imtina etdim, evimin tikilərək verilməsini istədim. Bundan sonra Qax Rayon Prokurorluğuna çağırıldım. Orada prokuror İslam Qasımov və köməkçisi Nazim Bağırov mənimlə olduqca sərt danışdılar. Pulu götürüb şikayətdən əl çəkməyimi istədilər. Bu, alınmayanda qarşıma bir torba narkotik qoyub dedilər ki, barəmdə narkotik maddələrin satışı ilə cinayət işi başlayacaqlar. Zor tətbiq edib ərizəyə qol çəkdirmək istədilər. Amma bacarmadılar. FHN-in rəyi ola-ola mənzilimin guya özümün qəsdən yandırdığımı dedilər, barəmdə əmlakı qəsdən məhvetmə maddəsi ilə cinayət işi başladılar”.

Qarabağ əlili deyir ki, baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət edib. Bundan sonra Baş prokuror Zakir Qaralovun qəbulunda olub:

“Araşdırdılar, barəmdəki cinayət işinə xitam verdilər. Elə oradaca Qax Elektrik Şəbəkəsinin vəzifəli şəxsləri Elşad Əlimov və Xəlil Bayramov barəsində cinayət işi başlandı. Məhkəmədə onların vəkili məni, ümumilikdə Qarabağ əlillərini və şəhid ailələrini təhqir etdi. Dava saldılar ki, prosesi pozsunlar. Bu da keçmədi. Böyük gərginliklərdən sonra hakim məcbur olub mənə dəyən 61 min 886 manat ziyanın ödənilməsi haqda qərar verdi. 3 ildir ki, məhkəmənin qərarı icra olunmur. Elşad Əlimov və Xəlil Bayramov deyir ki, biz kimik transformator təmir edək, saz vəziyyətdə saxlayaq. Bu işlərə İlham Hüseynov baxırdı. O, bizə transformatorların təmiri üçün ehtiyat hisslər versəydi, işimizi görərdik”.

İlqar Cəlilov deyir ki, ötən 3 ildə İlham Hüseynovun cəzalandırılması üçün şikayət etmədiyi ünvan qalmayıb: “İlham Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verdim. Hakim haqlı olduğumu bilə-bilə İlham Hüseynovu müdafiə etdi. İlham Hüseynov məhkəmə zalında dedi ki, məndən əl çək, yoxsa səni ağzından atdıracağam. Hakim də dayanıb onun üzünə baxırdı. Heç bir tədbir görmədilər. Mənə deyir ki, sənə görə 300 min manat xərcim çıxıb, 300 min də əlavə xərcləyəcəm, amma evini tikən deyiləm. İlham Hüseynov mənə dedi ki, transformatorları təmir etdirməyib pulunu vermişəm Baba Rzayevə, o da aparıb Prezident Adminstrasiyasına verib. Getdim “Azərişıq” ASC-nin sədri Baba Rzayevin yanına. Ondan soruşdum ki, niyə İlham Hüseynovdan pul alırsız. Belə bir şeyin olmadığını dedi, növbəti gün də İlham Rzayevi vəzifəsindən çıxardı. Sonra da aparıb Qəbələ Enerji Satışı İdarəsinə rəis qoydu. Tələb edirəm ki, mənə dəymiş ziyan ödənilsin”.

İlqar Cəlilov bildirdi ki, hazırda onun şikayəti üzrə iş Ali Məhkəmədədir. İyulun 5-də Bakıya gələrək məhkəmədə iştirak edəcək.

Meydan TV İlham Hüseynovdan münasibət öyrənə bilməyib. Dəfələrlə zəng edildiyinə baxmayaraq, qurumdan Meydan TV-nin suallarına cavab verilməyib.

Ana səhifəBölgəQarabağ əlili ilə ”Azərişıq” rəhbərliyindən evini istəyir