Qanunsuz tikililər söküləcək

Abid Şərifov: “Bələdiyyələrdə torpağı necə paylamaq və tikintiyə necə icazə verməklə bağlı çoxlu səhvlər var”

Source:


Abid Şərifov: “Bələdiyyələrdə torpağı necə paylamaq və tikintiyə necə icazə verməklə bağlı çoxlu səhvlər var”

Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək. Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Abid Şərifov deyib. “Trend”in məlumatına görə, Abid Şərifov bildirib ki, yaxın bir-iki ay ərzində bununla bağlı müvafiq qərarın qəbul ediləcəyi gözlənilir. A.Şərifov bildirib ki, bir neçə ay ərzində istər Bakı şəhərində, istəsə də respublikanın ayrı-ayrı bölgələrində evlərin və digər qanunsuz obyektlərin tikintisinə qarşı daha ciddi tədbirlər görməyi düşünürük.

Baş nazirin müavinin sözlərinə görə, elə yerlər var ki, vətəndaş məsələn oranın sürüşmə zonası olub-olmadığını bilmir. Lakin ona orada torpaq verilir: “O adam da başlayır həmin yerdə nəsə tikməyə. Bir müddət sonra isə orada hansısa səbəbdən sürüşmə baş verir və nəticədə həmin adamın xərci də batır. Bununla da biz vətəndaşlarımıza bilərəkdən və yaxud bilməyərəkdən problemlər yaradırıq. Kürün və digər çayların hövzəsində, selə qarşı tədbirlər görülən yerlərdə, kommunukasiyaların üzərində, yüksək gərginlikli elektrik xəttlərinin altında, qaz borularının üzərində rəsmi və qeyri-rəsmi evlərin tikilməsi üçün icazə verilməsi hallarına rast gəlmək olar. Yəqin ki, yaxın aylarda bu insanların təhlükəsizliyinin qorunması məqsədilə tədbirlərin görülməsi məsələsinə baxılacaq”.

A.Şərifov bildirib ki, ayrı-ayrı dövlət qurumlarında bəzi şəxslər qanunları lazımı səviyyədə bilmir və ya öyrənmir: “Elə götürək bələdiyyələri. Bələdiyyələrdə torpağı necə paylamaq və tikintiyə necə icazə verməklə bağlı çoxlu səhvlər var. Lakin biz bunun qarşısını almalıyıq. Çünki bu qanunsuzluqların sonu görünmür. Bunun qarşısını almaq üçün isə ilk növbədə istər vətəndaşları, istərsə də məmurları maarifləndirməliyik. Təəssüflər olsun ki, biz maarifləndirmə işləri ilə kifayət qədər məşğul olmamışıq”.

Onun sözlərinə görə, istər Bakıda olsun, istərsə də başqa bölgələrdə olsun, əgər evlər hansısa yol çəkilməsi və digər layihələrin həyata keçirilməsi ilə əlaqədar söküntü zonasına düşürsə, onlara mütləq kompensasiya verilir: “Əgər bu insanlar burada uzun müddət yaşayırlarsa, onların sənədi varsa da, yoxsa da heç bir sənəd istənilmədən onlara kompensasiya ödənilir. Metro tikintisi ilə bağlı “Dərnəgül”dən yüzlərlə ailəni, Hərbi Hospitaldan 200-dən çox ailəni, yaxud da “Sovetski” deyilən məhəllədən və digər onlarla misal çəkə biləcəyim yerlədən insanları köçürdük. Bu , dövlət başçısının göstərişidir. İnsanlar burada yaşayıbsa və hansısa səbəblərdən sənədləşməyibsə, insanları incitmək olmaz”.

Ana səhifəXəbərlərQanunsuz tikililər söküləcək