Qanunda dəyişiklik: Pensiyaçılara seçim hüququ veriləcək

Foto: Milli Məclis

Bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək

Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunacaq.

Milli Məclisdə hərbi qulluqçulara yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişikliyi müzakirə edilib.

Bundan sonra bəzi şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir.

Bəzi şəxslər kimlərdir:

  • hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər;
  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər;
  • hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər;
  • ali zabit heyətinə aid şəxslər.

Hazırda qüvvədə olan qanuna əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə yox, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.

Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır.

Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Güzəştli şərtlərlə pensiya hüququ alan şəxslər

“Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq”, – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev belə deyib.

O bildirib ki, 45-ci maddəyə təklif olunan dəyişiklik nəticəsində bu Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq: “Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq”.

Çoxuşaqlı analara sığorta stajı hədiyyə ediləcək

“Çoxuşaqlı qadınlara, sağlamlıq imkanları məhdud uşağı olan analara, uşaqlarını təkbaşına böyüdən atalara və qəyyumlara analoji proaktiv pensiya təyinatı mümkün olacaq və onlara da 2006-cı ilədək 25 il sığorta stajı hədiyyə ediləcək”, – deyə Musa Quliyev bildirib.

Övladlığa uşaq götürənlər

Azərbaycanda 5 və daha çox uşağı övladlığa və qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxa biləcək.

Bu da “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.

Musa Quliyev
Musa Quliyev. Foto: modern.az

Qeyd edilib ki, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlarla yanaşı, 5 və daha çox uşağı övladlığa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara, habelə 5 və daha çox uşağı səkkiz yaşınadək tərbiyə etmiş qəyyum qadınlara da güzəştli şərtlərlə erkən pensiya hüququ veriləcək.

Eyni zamanda, 5 və daha çox uşağı doğub, onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara uşaq sayından asılı olmayaraq 5 il güzəştli şərtlərlə erkən pensiya hüququnun verilməsi təklif edilir.

Hazırda qüvvədə olan qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

Pensiyaçılara seçim hüququ veriləcək

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.

Bu da “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik layihəsində nəzərdə tutulub.

Hazırda qüvvədə olan qanuna (34-cü maddə) görə, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla digər bütün növ əmək pensiyalarına keçmək mümkündür.

Layihəyə əsasən, isə bu istisna aradan qaldırılacaq.

Ailə başçısını itirməyə görə əmək pensiyası artır

Azərbaycanda ailə başçısını itirməyə görə əmək pensiyası artacaq.

Dəyişikliklə vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.

Eyni zamanda, pensiyaçı olan şəxs vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövr ərzində də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Şərti əmək pensiyaları kimlərə təyin ediləcək?

Azərbaycanda bəzi şəxslərə şərti əmək pensiyası təyin ediləcək.

Təklif edilən dəyişikliklə qanuna 1.0.1-1-ci maddə ilə “şərti əmək pensiyası” anlayışı əlavə edilərək qanunun 20-ci maddəsinin müvafiq maddələrində “almalı olduğu” sözləri “şərti əmək pensiyası” sözləri ilə əvəzlənir.

Bununla da gələcəkdə sözügedən maddədə nəzərdə tutulmuş şəxslərin ailə üzvlərinə təyin olunacaq əmək pensiyasının məbləğinin hesablanması mexanizmini daha da dəqiqləşdirəcək, eləcə də izafi məhkəmə çəkişmələrinin azalmasına nail olunacaq.

Təklif olunan maddə hər hansı bir kateqoriyadan olan şəxslərin hüquqlarının məhdudlaşdırılması və ya genişləndirilməsini nəzərdə tutmayaraq, sadəcə müvafiq maddələrin hüquqi mənasının aydınlaşdırılmasına və daha asan başa düşülməsinə hesablanıb.

“Əmək pensiyaları ilə bağlı qanuna dəyişiklikdən 17-20 min vətəndaş faydalanacaq”

“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər qəbul olunduqdan sonra ondan 17-20 min vətəndaş faydalanacaq və bunun üçün 4,2 milyon manat əlavə maliyyə vəsaiti tələb ediləcək”, – deyə Musa Quliyev bildirib.

Deyib ki, qanun layihəsinə təklif olunan dəyişikliklərdə kişilərin və qadınların pensiyaya çıxma yaşının unifikasiyası, çoxuşaqlı ailələrə güzəştlərin artırılması, eyni zamanda pensiyaya çıxma şərtlərinin sadələşdirlməsi kimi məsələlər yer alır.

Ana səhifəSosialQanunda dəyişiklik: Pensiyaçılara seçim hüququ veriləcək