Qaluzin: “Rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır”

Mixail Qaluzin. Foto: mid.ru

“İnsanların müsibəti üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir”

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşüb.

Görüş zamanı o, AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana rəhbərliyinə və xalqına başsağlığı verib.

“Təəssüf ki, bizim hamımızı əhatə edən bu faciə nəticəsində Azərbaycan, Rusiya və bir sıra digər dövlətlərin vətəndaşları həlak olub. Biz azərbaycanlı dostlarımızın ağrı və kədərini bölüşürük. Belə ağır bir vaxtda sizinləyik”, – Qaluzin bildirib.

O, bir daha xatırladıb ki, Rusiya tərəfi hər hansı nəticə çıxarmazdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır.

“Aktauda müvafiq komissiya işləyir. Rusiya və Azərbaycanın səlahiyyətli orqanları bir-biri ilə qarşılıqlı əlaqədədir. Araşdırma aparılır və biz hesab edirik ki, hər hansı nəticə çıxarmamışdan əvvəl rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır. İnsanların müsibəti üzərində spekulyasiya cəhdləri qətiyyən yolverilməzdir”, – Qaluzin bildirib.

AZAL-ın Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra sosial şəbəkələrdə qəzanın videogörüntüləri yayılıb.

Rus, həmçinin xarici hərbi blogerlər və aviasiya analitikləri təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən Ukraynaya məxsus pilotsuz uçan aparatla səhv salınaraq vurulması fikrini irəli sürüblər.

“Euronews” və “Reuters” Azərbaycan hökumətindəki mənbələrə istinadən xəbər verir ki, qəzaya Rusiya raketi səbəb olub.

Nəşrlər yazırlar ki, raket Qroznı üzərində “dron hava fəaliyyəti” zamanı Bakıdan Qroznıya uçan təyyarəyə atılıb. Raket təyyarənin yaxınlığında partlayaraq onu zədələyib.

“Euronews”un mənbələrinin məlumatına görə, zədələnmiş təyyarənin ekipajı təcili eniş tələb edib, lakin Rusiyanın heç bir hava limanında enişinə icazə verilməyib, bundan sonra onlara Xəzər dənizi üzərindən Aktau istiqamətində uçmaq əmri verilib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Bakının “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğramasına görə Rusiyanın üzr istəməsi ilə bağlı bəyanatlarından xəbərdardır, lakin hadisənin səbəbləri araşdırılana qədər qiymətləndirmək hüququ yoxdur.

AZAL və rəsmi Bakı isə dekabrın 27-də təyyarənin qəzaya uğramasına səbəbin fiziki və texniki xarici müdaxilənin olduğunu təsdiqləyib.

Ana səhifəSiyasətQaluzin: “Rəsmi araşdırmanın nəticələrini gözləmək lazımdır”