“Qalmışıq koronavirusdan əziyyət çəkənlərin əhatəsində”

Şikayətçilər bildirirlər ki, dünən polis həyətdə əlindəki siyahıdan 50-60 nəfərin adını oxuyub.

Source: Foto: google.az


Atletlər Kəndindən şikayətlər var

Bakıdakı Atletlər Kəndində karantində qalan insanların şikayəti var. Onların əksəriyyəti koronavirus testi pozitiv çıxdığı üçün bura gətiriliblər. Vətəndaşlar buradakı şəraitsizlikdən, problemlərdən, laqeyd münasibətlərdən bezdiklərini söyləyirlər.

Meydan TV-yə danışan şikayətçilər gələcəkdə yaşaya biləcəkləri problemlərdən ehtiyatlanaraq adlarının gizli qalmasını istəyirlər:

“Nazirlər Kabineti yanında Operativ Qərərgah işinə biganə yanaşır. Bizdən götürdükləri analizlərin cavabını vaxtında göndərmir. Nəticədə, sağlam olmağımıza baxmayaraq, əlavə neçə gün burada, koronavirusdan əziyyət çəkən insanların əhatəsində saxlanılırıq”.

Şikayətçilər bildirirlər ki, onlar bura təcili tibbi yardım həkimlərinin koronavirus diaqnozu ilə gətiriliblər. Bəziləri sonradan özəl klinikalarda öz vəsaitləri hesabına koronavirus testi etdiriblər. Həmin testin nəticəsi neqativ çıxıb. Buna baxmayaraq, yenə də onları burada saxlayıblar:

“Üstəlik, bizi bura gətirəndə demişdilər ki, 1 həftənin tamamında ikinci dəfə testdən keçəcəyik. Ancaq bəzilərimiz 8, bəzilərimiz 9, bəzilərimiz isə 14 gündür ki, burdayıq. Bir söz demirlər. Bir neçə tanıdığımız insandan test götürüblər. Ancaq cavabını açıqlamayıblar. Analizlərin nəticəsini vaxtında gətirib ünvana çatdırmırlar. Bir neçə nəfər laboratoriyaya zəng edib, dava-dalaşla nəticəni öyrənib. Neqativ çıxanlar var. Ancaq bizi buraxmırlar. Qalmışıq həqiqətən koronavirusdan əziyyət çəkənlərin əhatəsində”.

İnsanların narahatlığı var. Deyirlər ki, test nəticələri neqativ olduqları halda burada saxlanmağın adı nədir? Dəfələrlə həkimlərdən soruşublar. Onlar belə bir yerdə yoluxma təhlükələrinin olduğunu söyləyib. Şikayətçilər narahatdırlar, deyirlər, test nəticələri neqativ çıxan insanların xəstələrin əhatəsində saxlanması nə dərəcədə doğrudur:

“Özü də bizim durumumuz normaldır. Heç bir simptom yoxdur. Özümüzü yaxşı hiss edirik. Kimsə işinə səhlənkar yanaşır, öz keyfi ilə oturub-durur deyə, insanlar burada nahaqdan günlərlə saxlanılırlar. Onlar ailələrindən boş-boşuna uzaq tutulur”.

Atletlər Kəndində qalanlar həm də şəraitsizlikdən şikayətçidirlər. Yeməkələrin vaxtlı-vaxtında verilməməsindən, suyun kəsilməsindən və laqeyd münasibətdən bezdiklərini deyirlər:

“Buradakı insanların hamısı əsəbidir, stressdədilər. Bizim durumumuz Atletlər Kəndinin qərərgahına ötürülmür. Məsələn, bizim məlumatlarımız qərərgaha ötürülməlidir ki, onlar sağlam adamların siyahısını tərtib edib, buradan evə göndərələr. Heç kim əhəmiyyət vermir bu şeylərə.

Zəng edirik 1542 operativ qərərgahın nömrəsinə. Deyirlər ki, yaxşı, sizin məlumatı qeyd etdik. Dedikləri ancaq budur. Sonra da heç bir iş görülmür. Bu adamlar bundan başqa bir işlə məşğul deyillər. Faydaları yoxdur. Zəng edib ağzımızı yoruruq sadəcə, heç kim heç bir tədbir görmür”.

Şikayətçilər bildirirlər ki, dünən polis həyətdə əlindəki siyahıdan 50-60 nəfərin adını oxuyub. Bildirilib ki, onlar sağalıb, evə gedəcəklər:

“Mən 8-ci mərtəbədə idim. Qonşulardan biri çağırdı ki, gəl, ad çəkirlər. Belə ad çəkirlər? Bəlkə mən eşitməyəcəm. Bir mikrofon yoxdur? Bir polis əməkdaşı həyətdə durub ad sayır. O siyahıda 60-a yaxın ad var idi. Adıçəkilən insanların varlığına inanmaq mümkün deyil. O qədər ad çəkildi. Bu boyda binada bir nəfər çıxıb getmədi. Biz ən azından lift səsi eşitmədik, qapı səsi gəlmədi. Allah bilir, o oxuduqları nə siyahısı idi. Bəlkə də bizdən əvvəl gələnlərin adı idi. Bilmirəm, artıq bunlara heç kimin inamı yoxdur. Bizim binadan əminəm, bir nəfər də getmədi. Üzbəüz binadan da kiminsə çıxdığını görmədik. Bu adlar kimin idi?”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə şikayətlərlə razılaşmır. O, Meydan TV-yə deyib ki, karantində qalan insanlar yeməklə və digər lazımi ləvazimatlarla təmin edilirlər, şəraitləri normaldır:

“Hətta kənardan yemək gətirilməsi də qadağandır. Şikayəti edən kimdir? Konkret adı açıqlansın, biz araşdıraq”.

Şikayətçilər isə adlarını açıqlaya bilməyəcəklərini söyləyirlər.

Ana səhifəSosial“Qalmışıq koronavirusdan əziyyət çəkənlərin əhatəsində”