Küçədə üzü-gözü əzilmiş, dodaqları şişmiş, əlləri, qolları bənövşəyi ləkələrlə “bəzədilmiş” qadınlar görəndə, yəqin, çoxunuz yaxınlaşıb başına nə gəldiyini soruşmaq, onlarla danışmaq, necəsə kömək etmək istəyirsiz… Hər kəsi bunları kimin etdiyi maraqlandırır: ələ-ələ tutub yeridiyi insan? Ya bəlkə yaşadığı evdə atası? Bəlkə qardaşı, anası, əmisi, dayısı?… Və nə üçünsə günahkarı ona yad olan insanların arasından axtarmaq istəyirik. Niyə?..
Cənubi Qafqazda məişət zorakılığı mövzusu tabu mövzular siyahısına daxildir. Bu məqalənin üzərində işləməyə başlayanda respondent tapmaq məqsədilə “Facebook”dakı müxtəlif qadın qruplarını araşdırdıq, dostlarımıza zəng vurduq, qohumlarımızın arasında axtardıq. Və qadınların necə əziyyət çəkdikləri və çəkməyə davam etdikləri haqqında saysız əhvalatlarla qarşılaşdıq. Onların arasında hər üç ölkənin fərqli şəhərlərində yaşayan, müxtəlif milli mənsubiyyətli çox gənc qızlar da vardı, yetişkin qadınlar da, evdar və işləyən xanımlar da.
Çox təəssüf ki, onların hər birinin hekayətini danışa bilmirik.
İrina (adı dəyişdirilib) – Tbilisidə yaşayır. 45 yaşı, mehriban təbəssümü, sarı, dalğalı saçları və son dərəcə kədərli gözləri var. O, öz zəhməti ilə, ləyaqətlə yaşaya bilmək üçün bir neçə ofisdə təmizlik işləri aparır. İrina öz əhvalatını bir qədər utana-utana danışır.
Deyir ki, 17 yaşı olanda bir oğlanla görüşməyə başlayıb: “18 yaşımda o, məni zorladı. Qollarımı bağladı, oxlovla döyüb xalatımı cırdı. Başıma gələnləri hətta anama da danışmağa qorxdum. Çünki bilirdim ki, “günah özündədi” deyəcək. Üstəlik oğlan məni qorxutdu ki, artıq bakirə olmadığımı hamıya xəbər verəcək”.
İrina deyir ki, hər şeyə rəğmən həmin adamı sevirmiş: “Biz evləndik və o, məni döyməyə davam elədi. Narkotik istifadə eləməyə başlamışdı, tapmayanda “lomka” vəziyyətində uzanıb mənim boğazımdan yapışırdı və “əgər mən ölsəm, mənimlə birgə sən də öləcəksən” – deyirdi.
Bir dəfə narkotiklərin təsiri altında, az qala, məni damdan atacaqdı”.
Asmik Xaçatryan Ermənistandandır, 30 yaşı var, iki uşaq anasıdır. Asmik doqquz il fasiləsiz zorakılığa məruz qalıb:
“Ərim doqquz il boyunca məni döyüb. Hər şeyə görə döyürdü. Onu tərk edəcəyimi deyəndə cavab verirdi ki, getsən, bir də heç vaxt uşaqlarını görməyəcəksən, amma döyülməkdən ölsən, boynuna kəndir salacam və deyəcəm ki, özünü asıb. Deyəcəm ki, psixi cəhətdən xəstə idi…”
Məhluqə Kazımova (adı dəyişdirilib) Bakıda yaşayır. Uzun qarasaçlı, hündürboylu, qədd-qamətli qadındır. Həmsöhbətini dərhal cəzb edir. Məhluqə kədərə deyir ki, onun həyatını elə bu cazibəsi korlayıb.
Məhluqə üç dəfə ərdə olub, hər dəfə də qısqanc ərləri və onların qohumları tərəfindən döyülüb, alçaldığına görə boşanıb:
“Birinci ərim özü döymürdü, anası, xalaları və nənəsi döyürdü. O isə məni qətiyyən müdafiə eləmirdi. Özünü elə aparırdı, elə bil, bədənimdəki, üzümdəki çapıqları, qançırları görmür. Onun qohumları məni müxtəlif səbəblərlə döyürdülər. Əsas bəhanələri də o idi ki, mənim anam “həddindən artıq müasir geyinir”. Deyirdilər ki, mənim nəslimdə hamı fahişədi, təbii ki, mən də elə olacam.
İkinci ərim özü döyürdü və çox amansızlıqla. O, Qarabağ müharibəsi veteranı idi, cəmiyyətdə hörməti vardı. Ancaq müharibə onu çox qəddar və aqressiv insana çevirmişdi. Üçüncü ərim, demək olar ki, hər gün döyürdü”.
Bu əhvalatları dinləyəndə bir şeyi düşünürsən: niyə belə əhvalatların sayı çoxalıb? Bəlkə elə 20-30 il əvvəl də çox imiş, sadəcə bizim xəbərimiz olmayıb? Bəlkə Sovet İttifaqı dağılandan, mövcud sosial təminatlılıq yoxa çıxandan sonra işsizlik geniş yayıldı, “işləyən sovet qadını” statusunu və sahib olduqları cüzi sosial təminatı itirən evli xanımlar ərlərindən asılı hala düşdülər, onları “ailəni dolandırmağa” qadir olan yeganə adam kimi görməyə başladılar?
Gəlin, baxaq görək, vəziyyət nə qədər ciddidir.
Statistika
Gürcüstan DİN-in məlumatlarına görə, 2014-cü ildə 742 qadın məişət zorakılığına məruz qalıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatlarına görə, 2014-cü ildə Azərbaycanda bu rəqəm 721 olub (cinayət işinin açıldığı hallar).
Elə həmin ildə Bakıda keçirilən beynəlxalq konfransda məişət zorakılığı ilə mübarizə mövzusunda məruzə edən Azərbaycanın baş nazirinin müavini Elçin Əfəndiyev NATO-nun yüksək səlahiyyətli nümayəndələrinin hüzurunda bəyan edib ki, 2014-cü ildə 2134 məişət zorakılığı hadisəsi qeydə alınıb.
Ermənistanda 2015-ci il ərzində polis 857 məişət zorakılığı hadisəsi qeydə alıb.
“Qadınlara qarşı zorakılıq əleyhinə” koalisiyasının məlumatına görə, son üç il ərzində “qaynar xətt”ə 5500 zəng daxil olub, onlardan, təxminən, 2000-i 2015-ci ildə qeydə alınıb. Cari ilin birinci yarımilliyində isə təkcə “Qadınlara dəstək mərkəzi” ailədaxili zorakılıq şikayəti ilə “qaynar xətt”ə daxil olan 513 zəngi qeydə alıb.
Təkcə son üç ilə dair məlumatlara əsasən, Ermənistanda ölümlə nəticələnən 30 ailədaxili münaqişə halları qeydə alınıb.
DİN məlumatına əsasən, Azərbaycanda 2014-cü ildə 21 qadın ailədaxili zorakılığın qurbanı olub. Gürcüstanda 2014-cü il üçün bu rəqəm 34-ə çatıb (Gürcüstan DİN).
“Qadınlara dəstək mərkəzi” ictimai təşkilatının rəhbəri Maro Matosyan (Ermənistan) kədərlə deyir:
“Bizə 15-20 il zorakılığa məruz qalmış insanlar müraciət edirlər. Belə zorakılıqların heç bir sərhəddi yoxdu. O, yağışdan sonra çıxan göbələklər kimi günü-gündən artır. Və bu gün biz son dərəcə kədərli bir vəziyyətlə üz-üzəyik…”
Gürcüstan və Azərbaycanda qanun var, Ermənistanda yox?
Hər üç ölkədə qanunlar fərqli olsa da, onların hamısı ailə üzvlərinə, o cümlədən, kənar şəxslərə də vücuda yüngül və ağır zədələr vurmağı, intihar həddinə çatdırmağı, cinsi mənsubiyyətindən asılı olmayaraq hər hansı ailə üzvünün ləyaqətini alçaltmağı, təhqir etməyi qadağan edir. Amma xüsusi qanunlar da var…
Azərbaycanda “
Məişət zorakılığının qarşısının alınması haqqında qanun
” 2010-cu ildə qəbul olunub. Bu qanun, zorakılıq törətmiş şəxslərə qarşı cinayət işinin açılmasını, həmçinin zərərçəkənlərə müvəqqəti maddi, psixoloji və hüquqi yardımın göstərilməsini nəzərdə tutur.
2006-cı ildə Gürcüstanda “məişət zorakılığı ilə mübarizə” haqqında qanun qəbul edilib. Bir qədər sonra ölkənin Cinayət Məcəlləsinə məişət cinayətləri ilə bağlı düzəlişlər edilib. Bunlar 126 və 11-ci bəndlərdir. Sözügedən bəndlərdə göstərilir ki, cinayət evdə ailə üzvləri tərəfindən törədilib. 2014-cü ildə İstanbul Konvensiyası imzalanıb. (qeyd: qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında sənəd), lakin bu günə qədər sənəd ratifikasiya olunmayıb. Həmçinin Gürcüstanda məişət zorakılığının qurbanı statusunun verilməsi mexanizmi mövcuddur. Bu mexanizm insana sığınacaqlara yerləşdirilmə, psixoloji reabilitasiya və ya hüquqi yardım kimi dövlət xidmətlərindən istifadə etmək imkanı yaradır.
Ermənistanda hələ də ailədaxili zorakılıqla bağlı konkret qanun yoxdur. 2013-cü ildə ictimai təşkilatlar tərəfindən “ailədaxili zorakılığın qarşısının alınması” haqqında qanun layihəsi hazırlanıb və Milli Məclisin, dövlət və hüquqi məsələlər üzrə komitənin müzakirəsinə verilib. Lakin hələ də bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Hazırda qanun layihəsinin müzakirəsini Ədliyyə Nazirliyi öz üzərinə götürüb. Ailədaxili zorakılıq halları Ermənistan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.
Ailədaxil zorakılıq problemləri ilə məşğul olan ictimai təşkilatlar bu tip zorakılığa qarşı qanunverici aktın qəbul olunmasını tələb edirlər. Onlar əmindilər ki, bu sahə xüsusi qanunla tənzimlənməlidir, çünki mövcud vasitələr zorakılığın qarşısının alınması və günahkarların cəzalandırılması üçün kifayət deyil. “Ailədaxili zorakılığın qarşısının alınması haqqında qanun” layihəsində zorakılığa məruz qalan şəxslərin lazımi müdafiə alması və təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi tədbirlər və məhdudiyyətlər nəzərdə tutulub”, – “Qadın Resurs Mərkəzi” ictimai təşkilatının rəhbəri Laura Aqaronyan deyir.
Vəkil Nona Qalstyanın fikrincə, belə qanun movcud olsaydı, problemlər daha asan və dəqiq həll olunardı və hüquqi tənzimləmələrin çərçivəsindən çıxmağa ehtiyac qalmazdı.
“Ən vacib faktor odur ki, bu qanun cəzaverici yox, xəbərdarlıqedici gücə malik olacaq”, – Qalstyan deyir.
Həm ayıbdı, həm yazığın gəlir, amma yardım edəcək kimsə yoxdu?
Məişət zorakılığının qurbanları öz hüquqları haqqında nə bilirlər? Onlar bilirlərmi ki, polis də, məhkəmə də onları qorumağa borcludu? Onlar bilirlərmi ki, döymək, alçaltmaq – qeyri-qanunidir? Bilirlərmi ki, ailə üzvlərinin onları döyməyə, alçaltmağa, onların taleyini, hərəkətlərini idarə eləməyə ixtiyarları yoxdur?
“Mən başıma gələnləri hətta valideynlərimə də danışa bilmirdim, ümumiyyətlə, heç kimə danışmırdım, utanırdım. Başa düşürdüm ki, bu qanunsuzluqdur, amma necə və kimə şikayət edəsən?”, – İrina göz yaşları içində söyləyir.
Məhluqə deyir ki, döyülməyinin qanunsuzluq olduğunu çox gözəl bilirdi və polisə müraciət etsəydi, keçmiş ərlərinə və onların qohumlarına qarşı cinayət işi açardılar: “Amma polisə müraciət etməyi heç ağlıma da gətirmirdim. Qohumlarım nə deyərdi? Ərimdən, onun yaxınlarından şikayət eləmək? Axı, ayıbdı…”
İrina əri ilə aşağı-yuxarı dörd il yaşayıb. Sonra o, pul qazanmaq üçün Rusiyaya gedib və yoxa çıxıb. Daha sonra bir dostu gəlib və onun öldüyünü deyib. Xəbər İrinaya ağır təsir edib:
“Mən üç il ağladım, sağlamlığımı itirdim, uşağa fikir vermədim, ərimə çox yazığım gəlirdi… O, valideynlərsiz böyümüşdü, bilirdim ki, uşaqlığı çox ağır keçib. Odur ki, onun niyə elə olduğunu anlayırdım. O, məni hər gün döyürdü, amma mən heç qışqırmırdım da. Ona görə də heç kimi xəbəri yox idi…”.
Özü üçün bu stereotipi sındıra bilmiş Asmik Xaçatryan deyir: “Səni alçaldırlar, incidirlər, ağrıdırlar, sən isə özünü inandırırsan ki, kişisiz yaşaya bilməzsən və bu evi tərk eləsən, məhv olacaqsan. Zorakılığa məruz qalan qadınlardan tez-tez belə bir şey eşidirəm. Deyirlər ki, onlar övladlarımızın atasıdı, onları necə məsuliyyətə cəlb eləmək olar? Onunla necə boşanım, onu necə tək qoyum? ”
Maro Matosyan hesab eləyir ki, Cənubi Qafqaz ölkələri hələ də patriarxal cəmiyyətin qanunları ilə yaşayırlar. Bu qanunlar isə ailədə kişinin hökmran, qərarverən və həlledici olduğunu deyir: Qadınlar hərdən polisə müraciət etsələr də, ərlərindən şikayətlənməyə qorxurlar. Təşkilatın “qaynar xətt”inə zəng vuranda da başlarına gələn hər şeyi danışırlar, amma onlara kömək edəcək insanların yanına getməkdən imtina edirlər”.
Psixoloqun fikrincə, ən böyük problem qurban qadınların hiss etdikləri utanc duyğusudur: “Onlar “boşanmış qadın” söz birləşməsindən utanırlar, qorxurlar. Ərlərindən, ailə üzvlərindən şikayət etməkdən utanırlar…”, – Matosyan deyir.
Polis nəyi qoruyur:qanunu, yoxsa əxlaqı?
Cənubi Qafqaz ölkələrinin təcrübəsi göstərir ki, hərdən hətta polisə müraciət də problemi həll etmir.
Cari ildə Gürcüstanda bir həftə ərzində məişət zəminində və qısqanclıq səbəbilə bir neçə qadın qəddarlıqla qətlə yetiriləndən sonra iyulun 14-də hüquq müdafiəçiləri küçələrə çıxdılar. Gürcüstan DİN-in əsas binası qarşısında müstəqil “Qadın hərəkatı”nın nümayəndələrinin təşəbbüsü ilə etiraz aksiyası keçirildi. Aksiya iştirakçıları hüquq-müdafiə orqanlarının fəaliyyətsizliyinə qarşı etirazlarını bildirdilər. Təxminən, 20-yə yaxın aksiya iştirakçısı əllərində “Polis, oyan!” yazılmış plakatlar tutmuşdular.
Mariyanın (adı dəyişdirilib) 26 yaşı var. İctimai fəaldır. 18 yaşında özündən on yaş böyük insana ərə gedib. Valideynləri bu evliliyə qarşı çıxıblar, onlar hesab edirdilər ki, öz həyatını yoluna qoymaq lazımdı, ailə qurmaq yox. Amma Mariya valideynlərini dinləməyib və müstəqil qərar qəbul edib:
“Elə ikinci həftə məni döydü, çünki evdə oturub evdar qadın olmaq istəmirdim. Onunla beş il altı ay daima döyülə-döyülə, söyülə-söyülə yaşadım”, – Mariya deyir.
Onun döyülməyinə nə onlarla birlikdə yaşayan ərinin valideynləri, nə də qonşular reaksiya verməyiblər.
“İki il əvvəl, o, növbəti dəfə məni döyəndə xalat və başmaqlarda evdən qaçdım. O da ardımca çıxdı. Qonşular hər şeyi görürdülər, amma heç kim qarışmadı, heç polisə zəng vuran da olmadı. Onlar fikirləşirdilər ki, bu, ailədaxili məsələdi və qarışmaq lazım deyil. Mənim kürəyimdə böyük bir çapıq var – o, məni itələdi, başım qapının tininə dəydi, huşumu itirdim”.
Mariya ərindən yalnız iki il əvvəl ayrıla bilib. O, iş üçün xaricə gedib, Mariya isə valideynlərinin yanına köçüb. İki il boyunca əri ona zəng vurub, hədələyib. Bir ay əvvəl isə qayıdıb və
Mariyanı incitməyə başlayıb:“O, daima məni izləyir. Bu yaxınlarda dedi ki, otur maşına, danışmalıyıq. Ancaq sonra “biz birlikdə öləcəyik” deyərək qəza törətdi. Mən polisə müraciət elədim, onlara hər şeyi danışdım, məni hədələdiyi telefon danışıqlarının səsyazısını apardım. Polisdə mənə cavab verdilər ki, bu sizin ailə məsələnizdi, amma istəyirsizsə,order yaza bilərik”. Asmik Xaçatryan da polis əməkdaşlarının ona dediklərini xatırlayır: “Boşanırsan? Neynəyək? Bax! Boşanmış qadınlar ya fahişəliklə məşğul olurlar, ya da restoranlarda ofisiant işləyirlər”.
Asmik özündə güc tapıb hüquq-mühafizə orqanlarına ərindən şikayət edəndə bu cavabı almışdı.
İxtisaslaşmış “İkimiz” Psixoloji Mərkəzinin əməkdaşı Anuş Aleksanyan qeyd edir ki, polis öz xidmətlərini yalnız kişilərin stereotiplərinə uyğunlaşdırır.
“Onlar, sənə təhqir olunduğun, incidildiyin ailədə yaşamağı təklif edirlər. Bəs bu, əxlaqsızlıq deyil? Polis hüquqları qorumaq yerinə sadəcə məsləhət verir”, – Aleksanyan deyir.
“Azərbaycanda polis sadəcə vəzifəsinin tələbi ilə “sakitləşdirici sülh” danışıqları aparır. Çünki “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda bildirilir ki, aidiyyatı orqanlar danışıqlar aparmalı və ailədə əmin-amanlığı bərpa etməyə çalışmalıdırlar”, – hüquqşünas Fariz Namazlı deyir.
“Qadınlara Dəstək Mərkəzi” ictimai təşkilatının vəkili Nona Qalstyan isə qeyd edir ki, polis, bu tip hadisələrdə laqeydlik nümayiş etdirir.
“Hətta qismən təcavüzkarın tərəfinə meyllənirlər və bunu onunla əsaslandırılar ki, ailədaxili mübahisə ailənin öz işidir, bu görə vəziyyəti gərginləşdirmək lazım deyil. Sadəcə evə gedib, münaqişəni özünüz həll etməlisiz”.
“Gürcüstanın gənc hüquqşünasları” Assosiasiyasının nümayəndəsi Nino Çixladze, təxminən, on ildir ki, məişət zorakılığı mövzusu üzərində işləyir. Onun sözlərinə görə, təbii ki, qanunverici bazanın olması vacibdir, amma “2014-cü ildə baş verən 34 qətldən bəzilərinin qurbanları bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib, amma düzgün reaksiya almayıb”.
Əks fikirlər də var. Azərbaycanda “Təmiz dünya” təşkilatına kömək almaq üçün müraciət edən məişət zorakılığı qurbanlarının əksəriyyəti etiraf edib ki, 102 (polis) xidməti artıq dərhal reaksiya verir. Təşkilatın direktoru Mehriban Zeynalova təsdiqləyir ki, o özü polisin problemi necə effektiv şəkildə çözdüyünün şahidi olub: “Mən dəfələrlə polisin cəld reaksiya verdiyinin şahidi olmuşam. Ancaq onlar barışdırıcı söhbətlər də aparırlar”.
Cinayət var, bəs cəza?
2014-cü ildə 20 yaşlı Məryəm Gevorqyanın başına gələnlər Ermənistanı sarsıtdı. Qayınanası Aykanuş Mikaelyan və onun oğlu David Ziroyan Məryəmə amansız işgəncələr vermişdilər. Qayınanası onun kürəyinə, sinəsinə qaynar ütü basmış, bədəninə çəngəl batırmış, qusmağını yeməyə məcbur eləmişdi… Məryəm evdən qaçıb onlardan şikayət edəndən sonra qayınanası Ermənistan Respublikası CM-nin 113-cü (orta dərəcəli ağırlıqda zərər yetirmə” və 119-cu (işgəncə) maddələri ilə üç il azadlıqdan mərhumetmə cəzası almış, ərini isə amnistiyaya düşdüyü üçün elə məhkəmə zalından azadlığa buraxmışdılar.
Asmik Xaçatryanın əri – doqquz il arvadını döymüş Sarkis Akopyanı isə məhkəmə ilyarımlıq həbsə məhkum eləmişdi. Həmçinin onu da amnistiyaya düşdüyü üçün məhkəmə zalından azadlığa buraxmışdılar.
Öz həyat yoldaşını döyən, alçaldan adam heç vaxt cəza almayıb, heç bircə gü ndə azadlıqdan mərhum edilməyib.
İşə Ermənistan Respublikası CM-nin 119-cu maddəsi (isgəncə vermək) üzrə baxılırdı, lakin sonra o, CM-nin 117-ci maddəsi ilə əvəz olundu (sağlamlığa məqsədli şəkildə zərərvurma). Və bu, o vaxt baş verdi ki, məhkəmə tibbi ekspertizası ərinin zərbələrindən Asmikin qulaq pərdəsinin cırıldığını, Sarkisin siqaretlə onun əlini yandırdığını, burnunu sındırdığını, təpiklə, əlləri ilə periodik olaraq onun başına zərbələr endirdiyini sübut eləmişdi.
Lap buyaxınlarda bənzər hadisə Azərbaycanda baş verib. Qutama Rukiyevanın əri və ərinin ailəsi səkkiz ay boyunca onu döyüblər, bədəninə çoxsaylı bədən xəsarətləri yetirib və onu alçaldıblar.
Məhkəmə isə Qutamanın əri Afiyəddin Malikovu dörd il müddətinə azadlıqdan məhrum edib. Səkkiz ay boyunca onu döyən qayınana və qayınatasını isə iki illik şərti cəza ilə azadlığa buraxıblar.
Hüquqşünas Nino Çixladze hərdən təcavüzkarların layiq olduqları cəzanı almadıqları ilə razıdır: “Biz 2014-cü ildə Gürcüstanda törədilmiş qətllərlə bağlı məhkəmə proseslərinin monitorinqini aparmışıq və deyə bilərəm ki, qatillərin aldıqları cəzalar törətdikləri cinayətlərin ağırlığına uyğun gəlmir. Onlardan birinə isə intihar həddinə çatdırmaya görə sadəcə 2000 lari cərimə kəsmişdilər”, -Ş. Çixladze deyir.
Ekspertin sözlərinə görə, qanunvericilik həm də qurbana pul kompensasiyasının verilməsini nəzərdə tutur, ancaq bu məbləğ nə qədərdi və onu hansı idarə ödəməlidir, dəqiqləşdirilmir.
Hüquqşünaslar onu da vurğulayırlar ki, hətta iş uğurla tamamlanıb məhkəməyə çatsa belə, orda yenidən yanlış hüquqi yanaşmalarla qarşılaşır. Onların müşahidələrinə görə, ailədaxili zorakılıq hallarında məhkəmə prosesləri göstərir ki, məsələn, Ermənistanın məhkəmə sistemində həyat yoldaşının döyülüb təhqir olunması ciddi cinayət sayılmır. Hakimlər həyatı necə başa düşürlərsə, elə işləyirlər. Ailədaxili zorakılıq nədir? Onlar elə hesab edirlər ki, ailədə yaranmış mübahisələr, dava-dalaş, fikir ayrılığı və digər problemləri ər-arvad özləri həll etməlidirlər və nə polisin, nə məhkəmənin, nə də heç kimin ailə işlərinə qarışmağa ixtiyarı yoxdur.
Maro Matosyan hakimlərin ədalətsiz hökm çıxartmasını bir neçə səbəblə əsaslandırır:
“Birinci – hakimlərin ailədaxili zorakılıq məsələlərində kvalifikasiyaları yoxdur; ikinci – korrupsiya, qohumların, tanışların təzyiqi vasitəsilə cinayət işləri bağlanır. Biz patriarxal cəmiyyətdə yaşayırıq və kişilər problemləri öz bildikləri kimi həll edirlər: rüşvətlə, tanışlıqla və güclə. Xatırlayırsınızsa, Məryəm Gevorqyanın əri məhkəmədə qışqırırdı ki, “2000 dollar qiyməti var, ödəyib işi bağlatdıracam!”, – Matosyan deyir.
Mentalitetin simaları və ya “günah özündədir” mantrası!
Qafqaz adətləri ilə tərbiyə almış qadınları ərləri döyəndə ağıllarına, ilk növbədə, valideynlərinin evi və böyüklərin müdafiəsi gəlir. Lakin valideynlər evə qayıtmış qızlarına nadir hallarda qucaq açırlar.
Asmikin anası Rima Xaçatryan etiraf edir ki, hər dəfə döyülmüş, təhqir olunmuş Asmik evə gələndə onu təkrar ərinin yanına göndəriblər, çünki həmkəndlilərindən utanıblar: “Bizə başqalarının fikirləri təsir edirdi, həm də namus məsələsi vardı”, – Rima Xaçatryan göz yaşları içində danışır.
İrina isə, ümumiyyətlə, heç vaxt valideynlərinə şikayət etməyib: “Nə deyəcəklərini bilirdim: “Günah özündədir!” Anam özü də uşaqlıqda məni döyürdü. Onun üçün bu normaldı…”.
Məhluqəyə isə bu barədə qardaşları deyiblər.
“Hər dəfə üz-gözümü qançır içində görəndə deyirdilər: “Özün adamı o həddə çatdırmısan. Elə şey olar ki, birinci də pis olsun, ikinci, üçüncü də?… Deməli, problem səndədir. Özün işi o yerə çatdırırsan ki, səni döyürlər”. Atamla qardaşlarım həmişə ərlərimin tərəfini tutublar. Deyirdilər: “Nə olsun? Biz də arvadlarımızı döyürük. Onlar niyə boşanmırlar?”, – Məhluqə incik halda xatırlayır.
Gürcüstanda fəaliyyət göstərən və 2003-cü ildən bəri bu problem üzərində işləyən “Zorakılıqdan müdafiə milli şəbəkəsi” QHT-nın sədri Nato Şavkaladze maraqlı bir hadisəni yadına salır. Məişət zorakılığına qarşı qanun layihəsi hazırlananda qeyri-hökumət sektorunun nümayəndələri yüksəkvəzifəli məmurlarla görüşməli olurdular.
“Onlar bizə skeptik baxırdılar, deyirdilər, bu, elə problemdir ki, Gürcüstanda heç kim ona qarışmayacaq. Hətta bir nəfər zarafatla indiyə qədər unutmadığım bir cümlə dedi: “Kaxetiyalı kişi arvadına sillə vurmayanda günəş səhv yerdə batır. Bu, onlarda artıq ənənədir. Bununla necə mübarizə aparacaqsınız?” Amma biz onların fikrini dəyişə bildik və onlar hətta bu qanunun lobbiləri oldular. Odur ki, insanların şüurunu artırmaq üzərində işləmək çox vacibdir”, – Şavlakadze söyləyir.
Qadınlara dəstək verən “Təmiz dünya” təşkilatının direktoru Mehriban Zeynalova da (Azərbaycan) təsdiqləyir ki, qadınların döyülüb alçaldılmasına onların ailələrində adi hal kimi baxırlar:
“Bizə gənci bir qadın müraciət etmişdi, sığınacağımızda yaşayırdı. Onun nə qədər qohumu zəng vurub evinə geri qaytarmağımızı tələb edirdi. Deyirdilər ki, ərinin heç bir təqsiri yoxdu, qadın ona böhtan atıb, bütün günahlar qadındadır. Bütün bunları qurban qadının qohumları deyirdilər. Birincisi, onlar qadının döyülməyini problem hesab etmirdilər; ikincisi, qızları ər evindən çıxmağa cəsarət elədiyinə görə utanırdılar…”.
“Əsas problemlərdən biri ondan ibarətdir ki, gürcü cəmiyyətinin əhəmiyyətli hissəsi hələ də məişət zorakılığını ailə üçün, ilk növbədə isə qadın üçün rüsvayçılıq hesab edir”, – Nato Şavkaladze deyir.
1997-ci ildən bəri sözügedən problem üzərində işləyən “Saxli” Qadın Məsləhətxanası Mərkəzinin direktoru Rusudan Pxakadzenin sözlərinə görə, cəmiyyətin bir hissəsi zorakılğa bəraət qazandırır. Və bu da mentalitetdən irəli gəlir: “Qurbanı müdafiə edə bilməyəndə başqa yerdə bəraət tapmağa çalışırsan. Buna görə günahın qurbanda olduğunu deyib, onu ittiham edirlər. 2014-cü ildən sonra qurbanın müdafiə mexanizmləri üzərində daha çox işləməyə başlayıblar. İnkişaf etmiş ölkələrdən nümunə götürürlər, amma hələlik bunların hamısı görüntü xarakteri daşıyır. Gürcüstanda kağız üzərində guya hər şey var, bu istiqamətdə nələrsə etməyə çalışırlar, ancaq hələ ki qurbanlar müdafiəsizdirlər.
Əyani nümunə – qanun 2006-cı ildə qüvvəyə minib, lakin yalnız 2016-cı ildə təcavüzkarlarla işləməyə başlayıblar – bu, artıq mexanizmlər haqqında bəzi şeylər deyir”.
Pxakadzenin sözlərinə görə, hər hansı zorakı əməlin qurbanı kişi olanda heç kim heç vaxt “o, buna layiq idi” deməyəcək. Lakın zorakılığa qadın məruz qalanda hər zaman “o, buna layiq idi” deyən biri tapılacaq.
“Bu, ikili standartlardır, odur ki, hələ ki, ölkəmizdə gender bərabərliyi haqqında danışmaq tezdir”, – psixoloq fikrini yekunlaşdırır.
Qurbanlar üçün sığınacaq
Doğmaları onları qəbul və müdaifə etmək istəməyəndə məişət zorakılığı qurbanları müdaifəni sığınacaqlarda axtarmalı olurlar.
Cənubi Qafqazda sığınacaqlar təəssüf ediləcək dərəcədə az olsa da, var. Gürcüstanda dörd dövlət sığınacağı var: Tbilisidə, Qoridə, Kutaisidə və Kaxetiya bölgəsində. Bir də qeyri-hökumət təşkilatlarının sığınacaqları mövcuddur.
Azərbaycanda qanun “məişət zorakılığı qurbanlarının sığınacaq və psixoloji yardım almaq hüquqları var” desə də, belə qurbanlar üçün heç bir dövlət sığınacağı yoxdur. “Təmiz dünya” təşkilatının direktoru Mehriban Zeynalova təəccüblə deyir:
“İnsan ticarəti qurbanları üçün, məhdud fiziki imkanlı uşaqlar üçün sığınacaqlar var, amma məişər zorakılığı qurbanları üçün yoxdur. Məişət zorakılığının qurbanı olan qadınlar üçün təkcə “Təmiz dünya” var”.
Ermənistanda “Qadınlara dəstək mərkəzi” 2009-cu ildən məişət zorakılığının qurbanlarına yardım edir. Həmçinin mərkəz Yerevanın bələdiyyə sosial işçiləri üçün təlimlər keçirir və Ermənistanın bölgələrində gənclərlə müzakirələr təşkil edir. Məqsəd sağlam nünasibətlərdə anlayış hissini tərbiyə etmək və erməni cəmiyyətinin patriarxal dəyərlərindən götürülmüş stereotiplərin mənfi təsiri haqqında danışmaqdır.
Nato Şavlakadze xatırlayır ki, məişət zorakılığının qurbanları olan qadınlar və uşaqlar üçün ilk sığınacağı açanda çoxu onları bu mövzunun tabu, toxunulmaz olduğuna, sığınacağa heç kimin gəlməyəcəyinə inandırmağa çalışıb. Lakin kömək istəyən qadınlar dərhal tapılıblar:
“Məişət zorakılığının nə milliyəti, nə sosial mənşəyi olur, o, bütün ölkələrdə var və təəssüf ki, hələ uzun müddət olacaq. Sadəcə hər ölkədə miqyası və reaksiya üsulları fərqlidir”.
Qadınlara dəstək verən “Təmiz dünya” təşkilatının direktoru Mehriban Zeynalova deyir ki, onların təşkilatı bir ildə 150-170 qadına sığınacaq verir: “Düzdür, onların arasında insan ticarətinin qurbanları da var, amma böyük qismi məişət zorakılığı qurbanlarıdır”.
Nato Şavlakadze kilsənin problemə münasibətinə də toxunur. Onun sözlərinə görə, bu sistemdə QHT-lərlə işləməyə razılıq verən kifayət qədər təhsilli, proqressiv insanlar var. Kilsənin nəzdində iki sığınacaq fəaliyyət göstərir:
“Yadımdadı ki, keşiş ailədaxili zorakılığın qurbanını yanımıza gətirmişdi və “mən onu başa sala, elə ərdən ayrılmaq üçün yola gətirə bilmədim. Bəlkə siz kömək edə bilərsiniz” – demişdi. Həmin qadın özü çox dindar idi, deyirdi: “Axı, mən möminəm, necə boşana bilərəm?!””
Bu vəziyyətdən çıxış yolu varmı?
Məhluqə təcavüzkar ərlərindən necə rahat ayrıla bildiyini danışır. Onun sözlərinə görə, ərinin qohumlarından ötrü “həddindən artıq müasir” anası olmasaydı, indi o, azad həyat yaşaya bilməzdi.
“Mənim anam xarakterli qadındır. Özünə həsəd doğuracaq qədər yüksək dəyər verir. Və qızlarından da həmişə bunu tələb edirdi. Hər üç boşanma zamanı ərlərimdən sırf onun köməyilə ayrıla bildim. Boşanmış qızlarına görə utanan analardan fərqli olaraq, mənim anam başını dik tutub gəzirdi və heç vaxt mənim incildilməyimə imkan vermirdi. Nə qardaşlarım tərəfindən, nə atam, nə də qohumlarım. Əgər elə anam olmasaydı, təsəvvür eləmirəm, taleyim necə olardı”.
Mehriban Zeynalova hesab edir ki, hər hadisə unikaldır. Hərdən qadının təhsilli, müstəqil olması bu məsələdə vacib rol oynamır: “Biz ixtisasca həkim olan bir qadını aylarla dilə tutmuşuq ki, onu döyən, təhqir edən təcavüzkar ərindən ayrılsın. O, cəsarət edə bilmirdi. Hərdən isə savadsız qadınlar çox tez qərar verirlər və onlara hörmət etməyən insandan ayrılırlar”.
Nato Şavlakadzenin fikri belədir: preventiv tədbirlərdən çox şey asılıdır.
“Mən bu mövzunun təkcə Qafqazda tabu olduğunu düşünmürəm.
Demək olar ki, bütün dünyada bu barədə bərkdən danışmağı sevmirlər. Cəmiyyətlə intensiv işləmək lazımdır. Bunun çox əhəmiyyətli rolu var”, – Şavlakadze deyir.
Həmin vaxt isə 26 yaşlı Mariya keçmiş əri ilə mübarizə aparmağa davam edir. Etiraf edir ki, ona çətindi, düşdüyü vəziyyətdən çıxış yolu görmür: “Onunla necə mübarizə aparacağımı bilmirəm. Hazırda mənim həyatım böyük sual altındadır. Tutaq ki, onu həbs edəcəklər. Amma hansı müddətə? Yatacaq, çıxacaq, yenə məndən əl çəkməyəcək. Mən artıq ölkəni tərk eləmək haqqında fikirləşirəm. Hazırda xilasımı yalnız bunda görürəm”.
Müəlliflər: Günel Mövlud (Azərbaycan) Edita Badasyan (Gürcüstan) Qayane Mkrtıçyan (Ermənistan)
Məqalə “Cənubi Qafqazın tabu mövzuları” layihəsi çərçivəsində hazırlanıb.