Qəzza müharibəsi dövründə Azərbaycan və Qazaxıstan İsrailin neftinin 70 faizini təmin edib

Azərbaycan nefti, foto: Reuters

Qəzza müharibəsi dövründə Azərbaycan və Qazaxıstan İsrailin neftinin 70 faizini Türkiyə və Rusiya üzərindən təmin edib

Həmin dövrdə 25 ölkə İsrailə xam neft və təmizlənmiş yanacaq tədarük edib.

Bu barədə Oil Change International təşkilatının yeni hesabatında bildirilir.

Yenilənmiş hesabatda 1 noyabr 2023–1 oktyabr 2025 tarixləri arasında İsrailə 25 ölkədən ümumilikdə 21,2 milyon ton xam neft və təmizlənmiş məhsul daşıyan 323 tanker reysi qeydə alınıb.

Bu göndərişlərin 171-i xam neft olub və ümumi həcmi 17,9 milyon ton təşkil edib. Hesabata görə, İsrailə daxil olan xam neftin 70 faizi Azərbaycan və Qazaxıstandan gəlib.

Azərbaycanın xam nefti Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılır. Hesabatda qeyd olunur ki, kəmər Türkiyədə sona çatdığı üçün rəsmi sənədlərdə mənşə ölkəsi kimi Türkiyə göstərilsə də, kəmərdən keçən bütün neft “Azeri BTC” kimi tanınır.

Qazaxıstan nefti də oxşar şəkildə sənədləşdirilir: Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qara dənizin Rusiya sahilindəki Novorossiyskə çatdırılan xam neft sənədlərdə Rusiya mənşəli kimi göstərilir.

Hesabat həmçinin 17 ölkənin İsrailə 152 tanker reysi ilə ümumilikdə 3,3 milyon ton təmizlənmiş neft məhsulu göndərdiyini göstərir. Bu göndərişlərin 45 faizi Rusiyadan gəlib.

ABŞ isə İsrailə doqquz reyslə 360 min ton JP-8 – hərbi aviasiyada istifadə olunan reaktiv yanacaq – və əlavə olaraq iki reys dizel yanacağı göndərib. Yanacaq Valero şirkətinin Texasdakı Bill Greehey zavodunda istehsal olunub.

Qəzzada soyqırımla bağlı hüquqi rəyin müəllifi Dr. İrene Pietropaoli xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM/ICJ) verdiyi müvəqqəti qərar fonunda dövlətlər İsrailin hərbi əməliyyatlarına hər hansı dəstəyin onları soyqırımda iştirak riski ilə üz-üzə qoya biləcəyini nəzərə almalıdır.

Hüquqi rəy dövlətlərin İsrailə yanacaq ixracının BƏM-in “soyqırımın qarşısını almaq və cəzalandırmaq” tələbini pozub-pozmadığına dair suallar qaldırır.

2025-ci ilin sentyabrında BMT-nin Müstəqil Beynəlxalq Komissiyası üzv dövlətləri İsrailə və ya üçüncü ölkələrə “soyqırım törədilməsi ehtimalı olan əməliyyatlarda istifadəsinə dair şübhə yarandığı hallarda” silah, avadanlıq və o cümlədən reaktiv yanacaq tədarükünü dayandırmağa çağırmışdı.

Ana səhifəSiyasətQəzza müharibəsi dövründə Azərbaycan və Qazaxıstan İsrailin neftinin 70 faizini təmin edib