Oktyabrın 9-da Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşündən sonra iki ölkə arasında dövlətlərarası münasibətlərdə ötən ilin dekabrından bu yana yaşanan gərginliyin yavaş-yavaş aradan qalxdığı müşahidə olunur.
Bu, son aylar baş verən diplomatik soyuqluqdan sonra liderlər səviyyəsində ilk birbaşa təmasdır. Görüş zamanı Putin AZAL təyyarəsinin qəzaya uğramasından danışıb, bir daha üzrxahlıq etdiyini vurğulayıb, Azərbaycana başsağlığı verib və Rusiyanın qəza ilə bağlı bütün təzminat və digər işləri öz üzərinə götürəcəyini qeyd edib.
2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Azərbaycan hadisədə Rusiyanı günahlandırıb və üzrxahlıq və təzminat tələb edib. Rusiya tərəfi isə dəfələrlə istintaqın yekunlaşmasını gözləməyi təklif edib.
Bu proseslərin fonunda iki ölkə arasında münasibətlər gərginləşib.
2025-ci ilin iyununda Yekaterinburqda keçirilən əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan etnik azərbaycanlılardan ikisinin həbsdə işgəncə nəticəsində ölməsi, digərlərinin isə xəsarət alması Azərbaycan tərəfindən “etnik təzyiq” kimi qiymətləndirilərək sərt tənqid olunub. Bununla yanaşı, Rusiyada Azərbaycan diasporasına bağlı iş adamlarının təqib olunması, bizneslərinə müdaxilələr və həbslər də ciddi narazılıq doğurub.
Azərbaycan tərəfinin cavabı isə “Sputnik”in Bakı ofisinin bağlanması, bir sıra Rusiya vətəndaşlarının “casusluq” ittihamı ilə həbs edilməsi, həmçinin “Rus Evi”nin fəaliyyətinin dayandırılması olub.
Qərblə son münasibətlər, Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları bəyannamə, eləcə də Avropa Şurası ilə aparılan danışıqların fonunda baş tutan Rusiya prezidenti ilə görüş və Putinin AZAL təyyarəsinin vurulması ilə bağlı açıqlaması ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
İki ölkə liderinin görüşündə səslənən fikirlərdən sonra yerli mediada Rusiyanın Azərbaycana olan münasibətini müsbət xarakterizə edən yazıların yenidən ortaya çıxması, o cümlədən “Sputnik Azərbaycan”ın Bakıda həbs olunmuş icraçı direktoru İqor Kartavıxın azad edilməsi ilə bağlı yayılan xəbərlər iki ölkə arasındakı münasibətlərdə yeni dönüşün başlandığı barədə fikirləri gücləndirib.
“İlham Əliyev üçün əsas prioritet Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır”
Keçmiş diplomat, siyasi şərhçi Nahid Cəfərov deyir ki, Azərbaycanla Rusiyanın münasibətlərinin yenidən bərpa etməsi gözlənilən idi. Çünki Azərbaycan hakimiyyəti anlayır ki, Qərblə münasibətlər müvəqqəti xarakter daşıyır.

“Ukraynaya qarşı müharibəyə başlayandan sonra Avropa Rusiya qazından asılılığı azaltmağa çalışır. Qərblə Azərbaycan arasında münasibətlərin normallaşmasının əsas səbəblərindən biri də məhz Azərbaycanın təbii resurslarıdır. İnanmıram ki, Azərbaycan Qərblə yaxınlaşmaq istiqamətdə ciddi addımlar atmağa maraqlı olsun. Çünki Azərbaycan anlayır ki, Qərblə münasibətlər, o cümlədən AŞPA-nın baş katibi ilə görüşlər – bunlar müvəqqəti xarakter daşıyır”.
2024-cü ilin yanvarında AŞPA Azərbaycanın səsvermə hüququnu dayandırıb. Qərarın əsas səbəbi kimi Azərbaycan hökumətinin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirməməsi göstərilib. Bakı bu addıma cavab olaraq AŞPA ilə əməkdaşlığı rəsmi şəkildə dayandırdığını bəyan edib və əleyhinə səs verən bəzi Avropa parlamentarilərini ölkəyə buraxmamaq qərarı alıb. Azərbaycan rəsmiləri bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunacağı təqdirdə qurumla əməkdaşlığa yenidən hazırdırlar.
Sentyabrın 23-də prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Avropa Şurasının baş katibi Alen Berse ilə görüşüb. Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
“Hazırda Azərbaycana böyük ehtiyac var. Amma Rusiya ilə müharibə bitdikdən sonra yenidən insan hüquqları məsələsi gündəmə gələcək və Azərbaycana qarşı təzyiqlər arta bilər. İlham Əliyev isə Qərbə, xüsusilə də ABŞ-yə daha loyal yanaşma görüntüsü yaradır. Amma onun üçün əsas prioritet Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır”, – Nahid Cəfərov baş verənləri belə şərh edib.
“Azərbaycan Rusiyaya meyillənmir”
Siyasi şərhçi Elxan Şahinoğu isə hesab edir ki, AZAL təyyarəsinin qəzasının aydınlaşdırılması məsələsi Azərbaycanın Rusiyaya yenidən meyillənməsi anlamına gəlmir:

“Qonşu ölkələr olaraq normal münasibətlər saxlamaq məcburiyyətindəyik. Aydındır ki, biz Rusiyanın çətiri altına girməyəcəyik. Məsələn, Rusiya istəyər ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və ya Avrasiya İqtisadi Birliyinin üzvü olsun, amma iqtisadi əlaqələr davam edir və hətta inkişaf edir. Rusiya ilə ticari əlaqələr mövcuddur, ölkədə xeyli sayda azərbaycanlı yaşayır və onlar Azərbaycandakı ailələrinə maddi yardım edirlər. Bu amilləri də nəzərə almaq zəruridir. Azərbaycan Rusiyaya meyillənmir”.
Siyasi şərhçi deyir ki, Azərbaycan hakimiyyəti bütün tərəflərlə, o cümlədən qonşu ölkələrlə münasibətləri normal saxlamaq istəyindədir.
“Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Tramp prezident olandan sonra Azərbaycanla Amerika arasında da yaxşı münasibətlər formalaşıb. Avqustun 8-də Vaşinqtonda imzalanan ortaq bəyannamə buna sübutdur. Avropa İttifaqı ilə də normal münasibətlər mövcuddur, ticarət əlaqələri artır. Rusiya qonşu dövlətdir və əlbəttə, onunla gərginlik Azərbaycan üçün sərfəli deyil”, – Elxan Şahinoğlu fikirlərini belə yekunlaşdırıb.