Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşün mümkün olduğunu desə də, onun bu postda legitimliyinin “sual doğurduğunu” bildirib.
Putin bu barədə “TASS”ın təşkil etdiyi görüşdə deyib.
“Mən hamı ilə, o cümlədən Zelenski ilə görüşməyə hazıram. Bəli, məsələ bunda deyil. Əgər Ukrayna dövləti kiməsə danışıqlar aparmağa etibar edirsə – buyursun, qoy bu Zelenski olsun. Məsələ bunda deyil. Məsələ ondadır ki, sənədlərə kim imza atacaq. Baxın, mən heç nə uydurmuram. Təbliğat baxımından istənilən şeyi danışmaq olar – hazırkı hakimiyyətin legitimliyi barədə nə istəsən demək olar. Amma biz ciddi məsələləri həll edərkən, bizim üçün əsas olan təbliğat deyil, hüquqi tərəfidir”, – Putin deyib.
Rusiya Prezidenti bildirib ki, bununla da Ukrayna ilə danışıqlar lazımi nəticə verməyə bilər:
“Bütün ordu rəhbərləri, nazirlər, qubernatorlar prezidentlər tərəfindən təyin olunur. Bu məsələdə hüquqi əsas vacibdir. Amma əgər birinci şəxs (prezident) qeyri-legitimdirsə, onda bütün hakimiyyət sistemi qeyri-legitim olur. Bizim üçün fərqi yoxdur, danışıqları kim aparır – hətta bu hazırkı rejimin başçısı olsa belə. Mən görüşməyə də hazıram. Amma əgər bu danışıqlar hansısa yekun mərhələ olacaqsa, yəni biz sonsuz şəkildə nəyisə bölüşmək üçün oturmayacağıqsa, bir nöqtə qoyulacaqsa – o nöqtə legitim hakimiyyətin imzası ilə qoyulmalıdır. Əks halda, sabah başqası gələcək və bu sənədləri zibilliyə atacaq. Belə olmaz axı – biz ciddi məsələlər həll edirik”.
Volodimir Zelenskinin prezidentlik müddəti 2019-cu ilin mayında başlayıb və ölkə konstitusiyasına əsasən, müddəti 5 ildir.
Zelenskinin səlahiyyət müddəti 2024-cü ilin mayında bitməli idi. Lakin Ukraynada müharibə olduğu üçün seçkilər təxirə salınıb və Zelenski Prezident kimi fəaliyyətini davam etdirir.
2025-ci il mayın 11-də Putin Zelenski ilə sülh danışıqları ilə əlaqədar görüşməyə hazır olduğunu bildirib.
Amma mayın 15-də İstanbulda Rusiya ilə Ukrayna arasında ilk birbaşa sülh danışıqlarına qatılmayıb.
Danışıqlardan sonra Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putinin Volodimir Zelenski ilə görüşü yalnız nümayəndə heyətləri arasında konkret razılaşmalar əldə olunduqdan sonra mümkün ola bilər.
İstanbul danışıqları zamanı tərəflər yalnız hərbi əsirlərin qaytarılması istiqamətində razılığa gələ biliblər.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb.