Priqojin Rusiyada hərbi əməliyyatını dayandırdı (yenilənir)

“Vaqner”çilər Rostovda. Foto: Reuters

A.Lukaşenkonun mətbuat xidməti bildirib ki, hazırda situasiyanın həlli üçün məqbul variantın layihəsi hazırlanıb.

“Vaqner” döyüşçülərinin təhlükəsizliyinə zəmanət veriləcək.

Bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Yevgeni Priqojin isə bildirib ki, rus qanı tökülməməsi üçün plana uyğun olaraq düşərgələrə qayıdırlar.

Onlar “Vaqner”i dağıtmaq istəyirdilər. İyunun 23-də biz ədalət yürüşünə çıxdıq. Bir gündə Moskvaya 200 km çatmadan piyada getdik. Bu müddətdə döyüşçülərimizin bir damcı da qanını axıtmamışıq. İndi qan tökülə biləcəyi andır. Ona görə də rus qanının tökülməsinin bütün məsuliyyətini dərk edərək əks istiqamətə gedirik”,deyə Priqojin əlavə edib.

Foto: “Telegram”


Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə razılaşaraq Yevgeni Priqojinlə danışıqlar aparıb.

Yevgeni Priqojin Rusiyada hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Aleksandr Lukaşenko. Foto: MeydanTV


Kreml: “Ərdoğan Putini dəstəkləyib”

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkəsindəki silahlı üsyana cəhdlə bağlı məlumat verib.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilir ki, Ərdoğan Putini dəstəklədiyini ifadə edib.

Ərdoğan Putinlə söhbətində Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib”, – deyə məlumatda qeyd olunur.

Vladimir Putin türkiyəli həmkarı Rəcəp Tayyib Ərdoğanla
Foto: Reuters

Aİ “G7” ölkələrinin xarici işlər nazirləri ilə danışıqlar aparır

Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Josep Borrell Rusiyadakı vəziyyətlə bağlı “G7” ölkələrinin xarici işlər nazirləri ilə danışıqlar apardığı haqda açıqlama yayıb.

O, Aİ-də vəziyyətin monitorinqini və məsləhətləşmələri təmin edən böhrana cavab mərkəzinin fəaliyyətə başladığını elan edib”, – deyə açıqlamada bildirilir.

Cozef Borel. Foto: AFR


“Vaqner”çilər Lipetskiyə daxil olurlar

Lipetsk vilayətinin qubernatoru İqor Artamonov “”Vaqner” hərbi dəstəsinin əraziyə girdiyini təsdiqləyib.

Hüquq-mühafizə orqanları və səlahiyyətli orqanlar, o cümlədən bələdiyyələr əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür. Vəziyyət nəzarət altındadır. Heç bir kritik infrastruktur nasazlığı yoxdur”.

Rayon rəhbəri sakinləri evlərini tərk etməməyə, istənilən nəqliyyat vasitəsi ilə səyahətdən imtina etməyə çağırıb.

Foto: Teleqram


Voronejdə neft anbarı yanıb

Voronejdə neft anbarı yanıb, yanacaqdoldurma məntəqələrində və bankomatlarda növbələr yaranıb.

Vilayətin qubernatoru Aleksandr Qusev Voronej neft bazasında yanacaq çəninin yandığını tədiqləyib.

O, yanğın yerində 100 nəfərin və 20-dən çox yanğınsöndürən texnikanın çalışdığını bildirib.

Məlumata görə, “vaqner”çilər işğal altında saxladıqları Ukraynanın Luqansk şəhərindən texnikalarını çıxarırlar. 

Foto: Teleqram


İyunun 24-də Rusiya Prezidenti Vladimir Putin hərbi vəziyyət rejimi haqqında qanunu imzalayıb.

Qanuna görə, hərbi vəziyyəti pozan şəxsə 30 sutka həbs cəzası veriləcək.


Lipetskdə hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçib

Lipetsk vilayətinin sakinlərinə lüzumsuz yerə evlərini tərk etməməyə çağırış olunub.

Rayonun operativ qərargahının açıqlamasında bildirilir ki, hazırda bütün hakimiyyət və hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində işləyir.

“Lipetsk vilayətində asayişi və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün bölgənin operativ qərargahı sakinlərdən təcili ehtiyac olmadan evlərini tərk etməmələrini və şəxsi və ya ictimai nəqliyyatla hər hansı bir səyahətdən çəkinmələrini xahiş edir”, deyə hakimiyyət orqanları xahiş edib.

Bəyanatda ayrıca qeyd edilir ki, vəziyyət nəzarət altındadır, lakin hər bir rayon sakinindən anlayış tələb olunur.

Foto: Teleqram


Xodorkovski xalqı Priqojinə dəstəyə çağırıb

Mühacirətdə olan rusiyalı iş adamı Mixail Xodorkovski 24 iyun hadisələrini “Putinin reputasiyasına ən güclü zərbə” adlandırıb.

Bu barədə M.Xodorkovski “Teleqram”kanalında paylaşım edib.

“Kreml trolları özlərini dağıdır ki, sabah hər şey qaydasına düşəcək. Ancaq yox, bu olmayacaq”, deyə o bildirib.

Onun fikrincə, “Vaqner” qrupu və onun lideri Kremlin nəzarətindən tamamilə çıxıb.

M.Xodorkovski baş verənləri başlanğıc adlandırıb və əsl düşmənin Kiyevdə yox, Moskvada olduğunu bildirib:

“Ən əsası Priqojinin çıxışıdır, burada o, müharibə əleyhinə olan müxalifətin müharibənin əvvəlindən dediklərimizi sözbəsöz təkrarladı: müharibənin məqsədi oğurluqdur. Müharibənin əvvəlində NATO-nun Rusiyaya hücum etməyə hazırlaşması barədə deyilənlər heç kimin inanmadığı boşboğazlıq idi. Ordu Putinə yaxın oğruların əli ilə dağıdılıb, xoşbəxtlikdən Ukraynanı məğlub edə bilmir”.

İndi ölkəmizə kömək etmək üçün edə biləcəyimiz şey insanların Priqojin həqiqəti söyləyərkən onu eşitməsinə kömək etməkdir. Benzin və dizel yanacağı ilə kömək edin, onu dayandırmaq üçün göndəriləcək qüvvələri inandırın ki, bizim indi ümumi düşmənimiz var. Bəli, ona, bu rejimə qarşı çıxmaq qərarına gəlsə, kömək edin! Bir cinayətkar digərinə müdaxilə etməyə hazırdırsa, ondan üz çevirməyin vaxtı deyil – indi kömək etməliyik, sonra lazım olsa, bununla da mübarizə aparacağıq. Bəli, bu hələ başlanğıcdır”,- deyə iş adamı mühacirətdə yazır.

Mixail Xodorkovski. Mənbə: 360b/shutterstock


Tokayev qiyamla bağlı Putinə zəng edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Qasım-Jomart Tokayev qeyd edib ki, baş verən hadisələr Rusiyanın daxili işidir:

“Konstitusiya quruluşu və qanunun aliliyi ölkədə qanunun və asayişin qorunması üçün zəruri şərtdir. Bu, cəmiyyətin təhlükəsizliyinin və uğurlu inkişafının əsasıdır”.

Prezident Vladimir Putin mövcud vəziyyəti başa düşdüyünə görə həmkarına təşəkkür edib.

Foto: “almaty.tv”


İyunun 24-də Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenkoya Rusiyadakı vəziyyət barədə məlumat verib.

Bu barədə “BelTA” agentliyi Belarus prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Foto: arxiv


Priqojin Putinin təslim olmaqla bağlı çağırışını rədd etdi

“Vətənə xəyanətlə bağlı prezident çox yanıldı. Biz Rusiyanın vətənpərvərləriyik. Biz vuruşmuşuq və vuruşuruq və heç kim nə prezidentin, nə FTX-in, nə də başqasının tələbi ilə təslim olmaq fikrindədir. Çünki biz ölkənin korrupsiya, hiylə və bürokratiya içində yaşamasını istəmirik”.

Bunu Yevgeni Priqojin Prezident Vladimir Putinin müraciətinə cavabında bildirib.

O, Afrikada döyüşdüklərini xatırladıb:

“Afrikada döyüşəndə ​​bizə deyirdilər ki, Afrika bizə lazımdır, sonra onu tərk etdilər, çünki köməyə getməli olan bütün pulları oğurladılar. Biz Ukrayna ilə müharibə edəndə gedib döyüşürdük, amma məlum oldu ki, döyüş sursatı, silah-sursat, onlara qoyulan bütün pullar da oğurlanır və bürokratlar oturub özləri üçün oğurlayırlar, sırf belə bir iş üçün”.

Priqojin Putinin üsyan iştirakçılarını məsuliyyətə cəlb etmək fikrini şərh etməyib.


Kadırov Priqojinin addımını “arxadan bıçaq və əsl hərbi qiyam” adlandırıb

Moskva şəhərinin meri Sergey Sobyanin paytaxtda antiterror əməliyyatı rejimi tətbiq edildiyindən əvvəllər elan edilmiş kütləvi tədbirlərin ləğv olunduğunu açıqlayıb:

“Bütün şəhər xidmətləri tam işləyir, şəhər ətrafında hərəkət çətin deyil. Baş verənlərə anlayış və sakit münasibət üçün moskvalılara və şəhərin qonaqlarına təşəkkür edirəm”.

Moskva vilayətinin meri Andrey Vorobyov əsas vəzifə kimi birliyi qorumaq və Prezidentində yanında olmağı vacib sayıb.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deputatların Ali Baş Komandanı dəstəklədiyini vurğulayıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov isə baş verənləri “arxadan bıçaq və əsl hərbi qiyam” kimi qiymətləndirib:

“Üsyan yatırılmalıdır və bu, sərt tədbirlər tələb edirsə, deməli, biz hazırıq”.

Primorsk diyarının qubernatoru Oleq Kozemyako Putinin çıxışını çox balanslı və düzgün hesab edib:

Priqojinin cəzası ağır olacaq. Ona görə də bunu böyük bir qardaş müharibəsinə aparmamaq üçün bir daha düşünün və əmin olun ki, döyüşlərdə qazandığınız şöhrət həmişə sizinlə olacaq. Vətən xaini olmayın, vətəninizin cinayətkarı olmayın”.

Ramzan Kadırov
Source: Архив


“Vaqner”çilər Voronejdə Rusiya Müdafiə Nazirliyinin 2 qırıcı təyyarəsini- M8 və AN-26- vurublar.

Foto: “Telegram”


Rusiyanın paytaxtı Moskvada və vilayətətrafı ərazilərdə antiterror əməliyyatı rejimi tətbiq edilib.

Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.

Səbəb kimi “Vaqner” qruplaşmasının rəhbəri Yevgeni Priqojin bir gün əvvəl Rusiya Müdafiə Nazirliyinin qüvvələrinin muzdluların arxa mövqelərini atəşə tutması, Rostova doğru irəliləməsi göstərilib.

Yeni rejimin qaydalarını müəyyən edən “Terrorizmlə mübarizə haqqında” Qanunda qeyd edilir ki, tətbiq edilə biləcək məhdudiyyətlər arasında:
sənədlərin yoxlanılması, rejimin fəaliyyət zonasına giriş və çıxışda yoxlama;
– antiterror əməliyyatı rejimi işçilərinin hər hansı bir binaya maneəsiz daxil olması;
– informasiya mübadiləsinə və rabitənin kəsilməsinə nəzarət
;
insanların və nəqliyyat vasitələrinin çıxarılması və ya müvəqqəti çıxarılması, hərəkətin məhdudlaşdırılması;
– zərərçəkmişlərin xəstəxanaya yerləşdirilməsi və ya cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün təşkilatların və vətəndaşların nəqliyyat vasitələrindən istifadə edilməsi;
– ictimai asayişin, mühüm infrastrukturun və digər mühüm obyektlərin mühafizəsinin gücləndirilməsi, təhlükəli istehsalatların dayandırılması;
– silahların, təhlükəli maddələrin, narkotik vasitələrin, dərman vasitələrinin və spirtli içkilərin satışının məhdudlaşdırılması, özəl mühafizə fəaliyyətinin dayandırılması.

Səhər saatlarında isə paytaxt meri Sergey Sobyanin Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün antiterror tədbirlərinin həyata keçirildiyini, yollarda əlavə nəzarətin tətbiq edildiyini açıqlayıb.

Foto: shutterstock/Viacheslav Lopatin


“Vaqner”: “Vətəndaş müharibəsinin tətiyini Putin çəkdi”

Vaqner” hərbi qruplaşması Putini satqınları müdafiə etməkdə qınayıb.

Bu barədə “Vaqner”in yaydığı məlumatda bildirilir.

Vətəndaş müharibəsinin tətiyini Putin çəkdi. O, bir-iki generalı təqaüdə göndərmək əvəzinə, Rusiyada döyüşə hazır olan bölməni zərərsizləşdirmək əmrini verdi”, deyə o bildirib.

Bir və ya iki satqının həyatı 25.000 qəhrəmandan yuxarı qoyuldu. Bu münaqişədə kimin şər olduğu artıq bəllidir. Qələbə PMC “Vaqner”in olacaq”, – deyə açıqlamada bildirilir.


“Vaqner” Putinin səhv seçim etdiyini deyir

“Vaqner” hərbi qruplaşmasının mətbuat xidməti Vladimir Putinin müraciəti ilə bağlı açıqlama yayıb.

Hərbi birlik bildirib ki, Putin səhv seçim etdi:

“Onun üçün daha pis olacaq. Tezliklə yeni prezidentimiz olacaq”.


“Vaqner” muzdlu hərbi qruplaşmasının artıq Voroneji nəzarət altına aldığı bildirilir.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, “Vaqner” muzdluları Voronejdəki hərbi obyektlərə nəzarəti ələ keçirib.

Bunu isə “Reuters” Rusiya xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən yazır.

Bu xəbəri BBC-in mənbəsi də təsdiqləyib.

“Voronejdəki bütün əsas obyektlər də Rostovda olduğu kimi nəzarətə götürülüb”, – FSB-yə yaxın mənbə bildirib.


“Rusiya Silahlı Qüvvələri qiyamı təşkil edənləri zərərsizləşdirmək üçün lazımi əmri alıb”

Rusiya Prezidenti Vladimir Putin “Vaqner” muzdlu hərbi təşkilatının son addımlarını “xəyanət” adlandırıb.

Bu barədə Rusiya dövlət başçısı xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunları qəhrəmancasına döyüşür:

“İndi Qərbin bütün hərbi maşınları Rusiyaya qarşı yönəlib”.

O deyib ki, Rusiya Silahlı Qüvvələri qiyamı təşkil edənləri zərərsizləşdirmək üçün lazımi əmri alıb.

Vladimir Putin. Foto: Meydan TV

İyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin Rostov şəhərini ələ keçirdiyi bildirilir.

Məlumatı Rusiya mediası yayıb.

Bildirilir ki, hərbi qrupun təsisçisi Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin nümayəndələri ilə qeyri-rəsmi danışıqlar aparıb və Sergey Şoyqunun ona təhvil verilməsini tələb edib.

O əlavə edib ki, muzdlular şəhəri “bağlayır” və Moskvaya “getməyə” hazırlaşırlar.

Voronej vilayətinin hakimiyyət orqanları artıq hərbi texnika karvanının bölgəyə doğru hərəkət etdiyini təsdiqləyib.

Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçülərinə müraciət edib.

Nazirlik “vaqner”çiləri silahı yerə qoymağa və dislokasiya yerinə qayıtmağa çağırıb.

“Siz Priqojinin cinayətkar avantürasına aldanıb silahlı üsyanda iştirak edirsiniz. Bir çox yoldaşlarınız səhvlərini artıq anlayıb, daimi dislokasiya yerlərinə təhlükəsiz qayıtmaq imkanını təmin etmək üçün müraciət ediblər. Artıq müraciət edən bütün döyüşçülərə, komandirlərə tərəfimizdən belə yardım göstərilib. Sizdən ehtiyatlı olmağınızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, – deyə müraciətdə bildirilib.

Yevgeni Priqojin. Foto: “Reuters”

Rusiya Federal Təhlükəsizlik Xidməti isə silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.

“Priqojinin bəyanatları və hərəkətləri əslində Rusiya ərazisində silahlı vətəndaş münaqişəsinin başlanmasına çağırışdır və faşist Ukrayna qüvvələrinə qarşı döyüşən rus hərbçilərinin kürəyinə vurulan zərbədir”, – deyə onlar bildiriblər.

FTX həmçinin qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin “Vaqner” PMC-yə zərbələr endirməsi ilə bağlı yayılan geniş bəyanatlar həqiqətə uyğun deyil və təxribatdır.

Rostov sakinlərinin Meydan TV-yə verdiyi məlumata görə, hazırda şəhərdə vəziyyət kritikdir, “Vaqner” qruplaşması şəhərə nəzarəti ələ alıb, küçələrdə hərbi texnika və tanklar var.

“Şəhərə tanklar girib, əhalinin mərkəzə giriş-çıxışı əngəllənib, tək-tük insanlara təcilidirsə mənzil başına getməyə izin verilib. Polislər inzibati binaların, körpülərin və önəmli obyektlərin qarşısında dayanıb, qoruyur”, – şəhərin azərbaycanlı sakini deyib.

Ana səhifəSiyasətPriqojin Rusiyada hərbi əməliyyatını dayandırdı (yenilənir)