Putin Qərb ölkələrini mineral gübrələrlə hədələdi

Foto: Meydan TV

“Problem yaratmağa çalışsaq, qiymətlər daha da artacaq”

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini mineral gübrələrlə hədələyib.
O deyib ki, Qərb Rusiyanın məhsul tədarükündə problem yaradacağı təqdirdə mineral gübrələrin qiyməti artacaq.

Bu barədə Putin Təhlükəsizlik Şurasının 11 mart iclasında danışıb.

“Rusiya və Belarus dünya bazarlarında mineral gübrələrin ən böyük tədarükçülərindəndir. Əgər biz bu işin maliyyələşdirilməsində, sığortada, logistikada, mallarımızın çatdırılmasında hər hansı problem yaratmağa davam etsək, onda qiymətlər daha da artacaq və bu, öz növbəsində, məhsula, qidaya təsir edəcək”, – deyə o qeyd edib.

V.Putin Ukraynaya könüllülərin cəlb edilməsi ideyası ilə də razılaşıb:

“Əgər görsəniz ki, könüllü olaraq, xüsusən də pul üçün deyil, gəlib Donbasda yaşayan insanlara kömək etmək istəyənlər var, onların döyüş bölgəsinə köçməsinə kömək etmək lazımdır”.

Onun sözlərinə görə, “Qərb sponsorları” münaqişədə iştirak etmək üçün muzdlular topladığını gizlətmirlər: “Onlar bunu beynəlxalq hüququn bütün normalarına məhəl qoymadan açıq şəkildə edirlər”.

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəDünyaPutin Qərb ölkələrini mineral gübrələrlə hədələdi