Yeni yerüstü strateji nüvə silahları döyüş vəziyyətinə gətirilib
Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də ABŞ-la olan “nüvə silahlarına nəzarət müqaviləsi”ndə iştirakını dayandırıb.
“Reuters”in yazdığına görə, o, Vaşinqtona xəbərdarlıq edib ki, Rusiya yeni yerüstü strateji nüvə silahları döyüş vəziyyətinə gətirilib.
Rusiya və ABŞ Soyuq müharibədən qalan böyük nüvə silahlarına malikdir.
Onların sayı 2010-cu ildə razılaşdırılmış və 2026-cı ildə başa çatacaq Yeni START Müqaviləsi ilə məhdudlaşıb.
“Mən bu gün elan etməyə məcburam ki, Rusiya Strateji Silahların Azaldılması Müqaviləsində iştirakını dayandırır”, – Putin ölkəsinin siyasi və hərbi elitasına deyib.
Rusiya lideri bildirib ki, Vaşinqtonda bəzi insanlar nüvə sınaqlarını bərpa etmək barədə düşünür. Buna görə də Rusiyanın Müdafiə Nazirliyi və Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) lazım gələrsə, nüvə silahlarını sınaqdan keçirməyə hazır olmalıdır:
“Əlbəttə, biz bunu birinci etməyəcəyik. Amma ABŞ sınaqlar keçirsə, biz də edəcəyik. Heç kimdə qlobal strateji paritetin məhv edilə biləcəyi ilə bağlı təhlükəli illüziyalar olmamalıdır”.
Putin əlavə edib ki, o, bir həftə əvvəl yeni yerüstü strateji sistemlərin döyüş növbətçiliyinə verilməsi haqqında fərman imzalayıb:
“Onlar da elə bilirlər ki, hər şey bu qədər sadədir?”
Yeni START müqaviləsi hər iki tərəfi yerləşdirilmiş qitələrarası ballistik raketlərdə, sualtı ballistik raketlərdə və ağır bombardmançı təyyarələrdə 1550 döyüş başlığı ilə məhdudlaşdırıb.
Hər iki tərəf 2018-ci ildən bu limitlərə tam əməl edib.
Putin bugünkü çıxışında Rusiyanın Ukraynada müharibəni bundan sonra da davam etdirəcəyini vəd edib.
O, ABŞ-ın rəhbərlik etdiyi NATO alyansını münaqişəni alovlandırmaqda günahlandırıb.
Putin Qərblə ən böyük qarşıdurmaya səbəb olan Ukraynanı işğal əmrindən təxminən bir il sonra bu barədə danışıb.
O, Rusiyanın Ukraynada qarşısında duran vəzifələri ardıcıl olaraq həll edəcəyini söyləyib.