Putin məhbus qadınları da cəbhəyə göndərir

Ukrayna, Soledar. Foto: Liberov Photographer

Onlar müharibəyə gedərlərsə, cəzadan azad olunacaqlar 

Dağıstanın paytaxtı Maxaçqalada istintaq təcridxanasından 6 qadın Ukraynadakı cəbhə bölgələrinə göndərilmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. 

Bu barədə Dağıstan İctimai Palatasının üzvü Şamil Xadulayev (Shamil Khadulaev) məlumat verib.

Həmin gün dağıstanlı fəal Larisa Baçiyeva (Larisa Bachieva) da Rusiyanın “VKontakte” sosial platformasında qadınların yer aldığı bir sıra videolar paylaşıb.

Maxaçqala istintaq təcridxanasında çəkilən videolardan birində hərbi kamuflyaj geyinmiş üç qadın göstərilir. 

Onların nə adları verilib, nə də üzləri seçilir. 

İkinci videoda görünür ki, qadınlar eyni hərbi geyimdə qohumlarını qucaqlayırlar. 

Kontekstdən aydın olurdu ki, qadınlar Ukraynadakı cəbhələrə gedirlər.

“OC Media”ya danışan Xadulayev qadınların hansı cinayətlərdə ittiham edildiklərini sadalaya bilməyib, lakin onlardan ən az ikisinin qətldə ittiham olunduğunu qeyd edib. 

Digərləri də ağır cinayətlərlə ittiham olunurlar. 

Xadulayev həmçinin qadınların harada və hansı vəzifələrdə xidmət edəcəklərini də bilmir.

“Onlardan ən azı birinin uşaqları var. Onlara vida etmək səhnəsi çox təsirli idi”, – deyə Xadulayev bildirib. 

Qadın həbsxanalarından hərbi xidmətə cəlb olunmaqla bağlı yalnız bir neçə məlum hal olub. 

“Oturan Rusiya” adlı məhbusların hüquqlarının müdafiəsi təşkilatının rəhbəri Olqa Romanovanın dediklərinə əsasən, bu xidmətə cəlbetmə prosesi 2023-cü ilin avqustundan başlayıb. 

Həmçinin qadınların çoxunun Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamasına baxmayaraq, cəzaçəkmə koloniyalarında qalmağa davam ediblər.

Elə eyni ayda rusdilli müxalifət mediası olan SOTA Müdafiə Nazirliyi tərəfindən xidmətə cəlb olunan Lipetskdəki 7 nömrəli koloniya haqqında yazıb. 

Məqaləyə görə, 30 qadın ikiillik xidmət müqaviləsi imzalayaraq bir anda müharibəyə gedib. 

Bu məlumat təsdiqlənməyib, lakin Maxaçqaladan olan qadın məhbusların Ukrayna cəbhəsinə göndərilmək üçün cəlb edilməsi nümayiş etdirilən ilk sənədli hadisə oldu. 

2024-cü ilin oktyabrında Rusiya Prezidenti Vladimir Putin təqsirləndirilən şəxslərin hərbi xidmət müqaviləsi bağladıqları və ya səfərbərliyə qoşulduqları halda, cinayət məsuliyyətindən azad edilmələrinə icazə verən qanun imzalayıb. 

Əvvəlki illərdə isə yalnız cinayət işi üzrə məhkum olunmuş şəxslərin müharibəyə göndərilməklə cəzadan azad olunmaq üçün qanuni imkanı var idi.


Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərPutin məhbus qadınları da cəbhəyə göndərir