İlham Əliyev dəvəti qəbul edib
Oktyabrın 8-də Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Moskvada görüşüb.
O, görüş zamanı Moskva-Bakı münasibətlərinin müsbət inkişaf etdiyini deyib.
Putinin sözlərinə görə, iki ölkə arasında əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır:
“Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız 4 milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır”.
Rusiyanın dövlət başçısı Azərbaycanın Prezidentini Kazana dəvət edib:
“Sizi oktyabrın 23-24-də Kazanda BRİCS xətti ilə BRİCS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRİCS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu həm faydalı, həm də maraqlı olacaq”.
İlham Əliyev dəvəti qəbul etdiyini bildirib.
Azərbaycanın Prezidenti İlham Əliyev iki ölkə arasında nəzərdə tutulan layihələrin daimi diqqət və nəzarət tələb etdiyini vurğulayıb:
“Gündəliyimiz kifayət qədər genişdir və layihələr, xüsusilə avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir”.
“Sizinlə görüş gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün daha bir yaxşı fürsətdir”, – deyə Əliyev əlavə edib.
Rusiyanın Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana səfər etmişdi.