Putin Əliyevə: “Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvaram”

Photo: president.az

Rusiya prezidenti Vladimir Putin Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti müzakirə etməklə başlamağı təklif edib.

Oktyabrın 9-da keçirilən görüş zamanı Putin bir daha qəza ilə bağlı başsağlığını çatdırıb, qəzadan sonra telefon danışığı zamanı üzr istədiyini xatırladıb.

“Görüşümüzə bizim hava məkanımızda baş vermiş aviasiya qəzası ilə başlamaq istəyirəm. Hələ o zaman ilk telefon danışığımızda mən təkcə faciənin məhz Rusiya səmasında baş verdiyinə görə üzr istəmədim, eyni zamanda həlak olanların ailələrinə ən səmimi başsağlığı da verdim. İstintaq yekunlaşır və indi artıq bu faciənin, qəzanın səbəbləri barədə danışmaq olar”, – Putin deyib.

Rusiya prezidenti qəzanın baş verməsi səbəblərindən də söz açıb:

“Burada bir neçə səbəb var. Birinci səbəb budur ki, havada Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Həmin faciənin baş verdiyi gecə, biz sərhədi keçən üç belə dron müşahidə etmişik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sistemindəki texniki nasazlıqlarla əlaqəlidir. Şübhə yoxdur ki, bu cür faciəvi hallarda lazım olan hər şey – kompensasiya məsələləri daxil olmaqla – Rusiya tərəfindən həyata keçiriləcək və bütün vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək”.

2024-cü il dekabrın 25-də səhər saatlarında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.

Bundan başqa 2025-ci ilin iyununda Yekaterinburqda keçirilən əməliyyat zamanı Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılan etnik azərbaycanlılardan ikisinin həbsdə işgəncə nəticəsində ölməsi, digərlərinin isə xəsarət alması Azərbaycan tərəfindən “etnik təzyiq” kimi qiymətləndirilərək sərt tənqid olundu. Bununla yanaşı, Rusiyada Azərbaycan diasporasına bağlı iş adamlarının təqib olunması, bizneslərinə müdaxilələr və həbslər də ciddi narazılıq doğurdu.

Azərbaycan tərəfinin cavabı isə “Sputnik”in Bakı ofisinin bağlanması, bir sıra Rusiya vətəndaşlarının “casusluq” ittihamı ilə həbs edilməsi, həmçinin “Rus Evi”nin fəaliyyətinin dayandırılması oldu.

Putin həmçinin iki ölkə arasındakı əməkdaşlıqdan danışıb:

“Baş vermiş faciəyə və bununla bağlı yaranan bəzi məsələlərlə bağlı olan bütün çalarlara baxmayaraq, iqtisadi əlaqələr uğurla inkişaf edib və inkişaf etməkdə davam edir. Keçən il biz təxminən 6 faiz artım əldə etdik, bu il isə artıq 16 faizdən çox artım olub. Bu, çox yaxşı göstəricidir. Sizin bu məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz hər zaman yüksək səviyyədə olub. Biz bu dinamikanın qorunub saxlanması üçün hər şeyi edəcəyik”.

Eyni zamanda Rusiya prezidenti bildirib ki, Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvardır. 

“Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, – o qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Putinə AZAL təyyarəsi ilə bağlı baş verənləri diqqətdə saxladığı üçün təşəkkürünü bildirib və iqtisadi əlaqələrin uğurla davam edəcəyini vurğulayıb:

“Bundan əlavə, bu vəziyyəti şəxsən nəzarətdə saxladığınız üçün Sizə təşəkkürümü bildirmək istərdim. Biz dəfələrlə bu barədə fikir mübadiləsi aparmışıq, komandalarımız daim əlaqədədir və sizin bu istintaqa şəxsən nəzarət etdiyiniz bizdə şübhə doğurmurdu. Əmin idik ki, istintaq obyektiv şəkildə hər şeyi araşdıracaq. Bu səbəbdən bir daha təşəkkürümü bildirmək istəyirəm ki, görüşümüzdə bu məsələyə xüsusi diqqət ayırmağı zəruri saydınız”, – Əliyev belə deyib.

Ana səhifəSiyasətPutin Əliyevə: “Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvaram”