“Biz dəli olmamışıq, nüvə silahını ülgüc kimi yelləmək fikrində deyilik”
Rusiya Prezidenti Vladimir Putin hazırda əlavə səfərbərliyə ehtiyac görmür.
O, bu barədə Vətəndaş Cəmiyyəti və İnsan Hüquqları Şurasının iclasında danışıb.
“Bəzi əlavə səfərbərlik tədbirləri ilə bağlı söhbətlərin sadəcə mənası yoxdur. Bu gün dövlət və Müdafiə Nazirliyi üçün əlavə səfərbərliyə ehtiyac yoxdur”, – deyə Putin söyləyib.
Rusiya Prezidentinin sözlərinə görə, səfərbər olunan 300 min nəfərdən yalnız 77 mini döyüş bölgələrindədir.
Nüvə silahından istifadə ilə bağlı Qərb liderlərinin səsləndirdikləri bəyanatlara toxunan Putin “Biz dəli olmamışıq, nüvə silahının nə olduğunu bilirik və onu ülgüc kimi yelləmək fikrində deyilik”, – deyərək əlavə edib ki, Rusiya nüvə arsenalının təbii çəkindirici olmasını bilir:
“Bizim müdafiə vasitələrindən istifadə strategiyamız var. Bunların hamısı cavab zərbəsi deyilən şey ətrafında köklənib – yəni bizə vurulan zaman, cavab zərbəsi vururuq. Rusiya nüvə silahını heç kimə ötürmür, lakin lazım gələrsə, ixtiyarımızda olan bütün vasitələrlə müttəfiqlərimizi qoruyacağıq”.
O, həmçinin əlavə edib ki, Moskva ABŞ-dan fərqli olaraq başqa ölkələrdə özünün taktiki nüvə silahına malik deyil.