Putin: “Biz Kiyev rejimini danışıqlar masasına qayıtmağa çağırırıq”

V.Putin. Foto: Reuters

“SSRİ yoxdur, keçmişi qaytarmaq olmaz, Rusiyaya bu lazım deyil”

“DXR, LXR, Zaporojye və Xerson vilayətlərində referendum keçirilib. İnsanlar birmənalı olaraq öz seçimini ediblər. Biz bu bölgələrin qəbulu ilə bağlı müqavilələr imzalayırıq. Əminəm ki, Federal Məclis bunu dəstəkləyəcək, çünki bu, milyonlarla insanın iradəsidir. Bu isə onların BMT Nizamnaməsində təsbit olunmuş ayrılmaz hüququdur. Tarixi birliyə əsaslanır”.

Bu fikirləri sentyabrın 30-da Rusiya Prezidenti Vladimir Putin yeni ərazilərlə müqavilə imzalamazdan əvvəl səsləndirib.

Foto: Reuters

V.Putin deyib ki, 4 bölgənin insanları əbədi olaraq Rusiyanın vətəndaşı olur.

“Biz Kiyev rejimini atəşi, bütün hərbi əməliyyatları dərhal dayandırmağa, danışıqlar masasına qayıtmağa çağırırıq, biz buna hazırıq. Amma biz Donetsk, Luqansk, Zaporojye və Xersonda insanların seçimini müzakirə etməyəcəyik. Onların seçimi edilib və Rusiya ona xəyanət etməyəcək”,- deyə Rusiya başçısı söyləyib.

O əlavə edib ki, Kiyev hakimiyyəti buna hörmətlə yanaşmalıdır:

“Sülhün yeganə yolu budur. Bütün gücümüzlə, imkanımızla müdafiə edəcəyik. Biz şəhər və qəsəbələri, səhiyyə və təhsil sistemlərini bərpa edəcəyik”.

V.Putin. Foto: Reuters

Putin deyib ki, 1991-ci ildə insanların öz vətənləri ilə əlaqəsi kəsilib:

“İnsanları fakt qarşısında qoydular. Nə etdiklərini tam başa düşmürdülər. Amma bunun artıq əhəmiyyəti yoxdur. SSRİ yoxdur, keçmişi qaytarmaq olmaz. Rusiyaya bu lazım deyil, biz buna can atmırıq. Amma insanların əsl Vətənə qayıtmaq istəyindən güclü heç nə yoxdur”.

Rusiya lideri tarixə ekskurs edərək bildirib ki, Suvorov, Rumyantsev və Uşakov Novorossiyada döyüşürdülər:

“Şəhərin əsası II Yekaterina tərəfindən qoyulub. Biz həmişə Rus baharının qəhrəmanlarını xatırlayacağıq”.

V.Putin deyib ki, Qərb Rusiyanı zəiflətmək və məhv etmək üçün yeni şans axtarır:

Mənbə: Video Screen

“Qərb öz soyğunçu siyasətini davam etdirərək neokolonial sistemi yaşatmaq üçün hər şeyi etməyə çalışır. Qərb Rusiyanı azad cəmiyyət deyil, müstəmləkə kimi görmək istəyir. Biz öz dəyərlərimizi Qərbdən qoruyacağıq. Qərb cəzasızlığa ümid edir və indiyə qədər də belə olub. Qərbə Rusiya lazım deyil, amma bizə Rusiya lazımdır”.

V.Putin çıxışdan sonra yeni ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı müqavilələr imzalayıb.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəSiyasətPutin: “Biz Kiyev rejimini danışıqlar masasına qayıtmağa çağırırıq”