“Putin Azərbaycanın bütün qapılarını Avropada bağlatdırır” (VİDEO)


İqbal Ağazadə: “Azərbaycan dövlətinin gələcək taleyi, siyasi mövqeyi baxımından özümün və siyasi məhbusların hüquqları üzərindən çox rahatca keçməyə hazıram”

Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr haqda Milli Məclisin 10 iyun bəyanatı siyasi dairələrdə müzakirə obyektinə çevrildi. Səbəb bəyanatda “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır” fikirlərinin yer alması və bu sənədə millət vəkili, Ümid Partiyasının sədri və “125-lər” Siyasi Klubunun təsisçilərindən olan İqbal Ağazadənin də imza atmasıdır. İqbal Ağazadə və “125-lər” Siyasi Klubu siyasi məhbus hesab edilən İntiqam Əliyevin, Tofiq Yaqublunun azad olunması istiqamətində kampaniya apardıqlarından bir sıra sual gündəmi “işğal” etdi. İqbal Ağazadə ilə söhbətimizdə həmin suallara aydınlıq gətirməyə çalışdıq.


– İqbal bəy, siz “125-lər” Siyasi Klubunun Tofiq Yaqublu, İntiqam Əliyevlə bağlı bəyanatlarını da imzalamısınız. Sual yaranır, Milli Məclisin 10 iyun bəyanatına imza atmaq nə idi, adları çəkilən siyasi məhbusları müdadfiə etmək nə? Obrazlı desək, o, nə pəhriz, bu, nə turşu?

– Əvvəla, mən təkcə “125-lər” Siyasi Klubunun üzvü kimi yox, millət vəkili, partiya sədri kimi də həbsdə olan və azad olunmasını istədiyimiz kifayət qədər insan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı mövqeyimi ifadə etmişəm. Lakin parlamentin həmin bəyanatına imza atmağımın da özəl səbəbləri var. Əvvəla, Avropa Oyunlarından Azərbaycana qarşı istifadə etmə cəhdlərini qəbul etmirəm. Çünki mənim üçün Azərbaycanın dövlət və Avropa məkanında olma maraqları var. Mən bu maraqları nəzərə alır və hesab edirəm ki, Avropa siyasi coğrafiyasında baş verən hər hansı tədbirdə iştirak, yaxud idman oyununun, elmi konfransın keçirilməsi nəticə etibarıyla Azərbaycanın Avropa siyasi coğrafiyasında qalmasına şərait yaradır. Bu tipli məsələlərdə Azərbaycanın üzərinə gələn və sıxışdırmağa meyl edən ayrı-ayrı qrupların maraqlarıdır.


– Həmin qrupları konkretləşdirə bilərsinizmi?

– Məsələn, “Theguardion” qəzeti Azərbaycanın ən çox əleyhinə yazan mətbu orqanlardan biridir.


– “Azərbaycan” qəzeti də Amerikanın, Avropanın əleyhinə yazır. Qərb mətbuatı isə müstəqildir…

– Üzr istəyirəm, “Theguardion” qəzetinin səhmdarlarından ən böyüyü İllarianovdur, rusdur. “Euronews” kanalının səhmdarlarından ən böyüyü Bıstrısskidir və bu gün də Radio-Yayım Şurasının sədr müavinidir. Mən regionda baş verən hadisələri kifayət qədər dəqiq izləyirəm. Rusiya bütün sferalarda, altyapıda Azərbaycanın əleyhinə kifayət qədər ciddi mübarizə aparır ki, ölkənin üzünü şimala çevirsin. Təəssüf ki, Avropada bu məsələləri ciddiyə almırlar. Hesab edirlər ki, Azərbaycanda insan haqlarının pozulmasıni deməklə, ölkəyə Belarusla eyni müstəvidə yanaşmaqla bu addımlardan çəkindirməyə çalışırlar. Bu addımlar əslində Azərbaycanı daha çox Rusiyanın yanına itələyir. Mən isə bütün problemlərin həllini Avropanın yanında olaraq aradan qaldırılmasının tərəfdarıyam. Bu gün atılan addımlar isə Azərbaycanı sürətlə Qərbdən uzaqlaşdırır. Hakimiyyət daxilində kifayət qədər qüvvələr var ki, onlar Azərbaycanın Rusiyanın yanında olmasının tərəfdarıdır.


– Onların da adlarını çəkə bilərsinizmi?

– Əlimdə ciddi faktlar olmadan yox, səhmdarların adını çəkdim, çünki fakt var, bunlardan kənar deyə bilmərəm. Mən Riqa Sammitindən əvvəl Azərbaycanda baş verənləri də gördüm, Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin Bakıya gəlişi, prezidentin Riqa Sammitində iştirakı ilə bağlı bəyanatı, 19 may bina yanğını və ardınca sammitdə Azərbaycanın XİN səviyyəsində iştirakı. Bütün bunların hamısı göstərir ki, Azərbaycanı sürətlə Avropa coğrafiyasından ayırmaya meylli qüvvələr var.


– Ancaq bütün bunlar sizə əsas verirmi ki, siyasi məhbusları cinayətkar adlandıran bəyanata imza atasınız?

– Siyasi məhbuslar anlayışı bəyanatda bir epizodda keçir və mən ona görə də bir daha deyirəm: Azərbaycan dövlətinin gələcək taleyi və siyasi mövqeyi baxımından özümün və siyasi məhbusların hüquqları üzərindən çox rahatca keçməyə hazıram. Bununla bağlı mənim bir yazım da vardı, “Mən siyasi məhbus olsaydım…”.


– Meydan TV həmin yazını dərc edib…

– Hesab edirəm ki, bu gün hər kəs Azərbaycanın harda olacağını daha çox düşünməlidir, nəinki hüquqlarını. Əgər düşüncə etibarıyla deyirsinizsə ki, hər hansı maraqlar çərçivəsindən imzalana bilər, bu, yanlışdır. Əgər maraqlar çərçivəsindən imzalanıbsa, parlamentdə dəfələrlə siyasi məhbuslar məsələsini qaldıran, cəmiyyətə bu barədə mesaj verən İqbal Ağazadə bu mövqeyi ifadə edirsə, daha çox kimlərinsə yanında dayandığını yox, öz mənafeyinə ziyan vurmuş kimi görünür.


– “125-lər”in yetkililərindən biri Günel Səfərova deyib ki, Ağazadə bəyanatı imzalamağa məcbur olub. Necə yəni məcbur olub? Sizi parlamentin spikeri, yoxsa Prezident Administrasiyasından məcbur ediblər?

– Görünür, mətbuatı yaxşı izləməmisiz. O, Günel Səfərovanın yox, sizin 2012-ci ilin 22 sentyabrında Cəmil Həsənlidən aldığınız müsahibənin surətiydi.


– Onu Səfərova FB-də yazıb, sadəcə, fakt budur ki, “Yeni Müsavat”da onun müsahibəsi kimi dərc olunub…

– Bəli, biz səhərisi açıqlama verdik ki, bu, Səfərovanın müsahibəsi deyil. Bu, 2012-ci ilin 14 sentyabrında Avropa Birliyi Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edəndən sonra, AXCP və Müsavatın YAP-ın qərargahında imza atdığı bəyanatdan sonra sizin Cəmil Həsənlidən götürdüyünüz müsahibə idi. Biz yalnız Cəmil Həsənlinin yerinə Günel Səfərova, AXCP və Müsavatın yerinə İqbal Ağazadə və Ümid yazmışıq.


– Bütün hallarda müsahibə Səfərovanın adından yayılıb…

– Səbəbini də Facebook-da yazıb. Çünki insanlar dəyərlərə yox, fərdlərə münasibət bildirirlər.


– Fərdlər də dəyərləri müdafiə edir…

– Dəyərləri təkcə fərdlər yox, toplum formalaşdırır. Amma Cəmil Həsənli o müsahibəni verəndən sonra prezidentliyə namizəd olub. Müxalif mövqe qoyub deyə onun təbliği ilə məşğulsunuzsa, əcəba, sual olunur: Həsənli o mövqeyi qoyanda, sizin təbirinizcə desək, pəhriz nədir, turşu nədir?


– Kim deyir ki, mən təbliğ edirəm?

– Meydan TV təbliğ edir…


– Xeyr, Meydan TV təbliğ etmir və ümumiyyətlə, Meydan TV heç kimi təbliğ etmir. İqbal Ağazadənin yazısını vermişik, deməli, təbliğ edirik?

– Anladım, sizə yazı lazım olmasaydı, verməzdiniz.


– Bizə yazılar oxucularımızın maraqları baxımından lazım olur. Yenə qayıdaq sualıma; siz Azərbaycanı sevməyən qüvvələrlə mübarizə aparmaq üçün ölkəmizdəki siyasi məhbusları, heç bir günahı olmayaraq həbsə atılan insanları cinayətkar hesab etməlisiniz?




Biz heç kimi cinayətkar hesab etmirik. O insanların həbsdən azad olunması istiqamətində bundan sonra da mövqeyimi müdafiə edəcəm. Məni sevsələr də, sevməsələr də. Mənim üçün hər zaman dəyər vacib olub. Onların mənə münasibətindən asılı olmayaraq parlamentdə tək insan olmuşam ki, hər zaman mövqeyimi açıq ifadə etmişəm. Bir daha deyirəm, dövlətimin, Azərbaycanın maraqları olan yerdə, öz hüquqlarımdan çox rahatlıqla keçə bilirəm. Əgər hansısa fərd hesab edirsə ki, Ağazadə Azərbaycana görə mənim hüquqlarımı tapdaladığından yaxşı insan deyil, qoy, olsun, belə hesab etsin. Amma zaman gələcək hamısı dəyişəcək. 1920-ci ilin 27 aprelində, cümhuriyyətin süqutundan 12 saat əvvəl Əliheydər Qarayev Məhəmməd Əmin Rəsulzadəyə ultimatum verdi: Siz fəhlə-kəndli sinfinin qanını kapitalistcəsinə sümürürsünüz.


– Və Rəsulzadə ona “vaxt gələcək səni öz dostların güllələyəcək” – deyə cavab verdi…

– Bəli. Mən həmin yazımın sonunda qeyd etmişdim, Azərbaycanda Avropa Oyunları keçirilmir, Azərbaycan üzərində ciddi oyunlar gedir. Bəli, Azərbaycan iqtidarının kifayət qədər səhvləri və korrupsiya, rüşvətrxorluqla, demokratiya, insan haqları ilə bağlı problemləri var. Amma bu problemlər var deyə iqtidarın üzərindən dövlətin, millətin marağını keçə bilmərəm.


– İqbal bəy, 20 ildən çoxdur Azərbaycan iqtidarının Rusiyanın yanında olduğunu bilmirsinizmi?

– Azərbaycan iqtidarının Rusiyanın yanında olduğunun bircə faktını da kimsə mənə göstərə bilməz. Çünki bütün iqtisadi müqavilələrin hamısı Qərblədir. Hakimiyyət siyasi və hərbi müqavilədə Rusiyanın yanında deyil, bir fakt belə yoxdur. Hakimiyyət bütün məsələlərdə özünü Rusiyayla neytral göstərməyə çalışır.


– Amma Putin Bakıya hərbi gəmi ilə gəlmişdi…

– Putin gəlmişdi…


– O Putin ki, Gürcüstanın və Ukraynanın yarısını işğal edib…

– Çox gözəl, biz bunları görürük. Onu da görürük ki, Azərbaycanın təhlükəsizliyini qorumaq mexanizmləri olduqca zəifdir. Yenə deyirəm, 22 illik Azərbaycan iqtidarının çox böyük günahları var.


– “Siyasi məhbus olsaydım…” yazınızda “bizlərin hüquqlarının tapdalandığına məhz dövlət olmaq üçün bəzən də dözməyə məcburuq” cümləsi var. Bu sözləri Qarabağda erməni-rus hərbi birləşmələrinə qarşı döyüşən İqbal Ağazadə deyib. 22 ildir Azərbaycan xalqı eyni sifətləri görə-görə dözür, 22 ildir Azərbaycanda monarxiya yaranıb, siz də, xalq da dözür. Xalq onu da yaxşı bilir ki, ölkənin sərvətlərinin yarıdan çoxu bir ailənin əlindədir, bu barədə sənədlər açılır, mətbuat yazır. Bəs bütün bunları görə-görə xalq niyə dözməlidir?

– Azərbaycanın dövlət müstəqilliyini bu xalqın övladlarının yenidən qazana biləcəyi çox böyük şübhə doğurur. Çünki ötən əsrin 20-ci ilində babalarımız cümhuriyyəti təhvil verəndən sonra neçə nəsil yenidən cümhuriyyəti qura bilmədi. Biz cümhuriyyəti yenidən qurarkən nələr itirdik, onları gördük. Əminəm ki, dözməyimizin bir səbəbi olacaq, bizim balalar demokratiyanı gətirməklə avtoritarizmi bu ölkədən siləcək. Lakin cümhuriyyəti yenidən qura biləcəkmi? Yaxud quracağı təqdirdə, haraları yenidən itirəcəyik?


– İqbal bəy, Azərbaycanda monarxiya yaranıb, bundan xəbəriniz varmı?

– Baxın, monarxiya müstəqil Azərbaycanda yaranıb. Bu müstəqil Azərbaycanda monarxiyanın da, avrtoritarizmin kökünü də kəsə biləcək nəsil formalaşır. Ola bilsin, bizim gücümüz çatmır, zaman lazımdır. Yenə deyirəm, monarxiya yaranan müstəqil Azərbaycan bir gün müstəqil olmayıb, başqa dövlətin əsarətində olarsa, biz nə edəcəyik? Azərbaycanın ictimai-siyasi dəyərlərini daşıyan və bu yöndə mübarizə aparan insanlar heç bu barədə düşündümü? O qədərmi sadə baxırsınız? İstənilən halda Avrasiya İttifaqına getmək Azərbaycanda psixoloji durumu da dəyişdirəcək, təkcə siyasi statusu yox.


– Onu da bilirsinizmi ki, imza atdığınız bəyanatın müəllifləri Avrasiya İttifaqına getmək istəyənlərdir?

– Mən sizdən fərqli düşünürəm.


– Məgər onlar Avrasiya İttifaqına getmək istəmirlər?

– Getmək istəsəydilər, onlar üçün maneə ola biləcək nə sən, nə mən var idim ortada.


– Amma belə bir atmosfer yaradıblar ki, cəhənnəmə, rus da gəlsin, təki rahat həyat sürək…

– Çox doğru yanaşırsınız, ölkədə belə bir atmosfer var; kim gəlir gəlsin, təki bunlar getsin. Çox yanlışdır. Bunları da biz düzəltməliyik.


– Yenı deyirəm, imza atdığınız bəyanatın müəlliflərinin belə bir atmosfer yatadığını etiraf edirsinizmi?

– Etiraf edirəm. Niyə etiraf etmirəm ki?


– Bəs niyə imza atdınız?

– Ona görə imza atdım ki, mən sizdən, onlardan fərqli olaraq başa düşürəm ki, Azərbaycanın müstəqilliyini indiki iqtidar qurban vermək istəsə, hətta ona doğru addım atmış olsa belə, sabah bizim üçün daha çətin olacaq.


– Dediyinizdən belə çıxır ki, bəyanatın əleyhinə olanlar Azərbaycanın müstəqilliyini istəmir?

– Qətiyyən. Sadəcə, hər kəs bir pəncərədən baxır. O pəncərələrdən Azərbaycan görünsə də, mərtəbələr ayrıdır. Azərbaycanın gələcəkdə nələrisə itirə biləcəklərini yaxşı görməyim heç kimi təəccübləndirməməlidir. Çünki daha çox birbaşa informasiya alıram. Heç kim düşünməsin ki, siyasi məhbus məsələsi ölkəyə demokratiya gətirəcək. Beynəlxalq təşkilatlarla da görüşümdə bu barədə danışıram. Avropa Şurasına daxil olarkən 1064 siyasi məhbusumuz vardı, hamısı azad olundu, amma demokratiya gəlmədi. 2003-cü ildə 600-dən çox siyasi məhbus vardı, içi mən qarışıq hamısı azad olundu, amma yenə demokratiya gəlmədi. Bu gün də 100 nəfərdir. Bəli, fərdlər əziyyət çəkir, azadlıq onların haqqıdır.


– Ancaq onlar 2003-cü ildə sizin indi imza atdığınız bəyanata imza qoymazdılar, düzdürmü?

– Yox, yanlışdır.


– İntiqam Əliyev, Tofiq Yaqublu o cür bəyanata imza atardımı?

– Baxın, mən fərdləşdirmək istəmirəm. Əgər istəsəm, danışa biləcəyim şeylər çox olar.


– Ancaq özünüz “mən” kəlməsini tez-tez deyə-deyə fərdləşdirirsiniz…

– Məndən söhbət getmir, baxışım başqa cürdür. Bu, kimisə niyə qıcıqlandırmalıdır? Mən sizdən daha uzağı, Azərbaycanın hara getdiyini görürəm. 1991-ci ilin 21 mayında AXC Çaykənd əməliyyatı zamanı bəyanat qəbul edib. Bəyanatda yazılıb ki, Dağlıq Qarabağdan ziddiyyətli xəbərlər gəlməkdədir, dinc sakinlər arasında ölənlər və yaralananlar var. AXC bunu qətiyyətlə rədd edir və buna qarşıdır. Bax, həmin bəyanat mayın 30-da Sosialist İnternasionalın Vilnüs qurultayında yayıldı və qərar qəbul olundu. Bundan sonra Qorbaçov iyunun 10-da əməliyyatın dayandırılması barədə mövqe qoydu. Dünən o mövqe doğruydusa, bugündən baxanda doğrudurmu? Yox!


– İqbal bəy, tarixə getsək, bu cür hadisələri çox sadalamaq olar…

– Bəli. Ona görə də lütfən bu gün baxdığınız pəncərədən baxmayın. Bir az sonradan görəcəksiniz ki, o zaman hamımız bu tipli bəyanat versəydik, daha doğru olardı, yaxud bu situasiyayla üzləşməyəydik.


– Yekuna gələk, sizin “Siyasi məhbus olsaydım…” yazınızı oxuyub düşündüm, görəsən, 1988-ci ildir, yoxsa 2015-ci il?! Real siyasətlə məşğul olan İqbal Ağazadə doğrudanmı siyasi roimantikaya bu qədər qapılıb ki, pafoslu cümlələr işlədir?

– İqbal Ağazadə heç vaxt romantikayla, xalq, aşıq yaradıcılığı ilə məşğul olmayıb. Bu gün də ən real mövqeni ifadə edən mənəm. Cəmi 2 il əvvəl, 2012-ci ilin 15 sentyabrında Avropa Birliyinin qəbul etdiyi qətnaməyə görə mənim əleyhimə danışanların hamısı o bəyanata imza atmışdı. Yalnız mən imzalamadım, çünki demişdim ki, söhbət Ramil Səfərovun hüquqlarından gedir, fərdləşdirməyin, mən isə fərdlərin hüquqlarını dəyərlərlə eyniləşdirə bilmərəm. Əgər orda Ramil Səfərov varsa, bu tərəfdə də siyasi məhbusların sayı çoxdur. Bu gün isə 9 milyon xalqı müstəqillik və proseslərdən ayırma cəhdləri var. Putin elə-beləmi Bakıya gəlir? O, adi məsələlərdə belə Azərbaycanın bütün qapılarını Avropada bağlatdırır, mən ad çəkmək istəmirəm.


– Qapıları Putin, yoxsa indiki rejim bağlayır?

– İndiki rejimin kifayət qədər səhvləri var. Lakin səhvlər ucbatından qonşu edir deyə ona əsas verməməliyik. Biz onun qarşısını kəsib mübarizəmizi davam etdirməliyik.


– Konkret cavab verin, imza atdığınız bəyanat Azərbaycanın Avropaya getməsinin qarşısını kəsmirmi?

– Qətiyyən!

Ana səhifəVideo“Putin Azərbaycanın bütün qapılarını Avropada bağlatdırır” (VİDEO)