“Hansı səbəbdən mənə əks-göstəriş sertifikatı vermirlər?”
II qrup əlil olan psoriaz (pullu dəmrov) xəstəsi Elman Qafarov COVİD-19 əleyhinə əks-göstəriş sertifikatı ala bilmədiyini deyir.
Şikayətçi Meydan TV-yə bildirib ki, qeydiyyatda olduğu Sumqayıt şəhər 2 saylı poliklinikada sənədləri toplanaraq xüsusi komissiyaya göndərilib.
Dediyinə görə, iki ay gözlədikdən sonra rədd cavabı alıb: “İyirmi bir ildir ki, bu xəstəliyə tutulmuşam. Altı ildir ki, təqaüd alıram. Həmin sənədlər əsasında imtina cavabı gəlib. Hansı səbəbdən mənə əks-göstəriş sertifikatı vermirlər? Bax bunu izah etsinlər. Bəzən vəziyyətim o qədər pisləşir ki, həkimlər bədənimdə sistem qoymağa iynənin ucu boyda yer tapmırlar”.
Sumqayıt şəhər 2 saylı poliklinikadan Elman Qafarova rədd cavabı gəlməsi Meydan TV-yə təsdiqlənib.
“Psoriaz diaqnozuna əks göstəriş sertifikatı düşmür. Bu, ən çox onkoloji xəstələrə, epilepsiyalı xəstələrə verilir”, – poliklinikadan bildirilib.
Azərbaycanda əks-göstəriş sertifikatlarının verilməsinə 2021-ci il avqustun 9-dan başlanılıb.
Səhiyyə Nazirliyi COVİD-19-la mübarizə işçi qrupunun nümayəndəsi Günay Quluzadə Meydan TV əməkdaşına bildirib ki, əks-göstəriş sertifikatı müəyyən müddət ərzində hamilə qadınlar, südverən analara verilə bilər.
Sertifikat onkoloji və epilepsiya xəstələrinə də şamil edilir: “Ümumiyyətlə, ölkəmizdə hamilə qadınlar və südverən anaları çıxsaq, hər dörd vaksinə əks göstərişi olan insanlar çox azdır. Hər bir xəstəliyin ağırlaşma dönəmində, vaksinasiya edilmir. Həmin müddət keçəndən sonra vaksin vurula bilər”.
Dermatoloq-həkim Sirac Həsənov psoriazdan əziyyət çəkənlərə tövsiyə edir ki, xəstəliyin kəskin dövründə peyvənd vurdurmasınlar. Çünki ağırlaşma, kəskin allergiya halları ola bilər:
“Xüsusi təlimatlarda “psoriaz xəstələrinə vaksin vurdurmaq olmaz” – kimi göstəriş yoxdur. Yalnız xəstəliyin kəskin aktiv dövründə peyvənd olunmaq məsləhət görülmür. Xəstəlik “sönəndən” sonra peyvənd vurdurmaq olar. Amma bu, individualdır. Hər bir xəstə, orqanizm vaksinə fərqli, kəskin, allergik reaksiya verə bilər”.
Azərbaycanda 2021-ci il yanvarın 9-dan peyvəndlənmə başlanıb.
Ölkədə 4 istehsalçının vaksini tətbiq olunur: SINOVAC (Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V (Rusiya).
Azərbaycan Səhiyyə Nazirliyi də əhaliyə COVID 19-a qarşı immuniteti artırmaq üçün 3-cü doza peyvəndin vurulmasını məsləhət görür.
Səhiyyə Nazirliyi 2021-ci ilin oktyabrında hamilələrə peyvənd vurdurmağı tövsiyə edib.