Bir çox ölkə Rusiya diplomatlarını qovur
Son bir neçə həftədə Çexiya ölkədən 18 rus, Rusiya 20 çex diplomatı çıxarıb. Ardınca Slovakiya da Çexiya ilə həmrəylik addımı kimi Rusiyanın üç diplomatını ölkədən çıxaracağını bəyan edib.
Aprelin 22-də Polşa 3 rus diplomatını ölkədən çıxarmaq haqda qərar qəbul edib. Rusiya da Polşa səfirliyinin 5 əməkdaşını “arzuolunmaz şəxs” elan edib. Bir gün əvvəl isə Baltik respublikaları Rusiya diplomatlarını ölkədən çıxarır.
Səbəb olaraq Praqa Moskvanı 2014-cü ildə Çexiyadakı silah anbarının partlatması ittihamını göstərir.
Siyasi şərhçi Fuad Şahbazov mövcud vəziyyətin nə vəd edəcəyi barədə Meydan TV-nin sualını cavablandırarkən bildirib ki, bütün bunlar Çexiya hökumətinin Rusiyaya verdiyi siyasi notadan başladı:
“Rusiyanın Baş Kəşfiyyat İdarəsinin diplomatik pasport adı altında gizlənən bəzi əməkdaşları başqa ölkə ərazisində diversiya əməliyyatı ilə məşğul idilər. Çexiya parlamentinin iddiasına görə, 2014-cü ildəki partlayış həmin diversiya əməliyyatının nəticəsiydi. Tendensiya artıq Çexiyadan da kənara çıxdı, Slovakiya, Bolqarıstan, Baltik respublilkaları da çexlərlə həmrəylik göstərib rus diplomatlarlnı persona non-qrata elan edib”.
Fuad Şahbazovun sözlərinə görə, Şərqi Avropa ölkələri ilə Rusiya münasibətləri gərginləşəndən bu dövlətlərin önündə Polşa gedir:
“Çünki bölgədə anti-Rusiya mövqeyi olan aparıcı dövlətdir. Məncə, digər Şərqi Avropa ölkələrinin etiraz dalğasına qoşulması Polşanın təzyiqi ilə baş verib. Amma son aylarda təkcə şərqi yox, Qərbi Avropada da Rusiyanın xarici kəşfiyyat qurumlarına tənqidlər və sanksiyalar güclənir. İttihamlar səslənir ki, Rusiya bölgədə böyük casus şəbəkəsi saxlayır və onların vasitəsilə həmin ölkələrin daxili siyasi prosesinə müdaxilə edir, ictimai rəyə təsir göstərməyə çalışır. Bir ay əvvəl Bolqarıstanda siyasi qalmaqal baş verdi, Müdafiə Nazirliyinin əməkdaşı bir neçə il ərzində Rusiya xarici kəşfiyyatı ilə əməkdaşlıq edib gizli məlumatlar ötürməsi nəticəsində həbs olundu. Bundan sonra Bolqarıstan Rusiyaya etiraz notası verdi. Ona görə düşünürəm ki, bu proses Şərqi Avropa ilə Rusiya arasında növbəti diplomatik uçurum yaradacaq, növbəti ilə kimi bu ölkələrin Moskvayla diplomatik əlaqələri minimuma endiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sonuncu açıqlaması onu deməyə əsas verir ki, münasibətlər ən aşağı səviyyəyə endiriləcək”.