Prokurorluq məhkəmə sədrinin kürəkəni və digərlərinin azadlığa buraxılmasından protest verdi

Bakı Baş Gömrük İdarəsi. Foto: Meydan TV

Hesab edilir ki, hökm çıxarılanda iş üçün əhəmiyyətli olan hallar nəzərə alınmayıb

Prokurorluq Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkəni Orxan Zöhrabov da daxil olmaqla, Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından ibarət 8 nəfər haqqında hökmdən narazı qalıb. Aprelin 5-də bu hökmün ləğvi üçün apelyasiya protesti verilib.

Rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə ittiham olunan 8 nəfərdən 7-si məhkəmə zalından azadlığa buraxılıb, birinə isə 5 il azadlıqdan məhrumetmə cəzası verilib. Prokurorluq hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu hökmü çıxaranda iş üçün əhəmiyyətli olan hallar nəzərə alınmayıb, cinayət qanunvericiliyinin norması düzgün tətbiq edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə təqsirləndirilən şəxslərdən Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru Elmar Mirzəyev 5 il azadlıqdan məhrum edilib. Onunla eyni şöbədə çalışmış digər böyük inspektorlar Emin Xəlilov, Azər Baxşıyev, inspektorlar Sadiq İsgəndərov və Rəfael Əzizov, “Global Broker” MMC-nin direktoru, eyni zamanda, “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanova isə 9 ay həbs cəzası kəsilib. Adları çəkilən 5 nəfərin 9 aylıq cəzası başa çatdığına görə onlar məhkəmə zalından azadlığa buraxılıb.

Böyük inspektor vəzifəsində çalışmış Orxan Zöhrabova 4 il azadlıqdan məhrumetmə cəzası verilsə də, ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub. O da şərti cəzayla həbsdən buraxılıb.
“İpək Yolu” gömrük postunda inspektor işləyən Mirağa Ağayevə isə tam bəraət verilib.

Digər 7 nəfərə də Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsilə bəraət verilib. Onlar Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsilə təqsirli bilinib.

Sabiq gömrükçülər isə özlərini ümumiyyətlə, təqsirli bilmirlər. Onlar hökmdən əvvəl son sözlərində də məhkəmədən bəraət istəyiblər.

Prokuror təqsirləndirilən şəxslərə 8 il ildən 8 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası verilməsini istəmişdi.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2021-ci ilin mayında Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib. Saxlanılanlardan Emin Xəlilov da gömrük sistemində çalışan generallardan birinin yaxın qohumudur.

Ana səhifəSiyasətProkurorluq məhkəmə sədrinin kürəkəni və digərlərinin azadlığa buraxılmasından protest verdi