Prokurorluq: Əri 16 yaşlı gəlini öldürdüyünü etiraf edib

“Fatimə uşaq olanda anası və atası ayrılıb”.

Source: Qafqazinfo


Masallıda yeni ailə quran azyaşlının öldürüldüyü bildirilir

Masallı rayonunda azyaşlı qız gəlin köçdüyü evdə ölüb.

Məlumatı “Qafqazinfo” yayıb.

Bildirilir ki, hadisə yanvarın 29-da olub. Rayonun Həsənli kəndinin sakini 16 yaşlı Fatimə Mayıs qızı Qəmbərova ölüb.

Fatimə Qəmbərova 2 həftə öncə rayonun Xoşçobanlı kəndinə gəlin köçüb. Məlumatda bildirilir ki, onlar üçün təmtəraqlı toy məclisi də qurulub.

Masallı Rayon İcra Hakimiyyəti də Fatimə Qəmbərovanın 16 yaşı olduğunu təsdiqləyib:

“Qız toyu olan vaxt bizə məlumat daxil oldu. Biz də bu barədə polisə məlumat verdik”.

Masallı Rayon İcra Hakimiyyətinin Həsənli kəndi üzrə icra nümayəndəsi Vəzir Hüseynov Meydan TV-yə bildirib ki, Fatiməgilin ailəsi əslində Həsənli kəndində daimi yaşamırlar:

“Fatimə uşaq olanda anası və atası ayrılıb. Uşaq anasında qalıb. Bir müddət sonra anası ikinci dəfə ailə qurub gedib. Fatiməni ana nənəsi və babası böyüdüb. Onlar da Rusiyada yaşayandır. Bəli, 2 həftə əvvəl ona toy etdilər. Qız Xoşçobanlı kəndinə gəlin köçdü. Toydan bir neçə gün sonra nənəsi Rusiyada olan yoldaşının yanına getdi. Bu gün də xəbər gəlib ki, qız gəlin köçdüyü evdə vəfat edib. Məndə olan məlumata görə, nənə və baba hazırda yoldadır, Azərbaycana qayıdırlar”.

Vəzir Hüseynov deyir ki, qızın nə səbəbə ölməsi barədə məlumatı yoxdur. Təkcə bildiyi 2 həftənin gəlini olmasıdır:

“Açığı, anası ilə atası boşanandan sonra atanın hara getdiyini də bilmirəm. Sadəcə uşağı böyüdən nənə və babası bizim kənddəndirlər”.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Fatimə Qəmbərovanın ölümü ilə bağlı yaydığı məlumatda isə bildirilir ki, qızın meyitinin üzərində zorakılıq əlamətləri olub:

“Məhkəmə-tibbi ekspertin iştirakı ilə Fatimə Qəmbərovanın meyitinə baxış zamanı onun boyun nahiyəsində, sağ əlin arxa hissəsində, həmçinin bel nahiyəsində xəsarətlər aşkar edilib. Məlum olub ki, onun ölümünə səbəb boyun üzvlərində sıxılma nəticəsində yaranmış tənəffüs çatışmazlığıdır”.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertiza təyin edilib.

Məlumatda deyilir ki, Fatimə Qəmbərovanı 2 həftə əvvəl evləndirildiyi 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İman Məmmədov öldürüb. Cinayət onların birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində baş verib:

“Fatimə Qəmbərovanın boğularaq öldürülməsində əsaslı şübhələr müəyyən edilib. İman Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. Müdafiəçinin iştirakı ilə dindirilən zaman törətdiyi cinayət əməlini etiraf edib”.

Meydan TV təqsirləndirilən şəxsin yaxınlarının və ya vəkilinin mövqeyini öyrənə bilməyib.

Ana səhifəSosialProkurorluq: Əri 16 yaşlı gəlini öldürdüyünü etiraf edib