Son illər Azərbaycan həbsxanalarında, qadın və uşaq sığınacaqlarında və digər dövlət qurumlarında baş verən intahar halları artıq istisna yox, ardıcıl xəbərlərə çevrilib. Hər dəfə verilən açıqlama eynidir: “prokurorluq araşdırma aparır”. Amma bu araşdırmaların hər hansı bir nəticəsi olurmu?
Bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elbəy Kərimlinin 2 saylı Cəzaçəkmə Müəssisəsində intihar xəbəri yayıldı. Partiyadan verilən məlumatda bildirilirdi ki, Kərimli özünü müəssisənin tibb məntəqəsində asıb. Bundan sonra Xəzər Rayon Prokurorluğu hadisə ilə bağlı araşdırma aparıldığını desə də Cəzaçəkmə müəssisəsinin hər hansı bir əməkdaşı bu iş üzrə məsuliyyətə cəlb olunmadı.

Son illər ərzində həbsxana müəssisələrində bir neçə intihar və ölüm hadisəsi qeydə alınıb. Oxşar hallar qadın və uşaq sığınacaqlarında da baş verib. Rəsmi qurumlar araşdırma başladıldığını desə də, bu işlərin hansı mərhələdə olduğu, ya da ümumiyyətlə nəticəsi barədə ictimaiyətə açıqlama verilmir.
2023-cü ilin iyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunda 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanovanın prokurorluğun binasının 2-ci mərtəbəsindən özünü ataraq intihar etməsi barədə məlumatlar yayıldı. Turalə Aslanovanın ailəsi qızlarının ölümünə görə Mingəçevir şəhər prokurorunu, onun köməkçisini və müstəntiqi ittiham edirdi. Aslanova dələduzluq maddəsi ilə ittiham olunurdu. Turalə Aslanovanın atası mediaya açıqlamasında bildirirdi ki, qızı ölümündən 2 saat əvvəl prezidentə məktub yazıb, həmin məktub telefonunda qalıb. Hadisənin üstündən aylar keçsə də ailə prokurorluğun “araşdırma aparılır” cavabından başqa heç bir nəticə ala bilmədiklərini qeyd edirdi.
Bu il noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 16 yaşlı Nurcan Cəfərovanın öldüyü barədə məlumat yayılıb. Cəfərova sığınacağın 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb. Sığınacağın rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə açıqlamasında bildirib ki, “sığınacaqda qalan azyaşlı bir qız həyatı ilə vidalaşıb. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmək istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı”. Həmçinin o qeyd edib ki, təhlükənin fərqində olduqları üçün müvafiq qurumları məlumatlandırıblar. Bu hadisə də Binəqədi Rayon Prokurorluğunda “araşdırırılır”. Hələlik araşdırmanın nəticəsi ilə bağlı rəsmi məlumat paylaşılmayıb.
Hüquqşünas Fariz Namazlı Meydan TV-yə açıqlamasında deyir ki, əgər hadisə barəsində mediada xəbər gedibsə, hüquq-mühafizə orqanları mətbuata ilkin məlumat verməlidir. Lakin prosesin nəticəsi müəyyən vaxt tələb etdiyindən media prokurorluğa sorğu göndərərsə onlar cavab verməlidir.

“İntihar hadisəsi və ya şəxsin ölümü ilə bağlı hər hansı fakt baş verdikdə, prokurorluq cinayət işi açır. Əgər hadisə intihar yönümlüdürsə, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə — şəxsin intihara cəhd etməsi və ya onu intihara məcbur etmə ilə bağlı — cinayət işi başlanır. Lakin istintaqın sonunda belə nəticəyə gəlinir ki, şəxsin intiharında kənar şəxslərin rolu olmayıb və hərəkətdə cinayət tərkibi yoxdur. Bu halda cinayət işinə xitam verilir. Adətən belə qərarlar barədə mətbuata məlumat verilmir, amma media sorğu göndərərsə, prokurorluq məlumat verməlidir”, – deyə Fariz Namazlı bildirib.
Hüquqşünas onu da qeyd edib ki, bir çox hallarda cinayət işinə xitam verildikdən sonra qərarı mübahisələndirməmək üçün ailələr qorxudulur.
“İntihar halları üzrə başqa bir problem isə ondan ibarətdir ki, ölüm faktı ilə bağlı cinayət işinə xitam verildikdən sonra həmin qərarı məhkəmədə mübahisələndirən şəxslər olmur. Ya mərhumun ailə üzvləri olmur — məsələn, Elbəyi timsalında yalnız yaşlı nənəsi var — ya da ailələr qorxudulur və ya təhdid edilir. Buna görə də bu tip işlər üzrə qəbul olunmuş qərarlardan şikayət verilmir.
Xüsusilə siyasi xarakterli məsələlərdə prokurorluq adətən “araşdırma aparılır” mövqeyini sərgiləyir. Bu yanaşma təkcə intihar hadisələrinə deyil, işgəncə iddialarına da aiddir.
Araşdırmalar aparılsa da, yekunda işgəncə faktları üzrə cinayət işləri başlanılmır”, – deyə Namazlı qeyd edib.